Noyabrın 7-də Səbail Rayon Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanan jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimlinin iki məhkəməsi keçirilib.
Birinci prosesdə məhkəmə qərarı olmadan jurnalistin evində və çalışdığı ofislərdə axtarış aparılmasının qanunsuz hesab edilməsi və götürülmüş əşyaların geri qaytarılması haqda müdafiə tərəfinin qaldırdığı iddiaya baxılıb.
Pərviz Həşimlinin vəkili Elçin Sadıqov “Media forum” saytına deyib ki, proses hakim Nurəddin Bağırovun sədrliyi ilə keçirilib: “Məhkəmə qərarı elan olundu. Evdə və ofisdə aparılmış axtarışlarla bağlı şikayət təmin edilmədi. Bu qərardan apellyasiya şikayəti verəcəyik. Avropa Məhkəməsinə də şikayət göndərəcəyik”.
İkinci məhkəmə prosesi hakim Anar Tanrıverdiyevin sədrliyi ilə keçirilib. Bu prosesdə Pərviz Həşimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin daha 3 ay artırılması barədə istintaq orqanının verdiyi təqdimata baxılıb. Təqdimat təmin olunub. Pərviz Həşimli barəsində həbs qətimkan tədbiri 2014-cü il fevralın 17-dək artırılıb.
Hər iki prosesdə Pərviz Həşimlinin özü də iştirak edib.
Pərviz Həşimli sentyabrın 17-də digər Azərbaycan vətəndaşı Təvəkkül Qurbanovla birgə tutulub. Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işinə başlayıb.
Modern.az