Modern.az

Qəbulu gecikdirilən layihə: Ali təhsil haqqında qanun niyə qəbul edilmir?

Qəbulu gecikdirilən layihə: Ali təhsil haqqında qanun niyə qəbul edilmir?

25 Yanvar 2024, 15:28

Milli Məclisin Elm və təhsil komitəsinin 2024-cü il yaz sessiyasının qanunvericilik işləri planına “Ali təhsil haqqında” qanun layihəsi daxil edilib. Qeyd edək ki, bu qanun qəbulu ən çox gecikən layihələrdən biri hesab edilir. Layihə artıq 5-ci sessiyadır işlər planına salınsa da, müzakirəsi və çevrilib. Qanun layihəsi Milli Məclis tərəfindən hazırlanıb, işçi qrupunun iştirakı ilə parlamentin Elm və təhsil komitəsində dəfələrlə müzakirə edilib, lakin plenar iclasda müzakirəsi gerçəkləşməyib.

 

Bəs qanun layihəsinin qəbulu niyə gecikir?

 

Milli Məclisin deputatları bir neçə dəfə çıxışlarında bildiriblər ki, Ali təhsil haqqında” qanun layihəsinin müzakirəsini və qəbulunu gecikdirən tərəf Milli Məclis deyil. Aidiyyəti qurumlara, o cümlədən Elm və Təhsil Nazirliyinə müraciət edərək, prosesi tezləşdirməyə çağırıblar.

 

Ötən sessiyalarda qeyd edilib ki, “Ali təhsil haqqında” qanun layihəsi Milli Məclis tərəfindən hazırlanıb və bir neçə dəfə iclaslarda müzakirəyə çıxarılıb,

 

 Müvafiq qurumların, universitetlərin, təşkilatların da rəyləri alınıb. Bunun üçün Milli Məclisdə ictimai dinləmə də keçirilib. Deputatlar qəbulunun gecikməsində məsuliyyəti aidiyyəti qurumların üzərinə atır. Onlar hesab edir ki, Milli Məclis üzərinə düşən işləri görüb və yerinə yetirib. Digər qurumlar sənədə baxıb, rəylərini verib, prosesi tezləşdirməlidir.

 

Milli Məclisin Elm və təhsil komitəsinin bu il yaz sessiyasının iclasında sədr Bəxtiyar Əliyev bildirib ki, ötən ilini noyabr ayının sonunda bu qanun layihəsinin birinci oxunuşu üçün iclas nəzərdə tutulurdu.

 

"Bildiyiniz kimi, müvafiq icra orqanlarına təklif və rəylər üçün göndərmişdik. Onlardan bizə çoxlu təkliflər daxil oldu. Nazirliklə məsləhətləşmələrdən sonra qərara gəldik ki, bir neçə müvafiq icra hakimiyyəti orqanlarına qanun layihəsini yenidən göndərək. Amma düşünürəm ki, yaz sessiyası çərçivəsində biz qanun layihəsini  müzakirəyə çıxara biləcəyik. Bilirik ki, bütün ali təhsil müəssiələri bu qanun layihəsinin qəbul olunmasını gözləyir”,- deyə komitə sədri bildirib.

 

 “Ali təhsil haqqında” qanun layihəsində nələr əksini tapacaq?

 

Sənəd Azərbaycanda ali təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ali təhsilin təşkilatı-hüquqi və iqtisadi əsaslarını, təhsilalanların və təhsilverənlərin hüquq və vəzifələrini, ali təhsil sahəsində sahibkarlıq, innovasiya fəaliyyətini və digər məsələlərin əsas müddəalarını, eyni zamanda ali təhsil sahəsində beynəlxalq əməkdaşlıqla bağlı məqamları, qaydaları müəyyənləşdirəcək.

 

“Eyni zamanda universitetlərin statusu, diplomların tanınması, distant təhsil, sosial yataqxanalar, ikili diplomlar, doktorantura səviyyəsinin birmərhələli olması, tələbələrin köçürülməsinin yeni qaydaları və s. haqqında vacib məsələlər yer alacaq.

 

Qanun layihəsi bu il qəbul olunacaq?

 

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Modern.az-a bildirib ki, hazırda qanun üzərində iş gedir.

 

“Komitənin yaz sessiyası üzrə işlər planına da daxil edilib. Hazırda qanun layihəsi nazirlik və universitetlərlə müzakirə olunur. Qanun layihəsi ilə bağlı müxtəlif  təkliflər irəli sürülüb. Hər bir təklif nəzərdən keçirilir. İnanırıq ki, bu yaz sessiyasında qanun layihəsi qəbul olunacaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI