Modern.az

BDU-nun tələbələri mitinqdə iştiraklarından danışdılar

BDU-nun tələbələri mitinqdə iştiraklarından danışdılar

Təhsil

7 Oktyabr 2013, 14:23

Son günlər bəzi kütləvi infоrmasiya vasitələrində, sosial şəbəkələrdə tələbələrin məcburi şəkildə prezidentliyə namizədlərin mitinqinə aparılması barədə fikirlər səslənir. Bununla əlaqədar olaraq Bakı Dövlət Universitetində olduq və tələbələrin fikirlərini öyrəndik.

Dilbər Dosməmmədli, Kitabxanaçılıq və informasiya fakültəsinin III kurs tələbəsi:

“9 oktyabr prezident seçkiləri günüdür və artıq prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyası başa çatmaq üzrədir. Bu kampaniyalar çərçivəsində prezidentliyə namizədlərlə bir neçə görüş keçirildi. Bir tələbə olaraq, gələcəyin yetkin bir kadrı olaraq düşünürəm ki, proseslərdən kənarda qalmaq düzgün olmazdı. Buna görə də həmin görüşlərin bir neçəsində  iştirak etmişəm. İctimai televiziyadakı debatlar vaxt məhdudluğu baxımından onların platforması haqqında tam məlumat almağa imkan vermirdi. Bu səbəbdən də belə görüşlərdə iştirak etməyi məqsədəuyğun hesab etdim. İştirak etdiyim görüşlərdə həm BDU, həm də digər universitetlərdən tələbələr iştirak edirdi. Bəzən deyirlər ki, biz məcburi şəkildə aparılmışıq. Bunun heç bir əsası yoxdur. Biz demokratik cəmiyyətdə yaşayırıq.  Seçmək hüququmuz var. Bu hüququn bizə yaratdığı imkanlar çərçivəsində öz mövqeyimizi müəyyənləşdirməliyik. Prezident seçkiləri ölkə həyatı üçün önəmli bir hadisədir.  Məhz buna görə də, hər bir namizədin platforması ilə yaxından tanış olub ən real namizədi seçmək lazımdır. Mənim və mənim kimi gənclərin həmin mitinqlərə qatılmağımızı da belə qəbul etmək lazımdır”.

Yaşar Qəhriyev, Filologiya fakültəsinin III kurs tələbəsi:


“Mən Yaşar Qəhriyev, yetkinlik  yaşına çatmış bir vətəndaş kimi, hüququmdan istifadə edərək prezident seçkilərində iştirak edəcəyəm. Bununla bağlı, namizədlərdən ən layiqlisini özüm üçün müəyyən etmişəm. Bu da onun nəticəsində olub ki, gənc və aktiv bir tələbə olaraq, namizədlərin seçicilərlə görüşlərində iştirak etmişəm. Namizədlərə bu mitinqlərdə, görüşlərdə diqqətlə qulaq asmışam, götür-qoy eləmişəm və qeyd etdiyim kimi, seçkilərdə kimə səs verəcəyimi özüm üçün müəyyənləşdirmişəm.  Hesab edirəm ki, düzgün addım atmışam. Məncə bütün gənclər belə etməlidir”. 

Mirhəsənli Mirnəsir, Hüquq fakültəsinin IV kurs tələbəsi:


“Təbii ki, dövlətimizin başında kimi olması hər bir düşünən vətəndaş kimi məni də maraqlandıran məsələdir. Buna görə də vətəndaşlıq hüququmdan istifadə edərək mən də prezidentliyə namizədliyini irəli sürən şəxsləri daha yaxından tanımaq üçün onların platforması ilə maraqlandım, vaxtın imkan verdiyi qədər televiziyadan izlədim. Amma efir vaxtında namizədləri təfərrüatı ilə tanımaq olmur, eyni zamanda onlar öz fikirlərini daha yaxşı çatdıra bilmirlər. Ona görə də müxtəlif namizədlərin mitinqlərində, görüşlərində öz fakültəmizin bir neçə tələbəsi, eləcə də digər yaxın dostlarla azad şəkildə, heç bir məcburiyyət olmadan iştirak etmişəm. Sonradan yayılan söz-söhbətlər və sizin verdiyiniz “şübhəli” suallar həqiqəti əks etdirmir. Deyilənlər absurddur. Mən Hüquq fakültəsinin tələbəsi kimi öz hüquq və azadlıqlarımı çox gözəl bilirəm və tətbiq edirəm”.

Şahsultan Həsənov, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin III kurs tələbəsi:


“18 yaşına çatmış hər bir vətəndaşının seçkidə iştirak etmək hüququ olduğu kimi, mitinqlərdə  iştirak edib namizədlərin çıxışlarına qulaq asıb Azərbaycanın gələcəyi naminə düzgün namizədi seçmək hüququ da vardır. Mən də həmin mitinqlərdə iştirak etmişəm və namizədlərin Azərbaycana və xalqa verəcəyi vədlərdə tanış olmuşam. Şübhəm yoxdur ki, mitinqə gələnlər də eynilə mənim kimi düşünənlər idilər. Bilirsiniz ki, namizədlərə Seçki Məcəlləsinə uyğun olaraq 6 dəqiqə efir vaxtı verilir və bu vaxtı onlar, bir çox hallarda, əks tərəfin ittihamlarını cavablandırmağa həsr edirlər.  Öz fikirlərini, platformalarını  ifadə etmək üçün olduqca az vaxt qalır. Mitinqlərin üstünlüyü isə ondadır ki, vaxt məhdudiyyəti yoxdur. Fikirlərini sərbəst şəkildə ifadə edə bilirsən. Məsələyə məhz bu cür yanaşmaq lazımdır. Tələbə həyatı hər zaman qaynar olur, onlar proseslərin önündə gedirlər. Onlara nəyisə diqtə etmək asan məsələ deyil”. 

Nurlan Hacıyev, Fizika fakültəsi,  ingilis bölməsinin III kurs tələbəsi:


“Əvvəla qeyd etmək istərdim ki, hər bir Azərbaycan vətəndaşının vəzifəsidir ki, öz dövlətinin, millətinin təşkil etdiyi hər hansı bir tədbirdə, görüşdə layiqincə özünü və xalqını təmsil etməyi bacarsın. Bu günlərdə ölkəmizdə xalqın, dövlətin, millətin, gələcək taleyi üçün önəmli bir addım atılmaq üzrədir. Yəni Azərbaycan Respublikasının yeni prezidentinin seçilmə ərəfəsindəyik. Bununla əlaqədar olaraq bir sıra tədbirlər, görüşlər, debatlar, mitinqlər  keçirilir. Biz ölkəmizin qarşıdakı 5 ilini idarə edəcək şəxsi daha yaxından tanımaq üçün diqqətlə telekanallarda göstərilən debat proqramlara baxdıq. Lakin bu verilişlərə baxmaq bizə kifayət etmir. Onların fikirlərini, düşüncələrini bilmək üçün görüşlərdə iştirak etmək bizə gərəkli idi. Eyni zamanda onların platformalarını tanımaq, necə insanların əhatəsində olduqlarını bilmək, qarşıda düzgün seçim etmək nöqteyi-nəzərindən hər bir seçicinin vətəndaşlıq borcu olduğunu düşünürəm. Çünki vətəndaşlar verəcəyi hər bir səslə təkcə özünü yox, bütün xalqını millətini düşünməlidir. Şəxsən mən Hacıyev Nurlan Cəlal oğlu bu mitinqlərin hər birində iştirak etmişəm. Bunu öz gələcəyim və xalqımın düzgün işıqlı yolu üçün etmişəm. Bayaq qeyd etdiyim kimi, bir sözü təkrarlayaraq sözümü tamamlamaq istəyirəm. Hər bir Azərbaycan vətəndaşı, azərbaycanlı soyadı daşıyan hər bir şəxsin borcudur ki, xalqının və millətinin gələcəyini idarə edəcək şəxsi daha yaxından tanısın”.

Fərahim Barat, Şərqşünaslıq fakültəsinin IV kurs tələbəsi:


“Mən prezidentliyə namizədlərin Yasamal rayonu ərazisində keçirilən əksər mitinqlərinə qatılmışam. Bir seçici olaraq onların platforması ilə tanış olmaq mənim vətəndaşlıq borcum idi. Düzdür, özüm Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyevi dəstəkləyirəm və səsimi də ona verəcəyəm. Amma digər namizədlərin, məsələn, Qüdrət Həsənquliyevin xarici siyasətlə bağlı teledebatlarda səsləndirdiyi fikirlər də maraqlı idi. Düşünürəm ki, mitinqlərdə iştirak etmək dünyagörüşümü genişləndirdi, ən asası seçimimdə yanılmadığımı göstərdi”.

İlkin Şərifov, İlahiyyat fakültəsinin IV kurs tələbəsi:


“Bəri başdan deyim ki, mənim namizədim ölkə rəhbəri İlham Əliyevdir.  Ona səs verəcəyəm. Çünki ondan daha layiqli namizəd görmürəm. Amma o biri namizədlərin haqqında da informasiyam var. Hər biri haqqında internetdən, elə Sizin saytınızın maraqlı məlumatlarından oxumuşam. Demək olar ki, tərcümeyi-halları, keçdikləri yol haqqında məlumatlıyam. Üstəlik, bəzilərinin mitinqlərinə də qatılmışam. Və gəldiyim nəticə odur ki, ən layiqli namizəd İlham Əliyevdir. Lideri kor-təbii şəkildə deyil, oxuyaraq, analiz edərək,digərləri ilə müqayisə edərək, platforması ilə tanış olaraq müəyyənləşdirmək lazımdır. Mən də belə etmişəm”.

Pərvin Arzuqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir