Modern.az

Şimali Kiprin təhsil naziri: “20 azərbaycanlı şəhid ailəsinə təqaüd ayırdıq” - MÜSAHİBƏ

Şimali Kiprin təhsil naziri: “20 azərbaycanlı şəhid ailəsinə təqaüd ayırdıq” - MÜSAHİBƏ

Təhsil

31 May 2024, 12:01

Nazim Çavuşoğlu: “Bu dünyada tək qalarıqsa, bizi yox edərlər!”

Bakıda səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin milli təhsil naziri Nazim Çavuşoğlu Modern.az saytının redaksiyasında qonaq olub.

 

O, Modern.az-ın suallarını cavablandırıb.

 

Nazirlə müsahibəni təqdim edirik:

 

- Nazim bəy, redaksiyamıza xoş gəlmisiniz. Bu, sizin Bakıya ilk rəsmi səfərinizdir. Paytaxtımız sizə hansı təəssüratları bağışladı?


- Xoş gördük. Bəli, Bakıya rəsmi olaraq ilk səfərimdir. Bundan öncə heç qeyri-rəsmi formada da gəlməmişdim. Bakı ekoloji cəhətdən çox təmiz şəhərdir. Çox səmimi bir şəhər gördüm. Bakı hər gün modernləşən, infrastruktur baxımından möhkəm şəhər təəssüaratı bağışladı. Təəccübləndim və təqdir etdim. Biz yüz illərdir ki, coğrafi baxımından uzaq düşdük. Lakin ürək birliyimiz vardı. Şimali Kiprin konyunturuna və Qarabağ probleminə görə  görüşə bilmirdik. Amma Şimali Kipr xalqı hər zaman Qarabağ məsələsini yaxından izləyib. Sevincimiz və kədərimiz bir olub. Biz həmişə Azərbaycanın yanında olmuşuq.

Qarabağın yenidən Azərbaycana qaytarılması çox böyük və sevindirici hadisədir. Buna görə ilk növbədə şəhidlərimizə rəhmət, qazilərimizə şəfa və cansağlığı diləyirəm. Cənab Prezident İlhanm Əliyevə də Şimali Kipr Türk Cümhiriyyətinin xalqı olaraq təbrik və təşəkkürlərimizi çatdırırıq. Çünki inandı, mücadilə etdi və böyük qələbə ilə həmin torpaqları Azərbaycana, Türk dünyasına təkrar qazandırdı. Türk dünyasının inkişafında mühüm rol oynayan cənab Prezident Rəcəb Tayyib Ərdoğana və digərlərinə də təşəkkür edirik.
Bu dünyada  tək qalarıqsa, qətiyyən bizi yox edərlər, ya da torpaqlarımızı işğal edərlər.  Türk dünyası birləşərsə, güclənər. Güclü Türk dünyası hər şeyə bədəldir. Şimali Kipr olaraq, həmişə müşahidəçi qismində bu dünyanın içində olmuşuq. Amma bundan sonra əsl üzv olacağımız günlərində gələcəyini bilirik. Kiprdə türk torpaqlarını yüz illər boyu usanmadan, bəhanə gətirmədən qoruduq. Bütün Türk dünyası üçün eyni şeyləri etməyə hazırıq.  Sosial sahədə, təhsil sahəsində işbirliyimizi artırıb, qardaşlığı möhkəmləndirməliyik.
 

- Şimali Kiprin təhsil sistemi ilə bağlı oxucularımıza məlumat vermənizi istərdik...


- Azərbaycanda elm və təhsil naziri ilə, Milli Məclisin Elm və təhsil komitəsilə görüşlər keçirmişik. Uzun illərdir ki, azərbaycanlı tələbələr bizim ölkəmizdə təhsil alırlar. Onların arasında təbii ki, təqaüd alanlar və almayanlar var. Elm və təhsil naziri və Milli Məclisin Elm və təhsil komitəsilə, dostluq qrupu ilə görüşlərdə ortaq diplom, ikili diplom, akademik və tələbə mübadiləsi, gənclər kamplarında birgə olmaqla bağlı müzakirələr apardıq. Bunlar üzərində işlənilməli məsələlərdir.

Şimali Kiprdə 23 universitet var. Bizim universitetlərimizin diplomları bütün dünyada tanınır. Təhsil iki dildə - ingilis və türkcədir. Şimali Kiprə 100-dən çox ölkədən tələbə, 40-dan çox ölkədən müəllim gəlir. Həmin  tələbələrin mədəniyyətləri ilə tanış olmaq və onlarla dostlaşmaq imkanları da əldə edirsiniz. 40-dan artıq ölkədən gələn müəllimlərdən müxtəlif dünyagörüşü öyrənirsiniz. Dünyanın müxtəlif ölkələrindən gələn tələbələrlə əlaqə qura bilmək, dost olmaq ən azı diplomunuz qədər dəyərlidir. 40 ölkədən gələn müəllimlərdən dərs almaq böyük zənginlikdir. Normalda etdiyiniz ödənişlə bu qədər imkanı bir araya gətirə bilməzsiniz.

Şimali Kiprdə ən böyük zəngiliklərə inanc və ifadə özgürülüyünün olması da daxildir. Universitetlərin özü özgürlükçü baxış bucağına sahibdir. İstədiyinizlə dost və yoldaş ola bilərsiniz. Dil, din, irq ayrıseçkiliyi yoxdur.   Hər il 20 000-ə yaxın tələbə bizdən məzun olmaqda və dünyaya yayılmaqdadır. Bu gün Şimali Kiprdə oxuyan bir çox azərbaycanlı tələbə ilə tanış olduq, hansı ki onlar ölkəmizdən qopa bilməyiblər. Buna çox sevindik. Şimali Kiprə gedən adam dünyanın 50-100 ölkəsinə getmiş kimi hiss edir. Çox rəngli bölgəyə girmiş olur.  

4 il ərzində Afrikadan Amerikaya qədər dostlarınız olur. Sanki biznesmen olduğunuzu düşünün. Kiminlə necə işləyəcəyinizi bilirsiniz. Yaxud onlardan əldə etdiyiniz vizyonunuzu inkişaf etdirir və ölkənizə xidmət edirsiniz.
40 ölkədən müəllimlərin gəlməsi ilə onların ölkəsində sistemin necə olduğu barədə məlumat sahibi olursunuz. Azərbaycandan da Şimali Kiprdə müəllimlik edənlər var. Onların çox böyük xidmətləri olub. Hamısına ayrıca təşəkkür edirəm.

Bizim universitetlərimiz kampus formatındadır. Kampusda həm universitet, həm də yataqxana var, istəyən dərsə piyada gedib-gələ bilir. Yataqxanadan bezənlər dostları ilə ev kirayə edə bilir. İqtisadi durumuna görə evlər var. Öz cibinə uyğun yataqxanaların səviyyəsi var, onladan kirayələyə bilərlər. Kaş varlı ölkə olaydıq və bütün tələbələrə daha çox təqaüd verəydik. Lakin biz indi məhdud sayda təqaüdlər verə bilirik. Ancaq universitetlər uğurlu tələbələrə çox ciddi sayda təhsil təqaüdü verir.
 
Elm və təhsil naziri ilə görüşdə şəhid ailələrinə 20 təqaüd ayırdıq. Həm təhsil, həm yataqxana xərclərini ödəməklə bağlı imkan irəli sürdük. Lakin bunlar qeyri-məhdud deyil. Tələbələr universitetlərlə təmasda olsalar, çox ciddi təqaüdlər ala bilərlər. 50 faiz təqaüdlər var. Çox uğurlu tələbələrə 100 faiz təqaüd də verilir. Tələbə də istər ingilis, istərsə də türkcə təhsil ala bilər.


- Şəhid ailələrinə ayrılan təqaüddən bəhs etdiniz. Bu çərçivədə nə qədər azərbaycanlı Şimali Kiprə təhsil üçün gedə biləcək və bu hər il olacaqmı?


- Bizim Elm və Təhsil Nazirliyinə təqdim etdiyimiz 20 ədəd təqaüd var. Bu say daha da arta bilər. Lakin tələbələr özləri də universitetlərə müraciət edə və öz imkanları hesabına təqaüd ala bilərlər. 1000-2000 nəfər gedə bilər. Elm və Təhsil Nazirliyinə verdiyimiz təqaüd çox güman ki, hər il olacaq. Bu proses ilkdir. Bundan sonra da prosesi davam etdirəcəyik. Çünki canını, qanını Azərbaycanın milli mücadiləsinə verən insanlara sahib çıxmaq bizim də vəzifəmizdir. Qardaşıqsa, şəhidləri tək Azərbaycana buraxmaq düzgün deyil. 


- Azərbaycanın türk dövlətləri ilə əməkdaşlığı çərçivəsində Qazaxıstan Füzulidə Uşaq Yaradıcılıq Mərkəzi, Özbəkistan isə məktəb açıb. Qırğızıstan Respublikası da Ağdamda orta məktəbin inşasına başlayıb. Bəs Şimali Kipr Türk Cümhuriyyəti ilə Azərbaycan arasında işğaldan azad olunmuş ərazilərlə bağlı belə bir anlaşma ola bilərmi?

- Təbii ki, bunu hökumətimizlə danışmalıyıq. Prezidentimiz və Baş nazirimiz Azərbaycana gələndə bu məsələni müzakirə edə bilərlər.

- Azərbaycanlı tələbələr Şimali Kipr universitetlərinə qəbul olunduqda hansı şərait altında təhsil alacaqlar?

- Bu sual bütün Türk dünyasını maraqlandırır. Bizim universitetlərə qəbul olunan tələbələr təyyarə ilə ölkəmizə gəlir. Prosedurları həyata keçirdikdən sonra universitet həmin tələbələri avtobusla aparır. Yataqxanada qalacaqsa, ora aparılır. Yox, yataqxanada qalmayıb başqa yerdə məskunlaşacaqsa, universitet bunun üçün köməklik edir. Məskunlaşmasını öz istəyinə uyğun müəyyən etdikdən sonra orada rahat yaşayışı olur.

Onlar bizim universitetlərdə beynəlxalq standarlara uyğun bir çox ixtisaslarda keyfiyyətli təhsil alırlar. Şimali Kipr universitetləri seçən tələbənin ciddi problem olmur. Onlar 100-dən çox ölkədən gələn tələbə ilə dostluq əlaqələri qurur. Xarici dili yoxdursa, kursa gedib bu boşluğu doldurur. Təhsil dilini türkcə seçənlərin problemi olmur. Amma ingilis dili səviyyəsi kafi deyilsə, hazırlıq ala bilər. 

- Azərbaycanlı həmkarınız Emin Əmrullayevlə görüşdünüz. İki ölkə arasında mühüm işlərin həyata keçiriləcəyi danışılır…

- Rektorlarımız dünən universitetlərlə dəyirmi masa ətrafında görüşdülər. İşbirliklərini necə inkişaf etdirəcəkləri barədə söhbətləşdilər. Biz dünən elm və təhsil naziri Emin Əmrullayevlə və Milli Məclisin Elm və təhsil komitəsi ilə görüşdük. Burada daha çox proqramlarımız var. Bakıda Türk dövlətlərinin elm və təhsil nazirləri ilə də görüşəcəyik.
Ortaq türk tarix yazımlarının bir parçası olmaq istəyirik, ortaq dil və tarix fənləri sahəsində işbirliyimiz davam edəcək. Biz Türk dövlətləri birliyi üçün görülən işləri dəstəkləyirik və dəstəkləyəcəyik. 

- Şimali Kiprdən gələcəkdə Azərbaycana müəllimlər gələ bilər?

- Qarşılıqlı olaraq universitetlərarası əlaqələri inkişaf etdirmək üçün rektorlararası protokollar imzalanmalıdır. Bizim Elm və təhsil Nazirliyi ilə protokollarımız olmalıdır. Yəni hüquqi baza formalaşdırılmalıdır. Hər kəsin üzərinə düşən vəzifəni yazmalı və imzalamalıyıq. Dövlətin ali qurumlarından təsdiq almalıyıq. Hazırda bizim müzakirələrimiz sadəcə ideyaları bölüşməkdir. Mənim daha sonra hökumətdən icazə almağım vacibdir.  
Biz münasibtələrimizi Türkiyə ilə də bu cür həyata keçiririk. Bütün bunları etməklə daimi bir zəmin olacaq və onun üstündə bir çox binanını inşa edə biləcəyik.

- Türkiyə-Azərbaycan birgə universitetinə Şimali Kiprdən də müəllim və tələbələrin gəlməsi gözlənilirmi?

- Biz hazırda Azərbaycandakı universitetləri araşdırırıq. Ehtiyac hiss etdiyimiz sahələrdə tələbələrimizi buraya göndərəcəyik. Yaxud buradakı tələbələrin zamanla Şimali Kiprə semestrlik, yaxud tələbə mübadiləsi ilə getməsi nəzərə alınacaq.

- Qeyd etmisiniz ki, əvvəlki illərlə müqayisədə indiki dövrdə Şimali Kiprə təhsil üçün gedənlərin sayı azalıb. Bunun səbəbi nədir?

- Məsələ bundan ibarətdir ki, bizim universitetlər kifayət qədər reklam oluna bilmirlər. Türkiyə universitetləri özlərinin təqdimatını aktiv şəkildə həyata keçirir. Tələbələr də özünü daha yaxşı təqdim edən tərəfə yönəlirlər. Halbuki, tələbələr Türkiyədə də, bizdə də oxusa, eyni şeydir. Türkiyə ilə heç bir ayrı-seçkilik etmirik. Amma Şimali Kiprdə olan çoxmədəniyyətli ortam yalnız bizdədir.

- Bir tələbə təhsil üçün niyə Şimali Kiprə getməlidir?

- Beynəlxalq standartların üstündə təhsil alacaq. İngilis dilində öyrənəcək. Özünü çox inkişaf etdirəcək. 40-dan çox ölkədən müəllimləri olacaq. Ailəsi ondan nigaran qalmayacaq. Güvənli türk torpağında olacaq. Turizm və tələbə adası olan Şimali Kiprdə maraq dairəsi genişlənəcək. 100-dən çox ölkədən dostları olacaq. Bu birləşməni dünyanın heç yerində görə bilməzsiniz. Biz tələbələri gözləyirik.

 

Turqay Musayev

 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusunda dərc olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri