Modern.az

Bakıdakı universitetlər bu ərazilərə köçürülə bilər

Bakıdakı universitetlər bu ərazilərə köçürülə bilər

6 Fevral 2024, 12:22

Ölkənin ali təhsil mərkəzi olan Bakı şəhərində böyük universitetlərin və ya onların filiallarının bir əraziyə köçürülməsi ilə akademik mərkəz yaradılacaq. Bu Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb. Layihənin gələcəkdə şəhərin intellektual və istedad baxımından inkişafına təkan verəcəyi və təhsilin keyfiyyətini yüksəldəcəyi qeyd olunub.

 

Yeni universitet şəhərciyi şəhər alt-sisteminə yeni bir mərkəz əlavə edəcək və Mərkəzi Bakı ətrafındakı alt-mərkəzlərin inkişafını təşviq edəcək. Modellərə əsasən, bir neçə universitetin ixtisaslaşmış vahid bir şəhərcikdə yerləşdirilməsiyə yaxud mövcud universitetlərdən birinin tamamilə yeni bir yerə köçürülməsi mümkündür.

 

Baş planda Mərkəzi Bakı ərazisində nəqliyyat sıxlığının qarşısını almaq və Abşeron yarımadasının bütün yaşayış məntəqələrindən rahat nəqliyyat və əlaqələndirmə imkanı olan ərazidə təhsil müəssisəsini yaratmaq məqsədilə Bakının mərkəzi hissəsinin hüdudlarının birbaşa yaxınlığında yaşıl universitet şəhərciyinin yaradılması təklif olunur.

 

Sözügedən bu şəhərcik harada yerləşə bilər?

 

Təhsil eksperti Elçin Əfəndi Modern.az-a açıqlamasında bildirib ki, universitet şəhərciyinin salınması Bakıdan kənarda nəzərdə tutulur:


“Universitetlərin şəhərin mərkəzindən kənar ərazilərə köçürülməsi ilə bağlı layihələr inkişaf etmiş ölkələrdə uzun illərdir ki, həyata keçirilir. Ümumən təhsil şəhərciyin olması çox müsbət məqamdır. Düşünürəm ki, universitet şəhərciyinin paytaxdan daha uzaqda salınması məqsədə uyğundur. Məsələn, Sumqayıt şəhəri ola bilər. Şamaxı şəhəri istiqamətində də  hər hansı bir yer seçilə bilər. Məqsəd odur ki, bu şəhərcik paytaxdan bir qədər kənarda yerləşsin. Köçürülmə həmin şəhərlərin də inkişaf etməsinə öz müsbət təsirini göstərəcək. Türkiyədə bir çox universitetlər ölkənin müxtəlif şəhərlərində fəaliyyət göstərir. Onların bir çoxunda tələbələr üçün bütün şəraitin mövcud olduğu tələbə şəhərcikləri var”. 

 

Ekspert hesab edir ki, universitet şəhərciyində tələbələr yataqxanlarla təmin olunmalıdır: 

 

“Bu tip tələbə şəhərcikləri tələbələrin təhsili, istirahəti və yaşaması üçün bütün sosial obyektlərlə təmin olunur. Universitetlərin kampuslarının olması təcrübəsi dünyada var. Tələbə yataqxanada qalırsa, o, universitet ərazisini demək olar ki, tərk etmir. Bizdə də tələbələrə bu imkanlar yaradılmalıdır.


Fikrimcə, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Bakıya daha yaxın ərazilərə köçürülməsi arzuolunandır.


Sıxlığa səbəb olan amillərdən biri də, tələbələrin gündəlik olaraq ictimai nəqliyyat və avtomobillərindən istifadə etməsidir. 

 

Ölkədə Universitet şəhərciyinin yaradılmasının tədricən universitetlərin beynəlxalq reytinq sistemində müəyyən qədər təsir etmiş olar. Çünki reytinq zamanı bu amilə də diqqət yetirirlər”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri