Modern.az

Bağçaların dirçəlişi: Məktəbəqədər təhsil son 3 ildə necə dəyişib...

Bağçaların dirçəlişi: Məktəbəqədər təhsil son 3 ildə necə dəyişib...

Təhsil

16 May 2024, 14:06

Məktəbəqədər təhsil uşaqların şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır. Fasiləsiz təhsil sisteminin ilk pilləsi kimi bu təhsil vasitəsilə uşaqların erkən yaş dövrlərində əqli, fiziki, yaradıcı potensialının və mədəni səviyyəsinin inkişafı, psixoloji dayanıqlılığı, estetik tərbiyəsi, sadə əmək vərdişlərinə yiyələnməsi, ətraf aləmə, şəxsi sağlamlığın qorunmasına həssas və şüurlu münasibəti, zəruri həyati bacarıqlara yiyələnməsi və şəxsiyyətinin formalaşdırılmasının əsası qoyulur.

 

2011-ci ildə məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları Təhsil Nazirliyinin balasından çıxarılaraq icra hakimiyyətlərinin tabeliyinə verilib. Bunun əsas səbəb o idi ki, bağçaların maddi-texniki bazası, eyni zamanda təmir-tikinti bərpa işlərinin həyata keçirilməsi üçün daha çevik qərar qəbul etmək lazım idi.

 

Ancaq uşaq bağçaları icra hakimiyyətlərinin tabeliyinə verildikdən sonra sözügedən təhsil müəssisələrində neqativ halların sayında artım müşahidə edilirdi. İcra hakimiyyətlərinin vəzifəli şəxsləri öz yaxınlarını bağçalara təyin edir, azyaşlıların təminatı ilə bağlı problemlər yaşanırdı.

 

Ekspertlər icra hakimiyyətlərinin tabeliyində olduğu müddətdə bağçaların fəaliyyəti səmərəsiz hesab edir. Həmin dövrdə icra hakimiyyətlərinin məktəbəqədər təhsil müəssisələrini uşaqların sağlamlığına, zehni inkişafına müsbət təsir edəcək qidalarla təchiz etmədiyi də müzakirə olunan əsas mövzulardan idi.

 

2021-ci ildə bağçalar yenidən Nazirliyin tabeliyinə qaytarılıb. Həmin dövrdən başlayaraq məktəbəqədər təhsil sahəsində ciddi islahatlar aparılıb.

"10 il ərzində ölkədə cəmi 18 məktəbəqədər təhsil müəssisəsi tikilib"

 

Modern.az-a danışan təhsil eksperti Elşən Qafarov bildirir ki, dövlətin təhsil siyasətinin həyata keçirən mərkəzi icra hakimiyyət orqanı Elm və Təhsil Nazirliyidir:

 

“Bütün dövlət təhsil müəssisələri məhz Elm və Təhsil Nazirliyinin tabeliyində olmalıdır. 2011-ci ildə məktəbəqədər təhsil müəssisələrinin yerli  icra hakimiyyətlərinin tabeliyində verilməsi təhsilin bu pilləsinə çox böyük, ciddi fəsadlar törətdi. 2011-2021-ci illər - 10 il ərzində ölkədə cəmi 18 məktəbəqədər təhsil müəssisəsi tikilib. Halbuki həmin dövrdə minlərlə ümumtəhsil məktəbi təmir olundu, yenidən tikildi. Bu gün məktəbqədər təhsil müəssisələrində 18 min təhsilverən çalışır. Onun 6 minə yaxının təhsili yoxdur. Yerdə qalanın 6 mindən artığının ümumiyyətlə məktəbəqədər təhsili yoxdur. Yerli icra hakimiyyət orqanları məktəbəqədər təhsilin infrastrukturunun inkişafı ilə bağlı heç bir addım atmadı. Baxmayaraq ki, keçən müddət ərzində regionların sosial-iqtisadi inkişafı ilə bağlı 40 milyarda yaxın vəasit ayrıldı. Yerli İcra Hakimiyyət orqanları nə etdilər?Məktəbəqədər təhsil müəssisələri tikmədilər. Qeyd etdiyim 18 təhsil müəssisələrini Heydər Əliyev Fondu tikib”. 

 

Qeyd edək ki, Azərbaycanda olan 1 844 məktəbəqədər təhsil müəssisəsinin 1 696 ədədi dövlət, 148 ədədi özəldir. 2022-ci ildə də özəl müəssisələrin sayında artım davam edib. Bir ildə özəl bağçaların sayı 11 ədəd artıb. Özəl məktəbəqədər təhsil müəssisələrinin daha çox hissəsi körpələr evidir. Körpələr evlərinin sayı 80, uşaq bağçalarının sayı isə 68-dir. 

 

Ölkəmizdə 2013-cü illə müqayisədə 2023-cü ildə 1-5 yaşlı uşaqların məktəbəqədər təhsildə iştirak faizi 2 dəfədən çox artıb. Belə ki, 1-5 yaşlı uşaqlar üçün erkən təhsildə iştirak nisbəti 2013-cü ildə 16.2%, 2018-ci ildə 26.7%, 2023-cü ildə isə 35.3% təşkil edib. 

 

"Bağçalar icra hakimiyyətlərinin tabeliyində çox bərbad şəkildə idarə olunurdu"

 

Elşən Qafarovun sözlərinə görə, məktəbəqədər təhsil müəssiələri Elm və Təhsil Nazirliyinin ixtiyarına verildikdən sonra mərkəzləşmiş qaydada, şəffaf şəkildə tərbiyəçilərin, bağça müdirlərinin işə qəbulu prosesi keçirilib.

 

“Bu yaxınlarda onların sertifikasiyası gözlənilir. Təchizat, təminat məsələlərində çox ciddi dönüş var. Bunun valideynlər də, tərbiyəçilər də yaxşı bilir. Məktəbəqədər müəsissələrin təchizat məsələsi əvvəlki illərə nisbətən çox ciddi dönüş var. Əvvəllər uşaqların boğazına yerli icra hakimiyyəti orqanlarının müvafiq orqanları şərik idilər. Heç bir metodik iş getmirdi. Çox bərbad şəkildə idarə olunurdu. Elm və Təhsil Nazirliyinin tabeliyinə qaytarılması çox düzgün addım oldu.  Son 3 ildə edilən dəyişiklikləri valideynlər çox gözəl görürlər. Bu işləri alqışlayırıq. Görüləsi işlər çoxdur. İnfrastrukturun yenilənməsi, yeni məktəbəqədər təhsil müəssislərinin tikilməsi, özəl sektora bu sahədə xüsusi dövlət dəstəyinin verilməsi, şəbəkənin genişləndirilməsi kimi işlər görülməlidir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi