Modern.az

Tərbiyəni ailə verməlidir! - Bu, Konstitusiyanın tələbidir...

Tərbiyəni ailə verməlidir! - Bu, Konstitusiyanın tələbidir...

Təhsil

21 Fevral 2024, 16:38

Son zamanlar uşaqlar və yeniyetmələrin iştirakı ilə neqativ halların baş verdiyinin şahidi oluruq. Bu hadisələr cəmiyyətdə birmənalı qarşılanmır.

 

Azərbaycan Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ancaq bəzi valideynlər uşaqların tərbiyəsində axsaqlıqlara yol verir və bu da nəticə etibarilə zorakılıq hallarına gətirib çıxarır.

 

Uşaqların bir-birilərini zorakılıq tətbiq etməsinin səbəblərin nə olduğu barədə qızğın müzakirələr aparılır. Bəziləri günahı sosial şəbəkələrdə, bəziləri isə valideynlərin uşaqlara məsuliyyətli yanaşmamasında görür. 


Bəs əslində belə hadisələrin baş verməsinin arxasında nə dayanır?

 

Mövzu ilə bağlı Modern.az-a açıqlama verən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova təhsilin məqsədindən, valideynlərin məsuliyyətindən danışıb:

 

“Təhsilin formal məqsədləri ilə yanaşı əsas məqsədiləri sistemləşdirilmiş bilikilərin əldə edilməsi, bacarıqların və vərdişlərin formalaşması, səmərəli əmək fəaliyyətinə hazırlıq, milli-mənəvi ümubəşəri dəyərlərə sadiq, insan hüquqlarına demokratiya və xalqın milli ənənələrinə hörmət müstəqil yaradıcı şəxsiyyətlərinlərin yetişdirlməsidir. Tədris müəssisələri əsas məqsədi formal təhsilin verilməsidir. Ancaq bura təlim-tərbiyə məsələsi də daxildir. Konstitusiyanın müvafiq maddəsində göstərilir ki, uşağın təlim-tərbiyəsi ilə onların valideynləri məşğul olur. Valideynlər bu hüquq həyata keçirmədikləri halda dövlət həyata keçirir. Məktəbin əsas vəzifəsi təhsili keyfiyyətli formada uşaqlara verməkdir. Təbii ki, burada təlim-tərbiyə bu prosesin böyük hissəsini təşkil edir. Elm və Təhsil Nazirliyi bu istiqamətdə bir sıra addımlar atır". 

 

Günel Səfərova qeyd edir ki, uşaqların formalaşmasında əsas rolu ailələr oynayır:

 

“Uşaq ailədə dünyaya gəlir. Ailə uşağın formalaşmasının hər dönəmində iştirak edir. Təhsil müəssisələrinə başlamazdan öncə onun formalaşması ailədə gedir. Uşaq günün böyük hissəsini ailəsi ilə keçirir. Ona göstərilən qayğı, öyrədilən davranışlar, təbliğ olunan dəyərlər, tərbiyə üsulu  uşağın formalaşmasında əvəzsiz rol oynayan institut ailədir. Valideynlər uşağın dünyaya baxışının formalaşmasından təhsilə yanaşmasından bütün dəyərlərin formalaşmasında ən əsas rol oynayan amildir. Təəssüf ki, bizdə valideyn məsuliyyəti anlayışı çox azdır. Bəli, doğrudur ki, Azərbaycan ailələri  vətənpərvər, dəyərlərə sadiq ailələrdir. Ancaq bəzi qisim valideynlər məsuliyyətlərini dərk etmirlər”.

 

Mövzuya münasibət bildirən psixoloq Səbinə Cəbrayılova uşaqların sosial şəbəklərdən aslılığının əsrin bəlasına çevrildiyini söyləyib:

 

“Sosial şəbəkələrin yaş dövrünə görə təsir xüsusiyyətlərindən asılı olaraq, biz burada bir neçə dövrü fərqləndirə bilərik. Kiçik yaşlarından sosial şəbəkələrdən asılı olan uşaqların xüsusən nitqlərinin inkişafında geriləmə olduğu müşahidə edilir. 


Həmçinin, ətrafındakı insanlarla ünsiyyət azlığından irəli gələrək onların sosial vərdişlərinin formalaşması ləngiyir. Uşaqlar valideynləri, birinci dərəcəli qohumları ilə kifayət qədər, lazimi emosianal bağ qurmağı bacarmayan robotlara çevrilməyə başlayırlar. Bilirik ki, istər cizgi filmləri olsun, istərsə də sosial şəbəkələrdə yayımlanan digər məlumatlarda şüuraltı mesajlar ötürülür. Biz hazırda bu mesajların uşaqların, yeniyetmələrin psixologiyasına neqativ təsirlərinin şahidi oluruq. Uşaqlar öz zamanlarını daha çox sosial şəbəkələrdə keçirirlər. Bununla öz valideynlərindən, birinci dərəcəli qohumlarından ayrılaraq, öz dünyalarında yaşayırlar. Sosial və emosional bağ burada qırılır. Zamanla robotlaşmış nəsil böyüməyə başlayır. 


Artıq günlərdir biz sosial şəbəkələrdə yeniyetmələrin törətdiyi zorakılıqla qarşılaşırıq ki, bunlar boşuna deyil”.      

Psixoloq hesab edir ki, son baş verən hadisə onu deməyə əsas verir ki, yeniyetmələrin valideynlərinin daha çox sosial şəbəkələrdən istifadə edərək bir-birilərinə zaman ayırmaması, ailə üzvlərinin biri-birindən qopmasının nəticəsində baş verir:


“Yeniyetmələrin oynadığı oyunlara baxsaq, onlarda aqressiyanın hardan qaynaqlandığını bir növ görə bilərik. Bu oyunlarda  səviyyələri aşmaq üçün digər canıları, heyvanları, insanları öldürməli olurlar. Bu səhnələr onlarda aqressiyanın formalaşmasına səbəb olur.


Bu kimi davranışın adi hal kimi qəbul olunmasına yol açır ki, bunun nəticəsində hansısa insana ziyan vurmaq onlar üçün adi hala çevrilir. Bunların  mənfi neqativ  təsirlərini gündəlik  həyatımızda görürük. Valideynlər günün bir çox saatını işdə keçirir. Boş zamanlarını fürsət tapan kimi sosial şəbəkələrə daxil olurlar. Övladlarında emosional, psixoloji dəyişikliyin fərqinə vara bilmirlər. 

Uşaqlar diqqətdən kənarda qaldığı üçün onları düzgün yönləndirən olmur. Bu səbəbdən biz müxtəlif vaxtlarda belə neqativ problemlərlə qarşılaşırıq.


Valideynlə emosional bağı qopan uşaq və yeniyetmələrin etdiyi neqativ davranışları təhlil etməzdən əvvəl o valideynlərin övladlarına ayıracaq zamanı yoxsa niyə dünyaya gətirdiklərini müzakirə etmək lazımdır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi