Modern.az

İmtahan cavabları AÇIQLANDI 

İmtahan cavabları AÇIQLANDI 

Təhsil

23 May 2024, 18:50

Dövlət İmtahan Mərkəzi (DİM) tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün mayın 12-də keçirdiyi Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə test imtahanının nəticələrini açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu haqda DİM məlumat yayıb.

 

Bildirilib ki, imtahanda iştirakı nəzərdə tutulan 24988 nəfərdən 537 nəfər imtahana gəlməyib.

 

Cari il imtahan iştirakçılarının toplaya biləcəkləri maksimum bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.

 

Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar.

 

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

 

Ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd verən, lakin bu imtahandan “qeyri-məqbul” alan abituriyentlərin nəzərinə çatdırırıq ki, onlar 30 iyun tarixində keçiriləcək ikinci Azərbaycan dili imtahanında iştirak edə bilərlər. İkinci imtahana qeydiyyat iyunun 5-dən 10-dək aparılacaq.

 

Xatırladaq ki, ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanından məqbul qiymət alan abituriyentlər iştirak edə bilərlər.

 

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Komissiyaya müraciət etmək istəyənlər mayın 25-dən 27-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

 

-Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

 

-Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

 

-Şagirdlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı SMS göndərilir.

 

Bundan sonra şagirdlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

 

Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

 

Apellyasiya Komissiyasına müraciət etməzdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15 faizi ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər.

 

Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?