Bu gün Bakı şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə dini icma sədrləri, eləcə də fəal dindar və ilahiyyatçıiarın iştirakıyla “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda respublika konfransı keçirilib.
Modern.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov konfransın Azərbaycanın 8 bölgələsində keçirilən silsilə tədbirlərin yekunu olduğunu diqqətə çatdırıb. O, Azərbaycan zəvvarlarının, o cümlədən dini icma fəallarının bu gün həcc ziyarətinə yola düşəcəyini vurğulayaraq, bütün zəvvarlara uğurlu yol arzulayıb.
E.İskəndərov konfransın əsas məqsədinin dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarfiləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması olduğunu diqqətə çatdırıb. O, ölkəmizdə dini icmalarla dövlət arasında, həmçinin müxtəlif dinlərə mənsub olan icmalar arasında münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Bildirib ki, son bir ildə icmaların daha çox sosial layihələrə cəlb edilməsi onların cəmiyyətdə daha aktiv fəaliyyətini təmin etmiş olur.
Dövlət Komitəsinin sədri dini icmaları sosial yönümlü layihələri, o cümlədən müxtəlif problemləri ilə əlaqədar bundan sonra da Dövlət Komitəsi ilə sıx əməkdaşlığının zəruriliyini önə çəkərək, bu istiqamətdə birgə fəaliyyətin davam etdiriləcəyini vurğulayıb. Konfransda Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzi (DƏ-İKGF, ARM), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə “Dini icmaların sosial layihələrinə dəstək proqramı”nın qalibləri elan olunub və onlara layihələrin icrası ilə bağlı sertifikatlar təqdim edilib.
Dini icmaların sosial layihələrə cəlb edilməsi məqsədilə Ramazan ayı ərəfəsində elan edilmiş proqrama hər biri 5000 manat olmaqla 40-a yaxın layihə təqdim edilmişdi. Daha sonra çıxış edən dini icma nümayəndələri ilk növbədə Dövlət Komitəsinə bu təşşəbüsü üçün təşəkkürünü bildiriblər. DQİDK tərəfindən dəstəklənən “Qazi Qarabağ azanı” layihəsini, “Axund və imamlar üçün xütbə vəsaiti” və Milli Tolerantlıq Mərkəzinin yaradılması xüsusi vurğulanıb.



Modern.az