Modern.az

Təhsil Nazirliyi 311 saylı orta məktəblə bağlı açıqlama verdi

Təhsil Nazirliyi 311 saylı orta məktəblə bağlı açıqlama verdi

Təhsil

8 Noyabr 2013, 12:28

Paytaxtın Sabunçu rayonunda yerləşən 311 saylı orta məktəb uzun müddətdir ki, fəaliyyətini dayandırıb. Ötən il məktəb binasının altından irihəcmli neft və qaz borusunun keçməsi ilə əlaqədar məktəb şagirdlərin üzünə bir müddətlik bağlanıb. Həmin vaxt uşaqlara xəbərdarlıq olunaraq (2012-ci ilin 8 oktyabrdan) və başqa məktəbə gedəcəkləri bildirilib. Məsələ ilə bağlı məktəb direktoru Esmira Muradova valideynləri dəvət edərək böyük iclas keçirib və valideynlərə məktəbin təmir olunacağı, yaxud da sökülüb başqa yerdə tikiləcəyini deyib. Təhlükəsizlik baxımından bu məktəbdə təhsil alan şagirdlər Sabunçu rayonundakı digər məktəblərə köçürülüblər.

Keçmiş təhsil naziri Misir Mərdanov isə təhlükəsizlik tədbirləri sona çatdıqdan sonra müəllimlər və şagirdlərin 311 saylı orta məktəbə qayıda biləcəkləri ilə bağlı açıqlama vermişdi. Hətta sabiq nazir bunun əvəzində yeni məktəb tikilə biləcəyini də inkar etməmişdi. Üstündən iki ilə yaxın vaxt keçsə də, Sabunçu rayon 311 saylı məktəbdə heç bir təhlükəsizlik tədbirləri görülməyib. 

Sabunçu rayon 311 saylı məktəbdə təhsil alan şagirdlərin valideynlərinin Modern.az-a verdiyi məlumata görə, məktəbdə heç bir iş aparılmayıb.

“Məktəb yeni tikilmişdi. Bunu tikəndə bütün təhlükəsizlik tədbirlərinə diqqət yetirərdilər. Daha məktəbi tikib sonradan sökməyin nə mənası var. Həmin məktəb artıq 2 ildir ki, təmirə dayandırılıb. Amma məktəbdə bu müddət ərzində heç bir iş aparılmayıb. Deyirlər ki, şagirdlərin təhlükəsizliyi üçün məktəb bağlanıb. Məktəb bu qədər təhlükəlidirsə niyə 5-ci sinifdən aşağı uşaqlara orda dərs keçirilir?”.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, fəaliyyəti dayandırılmış 311 nömrəli tam orta məktəbin ibtidai sinifləri 17 nömrəli peşə liseyində, V-XI siniflər isə rayonun 259 nömrəli məktəbində təhsillərini davam etdirirlər. Nazirlikdən onu da bildirdilər ki, 311 nömrəli tam orta məktəbdə heç bir sinif fəaliyyət göstərmir. Hazırda bu məktəb üçün yeni binanın tikintisi məqsədilə torpaq sahəsi ayrılması imkanları araşdırılır.

Gültəkin ƏLƏSGƏR

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK