Modern.az

Müəllimlər bu qaydalara riayət etməlidir! - Nazirlikdən QƏRAR

Müəllimlər bu qaydalara riayət etməlidir! - Nazirlikdən QƏRAR

23 May 2024, 15:26

Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024-cü il qərarı ilə "Təhsilverənlərin etik davranış Qaydaları" təsdiq edilib.

 

Modern.az-ın məlumatına görə, sözügedən sənəddə pedoqoji heyətin təhsil müəsisələrində davranış qaydaları öz əksini tapıb.

 

Qaydalara əsasən, təhsilverənlər tədris prosesi zamanı qanunçuluq, vicdanlı davranış, loyallıq, mədəni davranış, qərəzsizlik, ictimai etimad, insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət kimi prinsiplərə əməl etməlidir.

 

Təsdiq edilən sənədə əsasən, təhsilverən icra və əmək intizamına riayət etməli, üzrsüz səbəbdən işdən yayınmamalıdır.

 

O, birbaşa və yuxarı rəhbərinin qanunvericiliyə uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi əmr və (və ya) tapşırıqları yerinə yetirməyə borcludur. Təhsilverən birbaşa və ya yuxarı rəhbər tərəfindən verilən əmr, sərəncam və ya tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, bu barədə yazılı əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir. O, birbaşa rəhbərindən bu əmr, sərəncam və ya tapşırığın yazılı şəkildə təsdiq olunmasını tələb etməlidir. Birbaşa rəhbərindən yazılı şəkildə təsdiq edilmiş əmr, sərəncam və ya tapşırıq almasına baxmayaraq, təhsilverən onların qanuna, yaxud digər normativ hüquqi akta zidd olmasına inanmaqda davam edərsə, o, həmin əmr, sərəncam və ya tapşırığın yerinə yetirilməsindən imtina edə bilər.

 

Müəssisə rəhbərinin qanuni göstərişlərinin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur. Təhsilverən korrupsiyaya imkan verməməli, təhsilalanları korrupsiyaya qarşı barışmazlıq ruhunda yetişdirməlidir.

 

Təhsilverən xidməti vəzifəsinin qərəzsiz icrası (icra etməməsi) ilə bağlı məsələlərdə ona təsir etmək cəhdlərinin qarşısını qətiyyətlə almalı, belə cəhdlərin mövcudluğunu ehtimal etməyə əsas olduqda heç kimdən hər hansı formada hədiyyə, bəxşiş, ödəniş və s. tələb və ya qəbul etməməlidir. Bu qayda qonaqpərvərliklə bağlı və dəyəri “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.

 

Təhsilverən özünün bilik və bacarıqlarını inkişaf etdirməli, təhsilalanların nailiyyətlərini yüksəltmək məqsədilə davamlı peşəkar inkişafını təmin etməlidir.

 

 Təhsilverən nitqində Azərbaycan ədəbi dilinin normalarına riayət etməli, təhsilalanların rifahı və öyrənməsi üçün dəstəkləyici, inkişafetdirici, sağlam və təhlükəsiz mühitin qurulmasını təmin etməlidir.

 

Təhsilverən xidməti vəzifələrini icra edərkən təhsil müəssisəsinin ərazisində siqaret çəkməməli, dövlət əmlakından şəxsi maraqlar, habelə xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməməlidir.

 

Təhsilverən şəxsi həyatında milli əxlaq, ictimai davranış normalarına əməl etməli, xidməti fəaliyyətindən kənar sosial münasibətlərinin peşəkar fəaliyyətinə nüfuz etməsinə yol verməməlidir.

 

Təhsilverən sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmamalı, ictimai davranış normalarına riayət etməli, cəmiyyətin və ayrı-ayrı fərdlərin hüquqlarının pozulmasına gətirib çıxaran əməllərdən çəkinməli, təbiətin, tarixin və mədəni irsin qorunmasına həssas yanaşmalıdır.

 

Qərara əsasən, təhsil müəssisəinin rəhbəri kollektivi bu Qaydalarla tanış etməli, təhsilverənin davranışının bu Qaydalara uyğunluğuna nəzarət etməli, onun təhlili və müzakirəsini aparılmalı, təhsilverənləri hüquqa və etik normalara zidd olan hərəkətlərə sövq etməməlidir.

 

Rəhbərlər etik davranış qaydalarını pozan təhsilverənlərin intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməli, müəssisənin kollektivini və ictimaiyyəti bu Qaydaların pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə məlumatlandırmalı, bu Qaydaların pozulmasının nəticələrinin aradan qaldırılması, təhsil müəssisəsinə ictimai etimadın artırılması üçün tədbirlər görməlidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Çəkiliş qrupumuz Kəlbəcərdə çətin anlar yaşadı