Modern.az

Azərbaycandakı universitetlər arasında rəqabət YOXDUR

Azərbaycandakı universitetlər arasında rəqabət YOXDUR

8 Fevral 2024, 12:53

Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələri hansı məsələlərdə rəqabət aparır və ümumiyyətlə universitetlər arasında rəqabət mühiti varmı? Əgər rəqabət yoxdursa, bunun səbəbi nədir?

Modern.az mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədovla əlaqə saxlayıb. 

Müsahibimiz bildirib ki, universitetlərin hazırkı keyfiyyət göstəricisi o qədər də yüksək deyil:


“Hazırda ölkədə 51 ali təhsil müəssisəsi var. Bu ali təhsil müəssisələrinə bir qəbul ilində ümumilikdə 50 minə yaxın tələbə qəbul olunur. Bu il ali təhsil müəssisələrinə 60 minə yaxın plan yeri ayrılıb. Çox təəssüflər olsun ki, Azərbaycandakı ali təhsil müəssisələri tələbə qəbulu üçün hər hansı bir kampaniya təşkil etmir, cəlbedici iş görmürlər. 

Hazırda abituriyentlər ali məktəblərə qəbul imtahanı verdikdən sonra müsabiqə şərtləri üzrə topladıqları bala uyğun ixtisas seçimi edirlər.

Biz görürük ki, son illər bir sıra ali təhsil müəssisələri plan yerini tam doldura bilmir. 

Azərbaycanda universitet məzunlarının yanlız 42 faizi ixtisası üzrə işləyə bilir. Bu gün ali məktəblər tələbələr üçün o qədər də cəlbedici deyil. Azərbaycan abituriyentləri tələbə olduqdan sonra bu universitetləri yenidən seçməyə maraqlı olmurlar. Çünki bitirəndən sonra iş tapmaq imkanları o qədərdə yüksək olmur. Bu ciddi faktordur. Azərbaycandakı ali təhsil müəssisələri arasında ciddi rəqabət yoxdur.

Azərbyacanda bir tələbə üçün şərti olaraq desək, Neft və Sənaye Universitetinin İqtisadiyyat fakültəsində oxumaqla Memarlıq və İnşaat Universitetinin eyni adlı fakültəsində oxumağın heç bir fərqi yoxdur”. 


Təhsil ekspert Azərbaycan universitelərinin cəlbedici olmadığını düşünür:
 

“Abituriyentlər  elektron ərizələrində sadəcə topladıqları bala uyğun ixtisas seçirlər. Bu ona görədir ki, Azərbaycan universiteləri cəlbedici deyil. Gənclər Azərbaycanda yüksək təhsil haqqı ilə oxumaqdansa, daha aşağı və beynəlxalq reytinqli xarici universitelərə getməyin uyğun olacağını düşünürlər.

Halbuki, ali təhsil müəssisələri tələbələri cəlb etməkdə maraqlı olmalıdırlar. Təkcə söhbət ondan getmir ki, onlar təhsil haqqına güzəşt etsinlər. Karyera planları, karyera inkişafı ilə bağlı hədəflər qoymalıdırlar.  Tədris materiallarının beynəlxalq vəziyyəti ilə bağlı mütəmmadi olaraq məlumatlar verilməlidir. 

Azərbaycanda ali təhsil müəssisələrin bu istiqamətdə fəaliyyəti o qədər də yüksək deyil. Bu gün ali məktəblərin sadəcə "Abituriyent" jurnalında adları var. Onlar tələbələri seçmirlər, tələbələri cəlb etmirlər. Halbuki, onlar müxtəlif platformalarda tələbələr üçün əlçatan xidmət göstərməlidirlər ki, abituriyent onları seçsinlər. Bu istiqamətdə çox təəssüf ki, univeristetlərin yetərli fəaliyyti yoxdur. Kifayət qədər aşağı səviyyədə işləyirlər. Mən düşünürəm ki, bu gün universitetlər tələbələri cəlb etmək üçün müxtəlif tədbirlər həyata keçirməlidirlər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri