Noyabrın 5-də Ermənistan paytaxtının mərkəzində keçirilən yürüş iştirakçıları ilə polis arasında toqquşma nəticəsində bir neçə adam yaralanıb, onlarla aksiya iştirakçısı həbs olunub.
Yerevan Azadlıq meydanında “Mən inqilab başlayıram” şüarı altında təkbaşına aksiya keçirən müxalifətçi Şant Harutyunyan noyabrın 5-də bir qrup tərəfdaşları ilə “Anonymous” maskalı yürüşə başlayanda Harutyunyanla bir neçə mülki geyimli, onun sözlərinə görə, provokatorlar arasında toqquşma başlanıb.
Həmin vaxt güclü gurultu və işartı ilə müşayiət olunan partlayışlar baş verib, polislə vətəndaşlar arasında əlbəyaxa davam edib. Bu barədə BBC Azərbaycancanın Yerevandakı müxbiri Aleksey Manvelyan məlumat verir.
Hadisə yerinə böyük sayda, o cümlədən, xüsusi təyinatlı polis qüvvələri gətirilib və situasiya polis tərəfindən nəzarət altına alınıb.
“Reuters” xəbər agentliyinin məlumatına görə Şant Harutyunyan Prezident Sarayına gedərkən polis onun yolunu kəsib.
İğtişaşla bağlı Ermənistan polisinin bəyanatına əsasən, "20-yə yaxın qanun pozanlar saxlanılıb", insident nəticəsində aksiya iştirakçıları və polis əməkdaşları arasında yaralananlar var.
Aksiya iştirakçıları yürüş zamanı üzlərini maska ilə örtüblər.
Modern.az