Modern.az

Təhsildə valideyn məsuliyyəti: Övladlarına sosial şəbəkələr qədər vaxt ayırmırlar...

Təhsildə valideyn məsuliyyəti: Övladlarına sosial şəbəkələr qədər vaxt ayırmırlar...

Təhsil

20 Fevral 2024, 15:40

Ötən gün Bakıda yeniyetməyə qarşı həmyaşıdları tərəfindən zorakılıq olunduğu barədə görüntülər yayılıb. Ötən ay baş verdiyi deyilən görüntülərdə yeniyetmə qızın başına yumurta çırpılır, saçı kəsilir və digər bullinq hərəkətləri edilir. Məsələ ilə bağlı aidiyyatı qurumlar reaksiya verib, cinayət işi qaldırılıb.

 

Sosial şəbəkələrdə isə hadisə ilə qızğın müzakirələr aparılır. Valideyn, məktəb, müəllim, cəmiyyəti ittiham edənlər, qınayanlar var.

 

Bəs şagirdlərin tərbiyəsi məsələsi məktəblərin, yoxsa valideynlərin məsuliyyətində olmalıdır?


Modern.az-ın məlumatına görə, məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov söyləyib ki, yaşadığımız dövr və cəmiyyətdə valideyn məsuliyyətindən, həmçinin ailədə valideyn-uşaq münasibətlərinin düzgün qurulmamasından yaranan və bu diqqətsizlik və məsuliyyətsizlik səbəbindən uşaq hüquqlarının pozulmasına gətirib çıxaran bir sıra hallara rast gəlinir:

 

“Uşağın böyüdülməsi, cəmiyyətdə layiqli fərd kimi yetişdirilməsində valideynin rolu önəmlidir.  Beynəlxalq təcrübədə valideyn məsuliyyəti kimi ən mühüm vəzifələr sırasına uşağın tərbiyə, təhsil, sağlamlıq və müalicəsi daxildir.

 

Təhsil sahəsində aparılan beynəlxalq tədqiqatlar göstərir ki, 11 yaşa qədər 22% oğlan və 21% qız həmyaşıdları tərəfindən təhqirlərə məruz qalır (Bullinq - bu, bir uşağın başqaları tərəfindən təqib olunması, aqressiv davranışdır ki, son illərdə məktəblərdə tez-tez yayılıb).

 

ABŞ Təhsil Departamentinin məruzəsinə əsasən, 12 yaşdan 18 yaşadək hər dörd uşaqdan biri son məktəb ili ərzində bullinqin qurbanı olub. Ukraynada UNICEF üçün aparılmış tədqiqatlara əsasən, məktəblilərin 89%-i billinqlə rastlaşırlar. Qərb ölkələrindəki təhsil tədqiqatlarına görə, 14 yaşa qədər şagirdlərin 50%-i məktəbdə təqiblərə məruz qalır. Yeniyetmə yaşında isə bu faiz dərəcəsi enir.

 

Şagirdlər məktəbdə, küçədə məruz qaldıqları təzyiqləri, qeyri-etik davranışları evdə valideynləri ilə bölüşə bilmədiyi, valideyndən dəstək ala bilmədiyi üçün ortaya xoş olmayan mənzərələr çıxır. Ailə Məcəlləsinin 58-ci maddəsi uşaqların tərbiyəsi və təhsilində valideynlərin hüquq və vəzifələrinə həsr olunub və valideynlərin uşaqlarını tərbiyə etməyə borclu olduqları, həmçinin onların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıdıqları ayrıca vurğulanır”.


Kamran Əsədov hesab edir ki, evdə, valideynləri tərəfindən zorakılığa məruz qalan və düzgün davranış qaydalarında tərbiyə olunmayan uşaqlar cəmiyyətə təhlükə saçırlar:

 

“Bakı şəhəri 156 saylı orta məktəbin şagirdlərinin iştirakı ilə baş verən hadisə onu göstərir ki, valideynlər övladları ilə heç bir ünsiyyət qurmur, onların tərbiyəsi ilə məşğul olmur. 

 

Hər bir valideyn məsuliyyətini anlamalı və üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir. Ailə Məcəlləsində qeyd edilir ki, onlar öz uşaqlarının tərbiyəsi, sağlamlığı, psixi, fiziki və mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Bu məsuliyyət tədbirlərindən biri də valideynlərin valideynlik hüquqlarından məhrum edilməsidir.

 

Valideyn məsuliyyətinin artırılması məqsədilə İnzibati Xətalar Məcəlləsinin 189-cu və 512-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və yetkinlik yaşına çatmayanların xırda xuliqanlığına görə valideynlərə məsuliyyət nəzərdə tutulmuşdur.

 

Valideynlik təkcə dünyaya uşaq gətirmək, ona geyim, yemək almaq deyil. Valideynlik əsas övladına mənəvi, psixoloji dəstək verməkdir.

 

Valideynlər sosial şəbəkələrdə vaxt keçirdikləri qədər övladları ilə vaxt keçirmirlər. Valideynlər əllərində telefon tutduqları qədər övladlarının əlini tutmurlar. Valideynlər vatsapda, sosial şəbəkələrdə başqaları ilə danışdıqları qədər övladları ilə danışmırlar”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri