Modern.az

"Kişi müəllimlərin sayını artırmaq lazımdır" - Güzəşt tətbiq edilməlidir

Təhsil

1 Mart 2024, 09:56

Azərbaycanda kişi müəlimlərin sayının qadınlara nisbətən az olması məsələsi hələ də aktual olaraq qalır.

 

Bir çox valideyn kişi müəllimlərin sayının az olmasından gileylənir və narahatlığını bildirir. Hətta məktəbdə son dövrlər müşahidə olunan nöqsanların artmasının da məktəblərdə kişi müəllimlərin sayının azlığı ilə əlaqələndirənlər var.

 

Maraqlıdır, Azərbaycanda kişi müəllimlərin sayının az olması nədən qaynaqlanır və bu problemin həlli istiqamətində hansı güzəştlər edilməlidir? 

 

Mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Kamran Əsədov hesab edir ki, orta məktəblərdə kişi müəllimlərin azlığı şagirdlərin xarakterinin formalaşmasına ciddi şəkildə təsir göstərir:
 

“Bu gün Azərbaycanın 4432 ümumtəhsil məktəblərində çalışan 149,602 müəllimin 71%-ni xanımlar, 29 %-ni isə kişi müəllimlər təşkil edir. Əslində bu rəqəmlər vəziyyətin nə qədər təhlükəli olduğunu göstərir. Yəni hal hazırda təhlükə yalnız və yalnız təhsilin keyfiyyəti, dərsə davamiyyət və ən nəhayət, uşaq xarakterinin formalaşması ilə bağlıdır. Uşaqlar məktəbəqədər təhsil pilləsindən tutmuş, ali məkətəbə qədər ancaq qadın müəllimlərin , evdə də analarının təsiri altında formalaşır ki, bu da onların xarakterinə təsirsiz ötüşmür. Dünyanın bir çox inkişaf etmiş ölkələrində uşaq bağçalarında tərbiyəçi qadın yoxdur.


Etiraf edim ki, bu gün müəllimlərin aldığı əmək haqqı onların aylıq xərclərini ödəmir. Müəllimlərin məvaciblərinin azlığı kişi pedaoqların təhsil sahəsindən uzaqlaşmasına səbəb olur. Hazırda Bakıdakı orta məktəblərdə fəaliyyət göstərən müəllimlərdən 27 mini qadın, 3600-ü isə kişidir. İş o yerə çatıb ki, paytaxt məktəblərində hətta bədən tərbiyəsi və idman dərslərini də qadın müəllimələr tədris edirlər. Sovet hakimiyyətinin ilk illərində Azərbaycanın kənd rayonlarında qadın müəllimlər yox dərəcəsində idi. Bu boşluğu doldurmaq üçün Rusiyanın müxtəlif bölgələrindən, eləcə də paytaxt Bakı şəhərindən yerlərə kütləvi şəkildə qadın müəllimlər göndərirdilər”.

 


Kamran Əsədov qeyd edib ki, kişilərin tədrisə və uşaqların tərbiyə prosesinə yanaşması fərqlidir:

 

“Bunu müxtəlif cür izah etmək olar. Qadınlar bu məsələdən inciməməlidirlər. Bu göstərici onların kişilərdən xarakter baxımından zəif olmaları və ya kişilərdən aşağı səviyyədə tədris etmələri kimi qəbul edilməməlidir. Dünyada bu proses belədir. Hansı ölkələrdə ki, kişilərin sayı qadınların sayından üstündür, bu təhsilin keyfiyyətinə müsbət mənada təsir edir.

 

Hesab edirəm ki, bu sahəyə yenidən kişi müəllimlərin cəlb edilməsi üçün zəruri olan addımların önündə müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi dayanır. Müəllimi müəyyən olunmuş xərclərdən azad etmək lazımdır. Yəni müəllim işıq, qaz, su kimi xərclərdən azad edilməlidir ki, aldığı az əmək haqqını sosial rifahına yönəldə bilsin.


Bu gün müəllim gözünün işığını, sağlamlığını xalqın gələcəyinə sərf edir. Deputata verilən əmək haqqını müəllimə də verməliyik”. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi