Modern.az

Gülər Əhmədovanın məhkəməsi başlayır - RƏSMİ AÇIQLAMA

Gülər Əhmədovanın məhkəməsi başlayır - RƏSMİ AÇIQLAMA

25 Sentyabr 2013, 11:49

Milli Məclisin sabiq depuatatı Gülər Əhmədovanın işi məhkəməyə göndərilib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Modern.az-ın sorğusuna cavabında bildirib ki, Əhmədova Gülər Mikayıl qızının Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamamlanaraq sentyabrın 23-də aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Psixologiya elmləri namizədi Gülər Əhmədova 1965-ci il avqust ayının 20-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1986-cı ildən Bakıda texniki peşə məktəbində müəllim, orta məktəbdə müəllim, direktor müavini vəzifələrində çalışıb. 1994-cü ildən Gənclər və İdman Nazirliyinin baş təlimatçısı, şöbə müdiri, idarə rəisi, 1996-cı ildən 2013-cü ilədək Respublika Uşaq Təşkilatının sədri, Bakı Dövlət Universitetinin müəllimi olub.

Hakim Yeni Azərbaycan Partiyasının üzvü olan G.Əhmədova həm də Milli Məclisin deputatı idi.

2010-cu ildə üçüncü dəfə deputat seçilmişdi.

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova deputat mandatından imtina etdi. Bu il fevralın 13-də isə G.Əhmədova barəsində həbs-qətimkan tədbiri seçildi.

G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə) maddələri ilə təqsirləndirilir.

3 oğlan anası olan G.Əhmədova hazırda Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasında saxlanılır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?