Modern.az

Heydər Əliyev Mərkəzində “Kosmosa səyahət”...

Heydər Əliyev Mərkəzində “Kosmosa səyahət”...

8 Noyabr 2013, 18:21

Noyabrın 22-də Heydər Əliyev Mərkəzində ABŞ-ın Kosmik və Raket Mərkəzinin (United States Space and Rocket Center)  “Kosmosa səyahət”  sərgisinin dünya premyerasının açılışı olacaq.

Fəzanın fəth tarixini-insanların ta qədimlərdən səma barədə xəyallarını, kosmosla yarım əsrlik tanışlıq müddətindəki yenilikləri əks etdirən bu sərgi Heydər Əliyev Mərkəzində 3500 m2 sahədə təşkil ediləcək. Sərgidə 100-dək eksponat nümayiş olunacaq. Bunların sırasında kosmik stansiyaları, kosmosa gedib gəlmiş və digər planetlərdən gətirilmiş orijinal nümunələr, müxtəlif peyklərin hissələri və onların maketləri, kosmonavt geyimləri və aksessuarları, meteoritlər və s. var.

Burada uşaqdan böyüyədək hər bir ziyarətçinin kosmosa qiyabi səyahət imkanı olacaq. Sərgidəki 6 fərqli simulyator vasitəsi ilə izləyicilər özlərini qısa müddətdə də olsa “fəza”da kosmonavt kimi hiss edə biləcək.

İlk dəfə nümayiş olunan eksponatlarla yanaşı, sərgidə Azərbaycanın aerokosmik nailiyyətlərini əks etdirən xüsusi təqdimat da olacaq. Ziyarətçilər burada Azərbaycanın ilk süni peykinə dair məlumatlar, maketlər barədə məlumat əldə edə biləcək.

Qeyd edək ki, ABŞ-ın Kosmik və Raket Mərkəzinin təqdimatında Avropanın bir neçə ölkəsində sərgilər təşkil olunub və onları 1,5 milyondan artıq ziyarətçi izləyib. Bakıda, Heydər Əliyev Mərkəzində  keçiriləcək sərgi isə bir çox eksponatların ilk dəfə nümayiş olunması ilə yadda qalacaq. 2014-cü il fevralın 23-dək davam edəcək sərgi Bakıdan sonra Paris, Brüssel, Amsterdam, Milan və digər şəhərlərdə də keçiriləcək.

Qeyd edək ki, “Kosmosa səyahət” sərgisi Heydər Əliyev Mərkəzinin elm və təhsil sahəsindəki layihələri çərçivəsində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə təşkil olunub. İnformasiya texnologiyaları istiqamətində nailiyyətləri dəstəkləyən və bu sahəyə töhfə verən sərgi kosmonavtika üzrə maarifləndirmə, Azərbaycanın İKT sahəsinin inkişafına və geniş tətbiqinə yönəlmiş strategiyasının yayılması məqsədi daşıyır.



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK