Seçki atmosferində prezidentliyə namizədlərin hər biri proqramları, şüarları, çıxışları, görüşləri və s. ilə seçicilərin diqqət mərkəzindədir. Lakin gələcək prezidenti seçəcək vətəndaşları konkret fəaliyyətlə bərabər, həm də namizədlərin şəxsi həyatı maraqlandırır.
Modern.az prezidentliyə namizəd olan şəxslərin hər birinin ailəsi barədə oxucuları məlumatlandırmağa çalışır.
Oktyabrın 9-da keçiriləcək prezident seçkilərində namizəd şəxslərdən biri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevdir.
Qüdrət Həsənquliyev 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda Əbrəqunus kəndində anadan olub. 1992-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Bakı şəhəri Nəsimi rayon prokurorluğunda müstəntiq, Azərbaycan Respublikası dövlət katibinin köməkçisi, Asiya Universitetinin baş müəllimi, Mərkəzi Seçki Komissiyasının katibi vəzifələrində çalışıb.
1993-cü ildən Azərbaycan Xalq Cəbhəsi sədrinin müşaviri, 1998-ci ildən AXCP Rəyasət heyətinin üzvü olub. 2002-ci ilədək MSK-nın katibi vəzifəsini tutub. 2003-cü il Azərbaycan Respublikası prezidenti seçkilərində Azərbaycan Xalq Cəbhəsi Partiyasından iştirak etmiş və səslərin 0.5% toplamaqla 8 namizəd arasında 7-ci yeri tutub.
2004-ci ildə onun rəhbərliyi etdiyi partiya Ədliyyə Nazirliyində “Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası” (BAXCP) adı ilə qeydiyyatdan keçib.
Hazırda Qüdrət Həsənquliyev Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri və Milli Məclisinin deputatıdır.
Evlidir, iki övladı var: bir qız, bir oğlan. Partiya sədrinin hər iki övladı orta məktəbdə oxuyur.
Qüdrət Həsənquliyevin xanımı Şəfəq Həsənquliyeva həkimdir və dövlət tibb müəssisələrinin birində çalışır. Siyasi proseslərdən tam uzaqdır.
Aytən ƏLİYEVA
P.S. Qüdrət Həsənquliyevin partiyasından onun övladlarının adlarını, onların hansı məktəbdə oxuduqlarını Modern.az-a açıqlamaq istəmədilər. Ailəsini siyasətə qatmaq istəməyən prezidentliyə namizədin ailə şəklini də təqdim etməkdən imtina etdilər.