Modern.az

Ailə və məktəbdə sağlam mühit olarsa...

Ailə və məktəbdə sağlam mühit olarsa...

Təhsil

1 Fevral 2024, 15:38

Bu bir danılmaz həqiqətdir ki, böyüməkdə olan gənc nəslin tərbiyəsi  ünsiyyətdə olduğu insanlarla, yaşadığı mühitlə,təlim-tərbiyə aldığı təhsil  ocağı, ən əsası isə böyüyüb başa çatdığı ailəsi ilə bağlıdır. Təbii ki,  uşaqların tərbiyəsi ilə bağlı əsas məsuliyyət məhz  ailənin üzərinə düşür. Odur ki, yaxşı ailə tərbiyəsi görənlər  nümunəvi cəhətləri  ilə fərqlənirlər. Belə uşaq və yeniyetmələr mənəvi cəhətdən sağlam, mədəni, səmimi və uzaqgörən olurlar. Ona görə də müasir gənclərin müsbət əxlaqi keyfiyyətlərə malik olmasını,  intellektual səviyyələrini yüksək, dünyagörüşlərini  geniş görmək  istəyiriksə, ailə tərbiyəsi məsələsini ön plana çəkməli və bu məsələyə ciddi yanaşmalıyıq.

 

Elə təhsil mütəxəssisləri ilə söhbətimizin əsas mövzusu da məhz tərbiyə məsələləri oldu. Bakı Dövlət Universitetinin professoru, pedaqogika üzrə elmlər doktoru Hikmət Əlizadənin Modern.az-a açıqlamasında deyir ki, məktəb ancaq bilik məkanı deyil, burada təhsil alanlar həmçinin həyata hazırlanırlar.

 

O qeyd edib ki, böyüməkdə olan nəslin həyata hazırlanması təbii ki, tək məktəbin işi deyil və məktəblə bərabər bu işin məsuliyyəti həm ailənin, həm də cəmiyyətin üzərinə düşür:

 

"Artıq uzun illərdir ki, ailə, məktəb və ictimaiyyət tərbiyə institutları kimi dəyərləndirilirlər. Bu üç institutun hər birində tərbiyə özünəməxsus yollarla həyata keçirilir. Bəzən uşaq və yeniyetmələrin tərbiyəsində nöqsanlı hal nəzərə çarpan kimi günahı bu tərbiyə institutlarından birində axtarırlar. Amma bilmək lazımdır ki, tərbiyə istiqamətində həyata keçirilən işlərlə tərbiyə institutları bir-birini tamamlayırlar. Başqa sözlə desək, hər bir uşaq və yeniyetmənin, yaxud da gəncin tərbiyəsində yaranmış nöqsana görə onların hər birinin üzərinə  məsuliyyət düşür.

 

Ailə uşağın tərbiyəsinin əsası qoyulan ilk mühitdir. Ailə dövlətin özəyidir, o nə qədər möhkəm olarsa, cəmiyyət də bir o qədər möhkəm olar. Ailənin möhkəmliyini şərtləndirən səbəblər çoxdur, onlardan biri də tərbiyə məsələlərinin düzgün qurulmasıdır. Tarixən Azərbaycan ailəsində uşaqların tərbiyəsinin düzgün təşkili valideynlərin mənəvi borcu kimi mənalandırılıb, bu gün də belədir.  Müəllimlər ailənin bu mənəvi borcunun yerinə yetirilməsinə dayaq olmalıdır.

 

Bu gün valideyn-müəllim əməkdaşlığına böyük ehtiyac yaranıb. Bunun üçün valideynin məktəbə getməsi tələb olunmur. Valideyn-müəllim əməkdaşlığının dünya məkanında yeni onlayn forması yaranıb. Qabaqcıl müəllimlər əməkdaşlığın bu formasından pedaqoji ustalıqla istifadə edərək yararlanırlar. Düşünürəm ki, əməkdaşlığın bu formasından hər bir müəllim istifadə edərsə, yeni nəslin tərbiyəsində uğurlar artar.   Əməkdaşlıq həm ailənin, həm də məktəbin tərbiyə funksiyasının yerinə yetirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən strategiyadır".

220 nömrəli məktəb-liseyin direktoru Lətifə Əzimova isə bildirib ki, böyüməkdə olan nəslə  məsuliyyət hissinin aşılanması xüsusi əhəmiyyət kəsb edir.

 

"Məsuliyyət hissini şagirdlərə aşılamaq həm məktəbin, həm də valideynlərin vəzifəsidir. Məlum olduğu kimi, məsuliyyət şagirdin üzərinə düşən vəzifənin yerinə yetirməsi, etdiyi hərəkətlərin və yerinə yetirdiyi işlərin ətrafdakılara təsirini nəzərə alması, davranışlarına cavabdeh olmasıdır. Şagirdlərdə bu hissin formalaşdırılması mütləq şəkildə məktəb və ailə paraleli üzrə aparılmalıdır. Çünki uşaq ilk dərslərini ailədən alır. Buna görə də ailələr məktəblə əməkdaşlıq edərək öz övladlarını dəstəkləməlidirlər. Bu zaman həm məktəb, həm də ailələr tərəfindən düzgün ünsiyyət qurulmalıdır. Düzgün ünsiyyət  maneələri aradan götürür, şagird-ailə-məktəb arasında inam körpüsü yaradır.

 

Uşaqlara ev işlərində verilən kiçik vəzifələr, tapşırıqlar belə onların ümumi davranışlarına çox müsbət təsir edir. Tam əksinə, uşaqların ailələrdə həddindən artıq ərköyün böyüdülməsi, onlar üçün hər şeyin əlçatan olması uşaqlarda düzgün xarakterin formalaşmasına xələl gətirir. Bu da şagird davranışlarında özünü neqativ şəkildə biruzə verir. Bunun baş verməməsi üçün məktəb valideynlərlə məqsədyönlü maarifləndirmə işi təşkil etməlidir. Pedaqogikanın vahidlik prinsipindən istifadə edərək həm məktəb, həm də ailələr uşaqlara eyni  dəyərləri aşılamalı, eyni davranışları öyrətməli və eyni tələbləri qoymalıdır", - o vurğulayıb.

 

Şəbnəm ZAHİR

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi