Azərbaycanda ali təhsil almaq istəyən şəxslər universitetə qəbul olmaq üçün ya repititor yanına, ya da hazırlıq kurslarına getməli olurlar. Repititor və hazırlıq kurslarının qiymətləri isə ötən illə müqayisədə artıb. Bəzi müəllimlərin qiymətləri hətta 30% artırdığı deyilir. Qiymətlər qrupdakı şagirdlərin sayından asılı olaraq dəyişir. Son zamanlar xüsusən fərdi hazırlıq qiymətlərinin artdığı deyilir.
Bəzi müəllimlər yerli media ilə söhbətlərində bildiriblər ki, qiymət artımı mikrosahibkarların vergi xərcinin artması ilə bağlıdır. Onlar deyir ki, əvvəl gəlirlərindən 5% vergi ödəyirdilərsə, bu ildən bu 20%-ə qalxıb.
Ekspertlərin bəziləri qiymətlərin süni artırıldığını, digərləri isə inflyasiya ilə əlaqəli olduğunu düşünür.
Həqiqətən vergilərin artmasının bu qiymət artımına təsiri nə qədərdir?
Qiymət artımı repetitorların öz təşəbbüsü ilə baş verir...
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi deyir ki, bütün repetitorlar vergi ödəyicisi deyil, hamısının aktiv VÖEN hesabı yoxdur.
"Ona görə də kim qiymət artırırsa, öz tərəfindən edib. Bu bazara nərazət olmadığı üçün kim kefi necə istəyir, elə də qiymət qaldırır. Əlbəttə, bu xidmət sahəsi üzrə ümumi nəzarət olarsa, hər kəs vergiyə cəlb olunarsa, o zaman konkret qiymətlər formalaşa bilər.
Azərbaycanda orta və ali təhsil müəssisələrində qəbul imtahanı Dövlət İmtahan Mərkəzi ilə Elm və Təhsil Nazirliyinin müştərək proqramı əsasında həyata keçirilərsə və məktəbdə tədris olunarsa, repetitorlara ehtiyac qalmaz. Nəticə etibarı ilə ailələrin üzərinə böyük yük düşməz. Repetitorlar bəzi fənlər üzrə 150-200 manata hazırlıq keçirlər. Abituriyent bütün fənlər üzrə hazırlığı gedirsə, bu təxminən 1000-1500 manat edir. Bütün bunlar ailələrin gəlirinə təsir etmiş olur. Onların yoxsullaşmasına gətirib, çıxarır. Ona görə düşünürəm ki, aidiyyatı qurumlar bu istiqamətdə iş görməlidirlər. Ali təhsil müəssisələrinə qəbul qaydası dəyişməlidir”.
Təhsil ekspertinin fikrincə, Dövlət İmtahan Mərkəzi qəbulu 5-6 fənlə deyil, konkret 2-3 fənn üzrə həyata keçirməlidir:
“Belə olan halda repetitorlara da təsir etmiş olar. Yoxsa bu qədər qiymət artımı mənasızdır. Əgər deyilirsə, ərzağın qiyməti artıb, biz də buna görə artırmışıq bu səbəb anlaşılandır. Amma məlumata görə 30 faiz qiymət artımı var. Bu qədər qiymət artımı doğru deyil. Yaxşı olardı ki, burada ailələr düşünülsün. Ona görə qiymət müəyyinləşdirilsin. Ailələr də nəzərə almalıdırlar ki, hazırlıq mərkəzlərində qiymətlər daha münasibdir. Hazırlıq mərkəzlərinin müsbət məqamları çoxdur”.
Qiymət artımına səbəb inflyasiyadır...
İqtisadçı Natiq Cəfərli isə hesab edir ki, repetitorların qiymətləri qaldırması normal haldır:
“Maaşın aşağı olması müəllimi vadar edir ki, repetitor kimi fəaliyyət göstərsin. Əslində burada təəccüblü heç nə yoxdur. Ölkədə hər şeyin qiyməti qalxırsa, repetitorlar öz qazanclarını buna uyğunlaşdırmaq məcburiyyətindədirlər. Çünki inflyasiya rəqəmləri yüksəkdir. Azərbaycanda ərzaq inflyasiyası baş verir. Müəllimlər də gəlirlərini bunu uyğunlaşdırmaq istəyir. Təbii ki, verginin artmasının da buna təsiri oldu. Çünki onların bir çoxu kiçik mikrosahibkar kimi fəaliyyət göstərirdi. Kim əlavə iki işçi götürəcəksə, onlara köhnə qaydada vergi ödəməyə imkan yaradacaqlar. Düşünürəm ki, burada məntiqsizlik var. Repetitor iki işçini niyə götürsün? Fərdi qaydada fəaliyyət göstərən mikrosahibkardırsa, əlavə işçini necə götürə bilər? Qazancının 20 faizini vergi verəcəksə, onlarda qiymətlər artırmaq yolunda addım atmalıdırlar. Düşünürəm ki, burada qınanılası bir hal yoxdur. Onların atdığı addımlar, qiymət artırma məcburiyyətdən doğur”.
Şəbnəm Zahir