Modern.az

Təhsilin yeni dövrü: Valideynlər sertifikasiyasız müəllim İSTƏMİR

Təhsilin yeni dövrü: Valideynlər sertifikasiyasız müəllim İSTƏMİR

Təhsil

15 May 2024, 09:03

Gələn ay Azərbaycanda müəllimlərin sertifikatlaşdırma prosesi başlayır. 2024-cü il üçün təşkil olunacaq sertifikasiya imtahanlarında riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) fənlərini tədris edən, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak edəcəklər.

 

İlk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi 21, 22, 24 iyun tarixlərində, ötən il uğur qazana bilməyən müəllimlərin təkrar sertifikatlaşdırılması isə 8 iyun tarixində keçiriləcək. 

 

Ötən il sertifikasiya prosesinə 29 951 müəllim cəlb olunub. Sertifikatlaşdırmadan keçmiş 5 246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 914 təhsilverənə isə 10 faiz artım tətbiq edilib. Cari ildə isə 30 000-dən çox təhsilverən sertifikatlaşdırma prosesinə cəlb ediləcək. 2026-cı ilə qədər ölkədə 137 minə yaxın müəllimin sertifikasiyadan keçməsi planlaşdırılır.

 

Qeyd edək ki, sertifikatlaşdırma müəllimlərin peşəkarlıq səviyyələrinin yoxlanılması məqsədilə keçirilir. Sertifikatlaşdırma zamanı təhsilverənlərin peşə yararlılıqlarını yoxlamaq, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənmək üçün fürsət yaranır.

 

Müəllimlərin sertifikasiyası ictimaiyyətin bütün kəsimlərini maraqlandıran məsələdir. Odur ki, ictimaiyyət prosesi yaxından izləyir və müəllimlərin peşəkarlıqlarının artırılması üçün həyata keçirilən bu imtahanları dəstəkləyir. Hər bir valideyn övladının yaxşı təhsil almasını arzulayır. Bu mənada sertifikasiya həm də valideynlərin dəstəyini qazanıb.

 

Modern.az sertifikasiya ilə bağlı müxtəlif sahələri təmsil edən şəxslərlə söhbətləşib.

"Çalışmalıyıq ki, savadlı, bilikli, bacarıqlı müəllimlər məktəbdə qalsınlar"

 

Hər iki övladı orta məktəbdə oxuyan Milli Məclisin deputatı Naqif Həmzəyev Modern.az-a açıqlamasında deyir ki, sertifikasiya ilə bağlı müzakirələr illərdir gedir.

 

"Müxtəlif auditoriyalarda valideyn kimi bu müzakirələrin iştirakçısı olmuşam. Təbii ki, bu mövzu məni də düşündürür. Əgər müəllim hazırlayan universitetlərdə tədris və təhsili yüksək səviyyədə qura bilsək, məzunlar işə qəbul imtahanını yüksək səviyyədə verərək müəllim adını qazansalar düşünürəm ki, həmin müəllimlər üçün sertifikasiyada iştirak etmək heç zaman çətinlik yaratmayacaq. Uzun illər bundan öncə ali məktəbi bitirmiş, illərdir orta məktəbdə çalışan müəllimlər var ki, çox savadlı, bilikli şagirdlər yetişdirirlər. Onların çox zəngin təcrübələri var.  Ancaq təəəsüf ki, müasir metodika, bu metodikanın mənimsənilməsi ilə bağlı sertifikasiyada onlara verilən suallarla bağlı müəyyən problemlər yaşanır.  Biz nəsillər arasında çətinliklər yaşandığına şahidik. Gənc müəllimlər bu sertifikasiyadan rahatlıqla keçirlər. Ancaq orta nəslin nümayəndələri əziyyət çəkirlər. Bu baxımdan bir müddət sonra bu cür sertifikasiya hər hansı çətinlik yaratmayacaq.

 

Bəzi müəllimlər var ki, onlar orta məktəblərdə tədrisdən çox hazırlıqlara diqqət yönəldiblər. O müəllimlər təbii ki, rahatlıqla sertifikasiyadan keçirlər, ancaq bu müəllimlər tədris prosesində yaxından iştirak etmirlər. Görününən odur ki, biz məsələlərə  müəyyən dərəcədə fərdi yanaşmalıyıq. Əməyi keçən, əziyyəti olan təcrübəli müəllimlərimizi düzgün qiymətləndirmək lazımdır. Həqiqətən də müəllimlər var ki, onlar tədrisdə zəif nəticə göstərirlər. Onların məktəbdə qalıb dərs demələri üçün heç bir əsas yoxdur, onlar sertifkasiya olmadan da  tədrisdən uzaqlaşdırılmalıdırlar. Ancaq biz çalışmalıyıq ki, savadlı, bilikli, bacarıqlı müəllimlər məktəbdə qalsınlar. Onlara dəstək olaq. Valideynlərin də bu prosesə müdaxilə etməsinin qarşısın alaq, çünki vaxtilə bizi yetirşdirən formalaşdıran müəllimlər təzyiq altındadırlar. Biz müəllimlərimiz qədrini bilməli, onları qorumalıyıq.”.

"İşinin peşəkarı olmayan mütəxəssislərlə heç bir islahata nail oluna bilməz"

 

Azərbaycan Respublikasının Əməkdar Rəssamı, deputat Ülviyyə Həmzəyeva isə bildirir ki, dünyanın bir çox ölkəsində müxtəlif peşə sahiblərinin bilik və bacarıqlarının ölçülməsi məqsədilə dəyərləndirmələr aparılır: 

 

“Bu prosesin adı attestasiya, sertifikasiya, performans dəyərləndirməsi və sair olsa da məqsəd birdir – mütəxəssislərin məsuliyyətini artırmaq, innovativ yeniliklərin öyrənilməsi və iş yerində tətbiqi, mütəxəssislərin dərəcə və vəzifə artımına şərait yaratmadır. Bu baxımdan ölkəmizdə müəllimlərin sertifikatlaşdırılması həm sürətlə inkişaf edən dünyamızda müasir tendensiyaların təqib edilərək öyrənilməsi, həm də müəllimlərin yüksək peşəkar mütəxəssis kimi inkişaf etməsinə təkan verəcəkdir. Təqdirəlayiq haldır ki, sertifikasiyadan keçmiş müəllimlərin əməkhaqları göstərdikləri nəticələrə görə artırılır və bu da öz növbəsində onlara daha da həvəsləndirərək yeni nailiyyətlər əldə etmələri üçün stimul verir. Azərbaycanda tətbiq olunan sertifikasiya prosesi kifayət qədər ədalətli və mütərəqqidir. Sertifikasiyada ən az 50% nəticə göstərən mütəxəssislər uğurla prosesi tamamlamış sayılır ki, bu da fikrimcə, kifayət qədər mülayim yanaşmadır. 


Prezident İlham Əliyev 2020-ci ildə yeni təyin olunmuş təhsil nazirini videoformatda qəbul edərkən bildirmişdi ki, “təhsilin səviyyəsi, eyni zamanda, elmi-texniki tərəqqini də böyük dərəcədə şərtləndirir. İnkişaf etmiş ölkələrin təcrübəsinə baxdıqda, görürük ki, onları inkişaf etmiş ölkələrə çevirən təbii resurslar yox, məhz bilik, savad, təhsil və elmin inkişafıdır... Təbii ki, dünyada gedən müsbət tendensiyalara daim fikir verilməlidir".

 

Bu gün ölkəmiz elə sürətlə inkişaf edir ki, kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun inkişaf edə bilmir. Bunun nəticəsində bizim son illər ərzində yaradılmış bir çox müasir müəssisələrdə xarici mütəxəssislər bütün rəhbər orqanlarda təmsil olunurlar. Mən buna normal baxıram, burada problem görmürəm. Bu, bütün dünyada belədir və peşəkar kadrların miqrasiyası təbii prosesdir. Amma mən çox istərdim ki, bizim kadrlarımız da yetişsin və həm Azərbaycanda, həm də başqa ölkələrdə azərbaycanlı kadrlar yüksək vəzifələrdə işləsinlər. Bəli biz istəsək də, istəməsək də dəyişən dünyaya ayaq uydurmaq məcburiyətindəyik. Gələcəyin qurulmasının açarı təhsildir. Ona görə də biz elm, təhsil sahəsində ciddi olmalıyıq. Bu gün bütün sahələrdə dövlətimizin həyata keçirdiyi və davamlı islahatların şahidiyik. Ancaq unutmaq olmaz ki, işinin peşəkarı olmayan mütəxəssislərlə heç bir islahata nail oluna bilməz. Bu mütəxəssisləri isə dəyərli peşəkar müəllimlərimiz yetişdirirlər”-deyə Ü.Həmzəyeva qeyd edib. 

"Sertifikatlaşma həm valideyinlərin, həm də müəllimlərin marağındadır"


Jurnalist Məzahir Məmmədlinin sözlərinə görə əslində, cəmiyyət də, valideynlər də müəllimlərin sertifikasiyadan keçməsinə maraqlıdır:


“Artıq iki ilə yaxındır ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesi mərhələli şəkildə davam edir. Prosesə ilk olaraq ibtidai sinif müəllimləri cəlb olunub. Təhsilverənlərin sertifikatlaşdırılması prosesi dünyanın inkişaf etmiş bir çox ölkələrində həyata keçirilir. Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılmasının keçirilməsində əsas məqsəd müəllimlərin bilik səviyyəsini artırmaq, onların fərdi inkişafına nail olmaq, eyni zamanda müəllimlərin əmək haqlarının stimullaşdırılmasıdır. Bildiyimiz kimi ümumi təhsil məktəblərində müəllimlərin sertifikasiyasına başlananda proses müəllimlər arasında müəyyən narahatlıqlar yaratdı. Lakin xatırlıyırsızsa, ibtidai sinif müəllimlərinin seftifikasiyasından sonra digər fənn müəllimləri də prosesə cəlb olunmaqda maraqlı oldular. Müəllim özlərinin əmək haqlarının artırılması üçün bu prosesdə maraqlıdırlar. Valideynlər isə düşünürlər ki, övladlarına bütün imtahanlardan keçən öz peşəsinin tam mənada mənimsəyən müəllimlər dərs keçəcəklər. Bu baxımdan həm cəmiyyət, həm müəllim, həm valideyn artıq bu məsələdən kifayət qədər yararlana bilir. Bu prosesin faydalılığı ortadadır. 

 

Əgər bir müəllim öz ixtisasını bilmirsə, yəni serftikasiyadan minimum bal belə toplaya bilmirsə, niyə mənim övladıma dərs deməlidir? Düşünürəm ki, sertifikasiya zamanında qoyulmuş bir tələbdir. Elm və Təhsil Nazirliyinin sertifikatlaşma ilə bağlı apardığı prosesi artıq həm valideyinlərin, həm də müəllimlərin marağındadır.


Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli hesab edir ki, təkcə müəllimlərin yox, bötüvlükdə digər sahə mütəxəssislərinin sertifikasiya olması təbii prosesdir:


“Bu təhsilin tərkib hissəsini təşkil edir. Ayrıca peşəkar yanaşmada da nəzərə alınmalı prosedurdur. Müəllimlik peşəsi müasir inovativ üsullara əsaslanmalıdır. Müəllimlik ən son elmi naliyyətlərin tətbiq olunduğu sahədir. Belə halda müəllimin hazırlığı, pedaqoji vəziyyəti son dərs materialları ilə adekvat məşğul olma imkanı, dünyadakı inovativ yenilikləri gətirib, təhsilə tətbiq etmə bacarığı hamısı gündəmdə olmalıdır. Əgər müəllimlər keçirilən dərslər əsasında onlar üçün nəzərdə tutulan vəsaitlərlə hazırlanan suala cavab verə bilmirlərsə, bunu hansısa formada təqdim etmək doğru deyil. Məncə burada təkcə məsuliyyət valideynlərin üzərində  qalmamalıdır. Bütün təhsil müəssisələrinin istənilən səviyyəsində nazirlik, valideynlər, təhsillə maraqlanan hər kəs sertifikasiyanın tərəfində dayanmalıdırlar”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?