Zaqatala rayonunun ucqar dağ kəndi Sabunçuda fiziki tərbiyə müəllimi işləyən Rauf Ramazanov 15 ildən çoxdur ki, hər gün dərsə at belində gedib-gəlir.
Modern.az-ın məlumatına görə, R.Ramazanov qar-yağış demədən hər gün bu yol qət etməkdən yorulmur. Dağ kəndi olan Sabunçu rayon mərkəzindən 20 km aralıda yerləşir. Bu kəndə ya iri tutumlu yük maşınları, ya da atla getmək mümkündür.
Rauf Ramazanov ucqar dağ kəndinə gedib-gəlmək üçün saat yarım at sürməli olur.
“Mənim istifadə elədiyim nəqliyyat vəsitəsi hər yerdən keçir. Yəni problem yoxdur. O, hələ məni yolda qoymayıb”, - deyə 35 yaşlı müəllim yarızarafat-yarıciddi bildirib.
Fədakar müəllim bir neçə dəfə ekstremal situasiyaya da düçar olub. Məsələn, bir dəfə dərsə gedən zaman at ilə birgə çaya yıxılıb. Yoluna davam edərək məktəbə çatıb, orada paltarını qurudaraq dərsinə davam edib.
A.Qorxmaz