Modern.az

Məktəbəqədər təhsildəki yenilik böyük problemin aradan qaldırılmasına dəstək olacaq

Məktəbəqədər təhsildəki yenilik böyük problemin aradan qaldırılmasına dəstək olacaq

18 Yanvar 2024, 15:12

Hazırda Elm və Təhsil Nazirliyinin əsas strateji hədəflərindən biri də  məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, həmçinin müxtəlif səbəblərdən məktəbəqədər təhsillə əhatə oluna bilməyən uşaqların bu təhsilə cəlb edilməsidir. Məhz bununla bağlı artıq nazirlik tərəfindən alternativ modellərin tətbiqi nəzərdə tutulur. İlk dəfə həyata keçirilən “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramı da həmin istiqamətdə görülən işlərdən biridir. Qeyd edilən proqrama 19 layihə təqdim edilib və onlardan 16-sı qrant qazanıb.  Qrant qazanmış layihələr Bakı, Naxçıvan, Astara, Füzuli, Göygöl, Lənkəran, Masallı, Şəki, Şirvan, Zaqatala üzrə olmaqla ümumilikdə 16 rayon və şəhəri əhatə edir.

 

Layihələrin əsas benefisiarları müxtəlif səbəblərdən məktəbəqədər təhsillə əhatə oluna bilməyən uşaqlardır. Bu layihələr çərçivəsində uşaqların alternativ təhsil modellərinin köməyi ilə məktəbəqədər təhsilə cəlb edilməsi təmin olunacaq.

 

Modern.az xəbər verir ki, bəs görəsən tətbiq olunacaq  yeniliklərlə  bağlı  məktəbəqədər təhsil üzrə mütəxəssislər nə fikirdədirlər?

Müsahiblərimiz bunun məktəbəqədər təhsilin inkişafına müsbət təsir göstərəcəyini, daha çox uşağın təhsilin bu pilləsinə cəlb olunacağını bildirirlər.

 

"Bağçam" Uşaq Bağçaları Şəbəkəsinin qurucusu, təhsil menecmenti üzrə mütəxəssis Rasif Dünyamalıyev bildirib ki, məktəbəqədər təhsil başlanğıc mərhələ olmaqla, xüsusi önəmə malikdir. Təcrübə onu göstərir ki, məktəbəqədər təhsil uşaqların həm qayğısını, rifahını, inkişafını, həm də təlim və tədrisini təmin etdiyi üçün onların böyüməsində kompleks şəkildə iştirak edir.  Həmçinin onu da qeyd etmək lazımdır ki, məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla, uşaqların inkişafının başlanğıcında qeyri – bərabərliyi aradan qaldırır. Bu qeyri – bərabərlik sonrakı təhsil pillələrində də çox az formada özünü göstərir və cəmiyyətin sosial – iqtisadi təbəqələşməsində kəskin fərqlərin yaranmasına mane olur.

 

Məktəbəqədər təhsil uşaqların sağlamlıq imkanlarının da yüksəlməsinə müsbət təsir edir. 1 – 6 yaş aralığında uşaqların müasir dünyada davamlı valideyn müşahidəsində olması imkanları zəifdir və ona görə də uşaqların sağlamlıq imkanlarında sonrakı yaş dönəmlərində problemlər ortaya çıxır. Məhz uşaqların məktəbəqədər təhsil müəssisələrində olması peşəkar inkişaf mütəxəssislərinin (pedaqoq, psixoloq, metodist və s.) davamlı olaraq onları müşahidə etməsinə imkan yaradır. Bu da uşaqların fiziki göstəricilərinin izlənilməsinə və uşaqların göstəricilərində hər hansı yayınmalar olduğu zaman valideynlərin məlumatlandırılmasına yardımçı olur.

 

Məktəbəqədər təhsilin uşaqların birbaşa gələcəyinə təsirinin iqtisadi əsaslandırılması ilə bağlı amerikalı alimlər J.Hackmen və J.L.Garcia tədqiqat aparmışdır.  Tədqiqatın sonunda  onların gəldikləri nəticələrə görə məktəbəqədər təhsilə cəlb olunan uşaqların gələcəkdə gəlirləri digər uşaqlarla müqayisədə 24 % artıq olur. Həmçinin məktəbəqədər təhsilə cəlb olunan uşaqların sağlamlıqları, təhsilləri və digər xərcləri 14 % - dək azalır.

 

Məktəbəqədər təhsilin uşaqlara təsiri onların gündəlik həyatına baxdığımız zaman daha real görünür. Çünki məktəbəqədər təhsil uşaqların həyatında ilkin vərdişlərin formalaşması üçün vacibdir. Bu vərdişlər sonrakı həyatlarında onların seçimlərində təməl rolunu oynayır və davranışlar, ən son hədəfdə isə dəyərlər formalaşdırır.

 

Uşaqlara diqqət və qayğı, onların təhsilə cəlbi  dövlətimizin  hər zaman diqqətindədir və bu istiqamətdə uğurlu işlər həyata keçirilir. Məktəbəqədər təhsil müəssisələrinin Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi, adıçəkilən müəssisələrdə monitorinqlərin keçirilməsi, Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin yaradılması bu istiqamətdə islahatların başlandığının göstəricisidir. Təbii ki,  hələ görüləsi çox işlər var. Qarşıya qoyulan hədəflərə çatmaq üçün isə əldə olan model iqtisadi səmərəli deyil və yeni modellərin tətbiq olunması vacibdir. Son illər uğurla tətbiq olunan məktəbəhazırlıq qrupları, “İcma əsaslı məktəbəqədər təhsil modeli” özünü doğrultmuş və yeni modellər üçün bir stimul olmuşdur. Bu baxımdan Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramı təqdirəlayiqdir.

 

Proqram çərçivəsində 16 layihə maliyyələşdirilir və bu layihələr əsasən məktəbəqədər təhsilə cəlb olunmanın az olduğu regionlardadır. Layihələr məktəbəqədər təhsildə beynəlxalq təcrübədə tətbiq olunan Waldorf Steiner, Reggio Emilia, Maria Montessori, Bank Street, High/Scope Preschools, Forest preschools modelləri əhatə edəcəkdir. Həmçinin elm və təhsil naziri Emin Əmrullayevin də çıxışlarında qeyd etdiyi “Ailə tipli məktəbəqədər təhsil modeli”nin də tətbiq olunması artıq  günümüzün tələbidir.

 

ADPU-nun "Məktəbəqədər təhsilin pedaqogikası"  kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, Təlim tədris mərkəzinin müdiri Xalidə Həmidova isə bildirir ki, ölkəmizdə məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, həmçinin müxtəlif səbəblərdən məktəbəqədər təhsillə əhatə oluna bilməyən uşaqların cəlbində müəyyən çətinliklər mövcuddur.

 

Baxmayaraq ki, ölkəmizdə  bu məsələnin həlli ilə bağlı bir sıra layihələr həyata keçirilməkdədir. Nümunə olaraq  məktəbəhazırlıq qruplarını , “İcma əsaslı məktəbəqədər təhsil modeli” ni nümunə göstərə bilərəm. 2023-2024-cü tədris ili üzrə ökəmizin 55 şəhər və rayonunda fəaliyyət göstərən   939  icma əsaslı məktəbəqədər təhsil qruplarına 16500 uşaq cəlb olunub.  Bu qrupların təşkili ucqar yerlərdə  uşaqların məktəbəqədər təhsillə əhatə olunmasında  alternativ ən mükəmməl versiyalardan biri hesab olunur.  Azərbaycanda bu iki layihənin-  ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarının açılması və icmaəsaslı məktəbəqədər təhsil  qruplarının davamlı şəkildə fəaliyyəti çox yaxşı nəticələr verir.

 

Biz məktəbəqədər təhsillə bağlı beynəlxalq təcrübəyə baxsaq görərik ki,  bu sahə ilə bağlı bir çox fərqli alternativ layihələr var ki, onlar  az maliyyə ilə yüksək nəticələr verir. Məsələn, ailə tipli məktəbəqədər təhsil müəssisələri. Ailə tipli məktəbəqədər təhsil müəssisələri az əlçatanlıq olan bölgələrdə daha fərqli və daha keyfiyyətli təhsil vermək, eyni zamanda az maliyyə ilə  nəticə əldə oluna bilən alternativ versiyalardan biridir.

 

Düşünürəm ki, məktəbəqədər təhsildə alternativ modellərin  tətbiqi bu gün üçün var olan ən böyük problemin aradan qaldırılmasına dəstək olacaq.Daha çox uşağın məktəbəqədər  təhsilə  cəlb olunmasına,  təhsilin bu pilləsinin əhatə dairəsinin  daha da genişlənməsinə imkan yaradacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi