Modern.az

Elm və təhsil komitəsi iki qanun layihəsini plenar iclasa tövsiyə etdi

Elm və təhsil komitəsi iki qanun layihəsini plenar iclasa tövsiyə etdi

Təhsil

24 Aprel 2024, 14:24

Aprelin 24-də Milli Məclisin Elm və təhsil komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, komitə sədri Bəxtiyar Əliyev gündəliyə üçüncü oxunuşda olan iki qanun layihəsi - “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Veteranlar haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Peşə təhsili haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinin daxil edildiyini deyib.

 

Qanun layihələri barədə məlumat verən komitə sədri qeyd edib ki, hər iki sənədə təklif olunan dəyişikliklər mahiyyətcə eynidir. Dəyişikliklər Prezident İlham Əliyevin aztəminatlı təbəqələrdən olan və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək siyasətinə uyğun olaraq bu kateqoriyadan olan insanların əhatə dairəsini genişləndirəcək. Komitə sədri deyib ki, müzakirəyə təqdim olunan “Təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklərdə təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi nəzərdə tutulan sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin tam dairəsi müəyyən edilib.

 

İkinci qanun layihəsində isə sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə onların təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsinin digər müvafiq qanunlarda da təsbit olunması təklif edilib.

 

Bəxtiyar Əliyev sənədlərin əvvəlki oxunuşu barədə məlumat verib və layihələrdə heç bir dəyişikliyin aparılmadığını bildirib.

 

Məsələlərin müzakirəsində Milli Məclisin deputatları Eldar Quliyev, Ceyhun Məmmədov, Pərvin Kərimzadə, İsa Həbibbəyli və Fatma Yıldırım çıxış edərək qanun layihələri ilə bağlı fikirlərini bildiriblər.

 

Müzakirələrin sonunda hər iki qanun layihəsi üçüncü oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var