Deputat Flora Qasımova Bərdə və Ağcabədi rayonlarına səfər edərək Xankəndindən olan məcburi köçkünlərlə görüşüb. Öncə Bərdə rayonunda olan Flora Qasımova 105 saylı Texniki Peşə məktəbində müvəqqəti məskunlaşan xankəndlilərlə görüş keçirib. Görüşdə deputatla bərabər Bərdə rayon icra hakimiyyəti başçısının birinci müavini Vahid Qarayev və «Qaçqınkom»un Bərdə rayonu üzrə məsləhətçisi Sərdar Zeynalov da iştirak edib. Həmçinin görüşə Xankəndi sakinləri ilə bərabər digər işğal olunmuş rayonlarımızdan olan məcburi köçkünlər də qatılıb. Məcburi köçkünlər üzləşdikləri bəzi çətinliklər barədə məlumat verərək onların həlli istiqamətində dəstək göstərilməsini deputatdan xahiş ediblər. Millət vəkili Flora Qasımova onlarla geniş müzakirə və fikir mübadiləsindən sonra köçkünlərin üzləşdikləri çətinliklərin həlli istiqamətində müvafiq qurumlara müraciət edəcəyini deyib.
Millət vəkili bildirib ki, ölkə rəhbərliyi tərəfindən məcburi köçkünlərə daimi diqqət və qayğı göstərilir. Bərdədə məcburi köçkünlər ücün yeni tkilən 866 mənzildən ibarət 16 ədəd hündür mərtəbəli yaşayış binası bu qayğının bariz nümunəsidir. Bu yaxınlarda ağır şəraitdə, xüsusi ilə məktəb binalarında yaşayan köçkün ailələr yeni mənzillərlə təmin ediləcək.
Millət vəkili daha sonra Ağcabədidə olub. Rayonda məskunlaşan məcburi köçkünlərlə görüş zamanı xankəndlilərin mövcud problemləri ilə maraqlanan deputat onların suallarını cavablandırıb. Daha sonra xankəndlilərin fikir və təklifləri dinlənilib.