Modern.az

Milli Bayraq fəlsəfəsi: türkləşmək, müasirləşmək, islamlaşmaq

Milli Bayraq fəlsəfəsi: türkləşmək, müasirləşmək, islamlaşmaq

12 Noyabr 2013, 10:41

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru


II yazı

Azərbaycan türkçülüyü ideyasının və onun bariz nümunəsi olan üçboyalı Milli Bayrağımızın yaranma­sında 20-ci əsrin əvvəllərində dünyada və Qafqazda baş verən mühüm hadisələr (Balkan müharibəsi, 1-ci dünya müharibəsi, 2-ci rus burjua inqilabı və s.) və bir sıra digər amillər (milli özünüdərk, inqilabi ideyaların güclənməsi, çar Rusiyasının əsarəti altında olan müxtəlif xalqların azadlıq hərəkatı və s.) mühüm rol oynadı. Məhz bu tarixi olayların və milli azadlıq hərəkatlarının təsiri altında Azərbay­­candakı milli ruhlu islamçılar-türkçülər, liberallar, inqilabçılar vahid əqidə ətrafında birləşərək milli və müstəqil taktika yürütməyə başladılar. Bu dövrdəki hadisələrin gedişi isə ideya baxımdan milli liberalların və türkçülərin, taktika baxımın­dan isə milli inqilabçıların düzgün yol tutduğunu təsdiq etmişdi.

Azərbaycan Cümhuriyyətinin qurucusu və milli bayrağımızın gerçəkləşdirici siması Məhəmməd Əmin Rəsul­zadə də bu məsələ ilə bağlı qeyd edirdi ki, əvvəllər türk ziyalıları rus inqilabçıları və rus liberalistləri arasında gedən mübarizədə dolayısıyla iştirak etsələr də, sonralar öz milli ideyalarını irəli sürdülər: «1910-cu ilə kimi rus liberalizmi ilə rus sosializmi arasında seçim qovğası ilə keçən siyasi yaşam bu çağdan etibarən Qafqaz türklərində yeni bir səhifəyə girir, üçüncü müstəqil bir siyasi düşüncə axını ilə yeni qurum çalışmaları başlayır, bu da milli demokratizm və milli devrim ideologiyasıdır. …Bu ideologiya birinci olaraq Qafqaz türklərinin siyasi gələcəyini Rusiyadan ayrı düşünmüşdür. Bu ün isə türkçülüyündür».

Qeyd edək ki, 1910-cu illərdə millətə verilən yeni tərifdə etnik mənsubiyyət, dil və mədəniyyətə üstünlük verilməsi islam ümmətçiliyindən etnik-milli türkçülüyə keçiddə mühüm rol oynamışdı. Bu yöndə milli ideoloqlardan Əli bəy Hüseynzadənin «Füyuzat»ından sonra, «Türk Yurdu»nda Yusif Akçuraoğlu və Ziya Gökalpın  milliyyətçi və türkçülük baxışları Azərbaycan türk aydınlarına mühüm təsir göstərmişdi. 1912-1913-cü illərdə «Türk yurdu» jurnalında dərc etdirdiyi «Türkləşmək, islamlaşmaq və müasirləşmək» başlıqlı silsilə məqalələrində Z.Gökalp yazırdı ki, Türkiyədə üç fikir cərəyanı var: müasirləş­mək, islamlaşmaq və türkləşmək: «Türkləşmək və islamlaşmaq ülküləri arasında bir çatışma olmadığı kimi, bunlarla çağdaşlaşmaq ehtiyacı arasında da çatışma mövcud deyildir… Sonucda, hər birinin təsir çərçivələrini bəlirləyərək bu üç amacın üçünü də qəbul etməliyiz; yaxud, daha doğrusu, bunların bir ehtiyacın üç müxtəlif nöqtədən görülmüş çevrələr olduğunu anlayaraq «çağdaş bir İslam Türklüyü» yaratmalıyız».


Şübhəsiz, Azərbaycan türkçülüyü ideyasının, onun bariz nümunəsi olan Milli Bayrağımızın yaranmasında əsas təkanverici, katalizator rolunu türkçülük, islamçılıq və müasirlik prinsipləri oynamışdır. Ancaq onların arasında ilk yeri  türkçülük tutur. Rəsulzadə də qeyd edir ki, 1910-cu illərdə Azərbaycan türk mətbuatında milli motivlərin, o cümlədən türkçülüyün, türk birliyinin önə keçməsində Balkan savaşından sonra Türkiyədə güclənməyə başlayan türkçülük cərəyanının güclü təsiri olmuşdu. Xüsusilə, «Türk Yurdu» müəlliflərinin timsalında (Y.Akçuraoğlu, Z.Gökalp və b.) Türkiyədə başlayan türkçülük hərəkatı Qafqazda da çox atəşli ardıcıllar bulmuşdur. Rəsulzadə yazır: «…Müsəlman anlayışı yalnız dini qurumlara deyilərək, başqa yöndə türk sözü doğal olaraq işlənmək haqqını qazanmış olur, siyasət, dini düşünüş sistemindən qurtularaq milli kültür sisteminə doğru böyük bir devrim yapır. Milliyyət, türklük davası istəyilə yaradılan qəzetlərdən («Açıq söz») başqa milliyyət prinsipi, türk birliyi ideyası ilə qurulan siyasi bir partiya yaranır: Türk Federalist Müsavat Xalq Partiyası. «Açıq söz»lə «Müsavat Partiyası»nın siyasi bir ideologiya kimi düşüncələrə yeritdiyi türkçülük 1917-ci il devrimindən sonra gələn illərin ürünüdür».

Əlbəttə, bu o demək deyildir ki, türkçülük ideyası Türkiyədən Azərbaycana ixrac olunmuşdu. Türkçülük bütün türk ölkələrin­də, o cümlədən Azərbaycan və Türkiyədə eyni zamanda yaranmış və inkişaf etmişdir. Hətta, türkçülük şüuru öncə çar Rusiyasının türk xalqları arasında yaranmış, siyasi türkçülüyün əsasların isə «Həyat» və «Füyuzat»da Azərbaycan türklərindən Ə.Hüseynzadə işləyib hazır­lamışdır. 1910-cu illərdə Türkiyədə mövcud olan milli cərəyanların kökünün eyni zamanda, çar Rusiyası, o cümlədən Azərbaycanla bağlı olmasını vaxtilə M.Ə.Rəsulzadə, Z.Gökalp, Y.Akçura­oğlu, M.B.Məmmədzadə, Ə.Cəfəroğlu və başqaları da dəfə­lərlə qeyd etmiş­lər. Məsələn, Y.Akçura­oğluna görə, Ə.Hüseynzadə müsəlman türkləri arasında ilk turan­çı, ilk panturançı hesab olunurdu.

Eyni müddəanı Əhməd Cəfər­oğlu da irəli sürərək yazırdı ki, Hüseynzadə türkləşmək, avropalaşmaq və islamlaşmaq üçlü məramı ilə milli istiqlalın fikri mücadiləsinin «Ana Yasası»nı meydana qoymuşdur. M.Ə.Rəsulzadə isə bu məsələni bir qədər də dəqiqləşdirərək yazırdı: ««Füyuzat» jurnalı «Türk Yurdu»nda olduğu kimi aydın, ardıcıllıqla olmasa da türkçülük konusunu daha öncə işə salmış, hətta mərhum Ziya bəyin son çağlarda «Türk millətindənəm, islam ümmətindənəm, qərb mədəniyyətində­nəm» çağırışı ilə göstər­diyi anlamı Əli bəy Hüseynzadə «Türk qanlı, islam imanlı və firəng geyimli olaq» formulu ilə açıqlamışdı. Azərbaycan mətbuatının, eləcə sonrakı ədəbiyyatı­nın şüurlu metodik bir biçimdə milli türk ideologiyasını işə salmaq düşüncəsi isə I Dünya savaşı öncəsində, illərində daha çox gəlişmişdir». Onun fikrincə, beləliklə, balkan və dünya müharibələri dövrü Azərbaycanda türk milli ideyasının inkişafında dönüş nöqtəsi olmuşdu.

Deməli, Milli Baryağmızın ideyavericisi Əli bəy Hüseynzadə olmuşdur. Ancaq həmin dövrdə Azərbaycan türkçülüyü, müstəqil və demokratik Azərbaycan ideyasının əsas ideoloqu, Azərbaycan türklərinin lideri Məhəmməd Əmin Rəsulzadə olmuşdur. O, Azərbaycan türk aydınları arasında ilk dəfə, «ümmətçilik»dən «millətçiliy»ə üz tutaraq milli ideologiyanın təməl prinsiplərini işləyib hazırlamışdır. Çünki 1915-ci ildən işıq üzü görən «Açıq söz» qəzetində ilk dəfə olaraq «müsəlman», «tatar» əvəzinə «türk» sözünü işlədən, «Biz türkük!» deyən M.Ə.Rəsulzadə bu surətlə «ümmət» və «ümmətçilik» dövrünü rəsmən qapamış, «millət», «türk millətçiliyi» dövrünün başlandığını elan etmişdir. M.B.Məmmədzadə, Ə.Cəfəroğlunun fikrincə də, milli istiqlal məfkurəsinin, milli ideologiyanın intişar tapmasında, «həqiqi milliyyətçiliyin geniş yayılmasında» M.Ə.Rəsulzadə və onun baş redaktoru olduğu «Açıq söz» qəzeti mühüm rol oynamışdır. Belə ki, M.Ə.Rəsulzadənin öndərliyi ilə ilk dəfə, həmin qəzetdə öz əksini tapan ideyalar get-gedə bütün Azərbaycan türklüyünü əhatə etmişdir. Cəfəroğlu yazır: «Onun «Açıq söz» qəzeti ilk dəfə milli cərəyanı ardıcıl və şüurlu sistem halına saldı, milli mövzunun geniş oxucu kütləsi arasında bir ilham mənbəyinə çevrilməsinə imkan yaratdı».

Hüseyn Baykara da hesab edir ki, Qafqaz müsəlmanlarını ümmətçilikdən millətçiliyə yönəldən, onları türkçülük-millətçilik, Azərbaycan milli ideyası ətrafında birləşdirən və «Açıq söz» qəzetində bunu təbliğ edən «Müsavat»ın lideri M.Ə.Rəsulzadə olmuşdur. Baykaranın fikrincə, ilk dövrlərdə sosial-demokratlarla eyni cəbhədə çalışmış M.Ə.Rəsulzadə 1911-1913-cü illərdə C.Əfqaninin yazılarının, daha sonra Ə.Hüseynzadənin və Z.Gökalpın təsiri altında türkçülük hərəkatına qoşulmuş və Azərbaycanda bu ideyanın əsas ideoloqu olmuşdur: «M.Ə.Rə­sul­zadənin Azərbaycan istiqlalının elanında və Azərbaycan dövlətinin yaradılmasında xidmətləri əvəzsizdir».

Rəsulzadə Ə.Hüseynzadə və Z.Gökalpdan sonra yazırdı ki, Türk və müsəlman qalaraq müstəqilən yaşamaq istərsək mütləq əsrimizdəki elmlər, fənnlər, hikmət və fəlsəfələrlə silahlanmalı, sözün bütün mənası ilə zəmanə adamı olmalıyız: «Demək ki, sağlam, mətin və oyanıq məfkurəli bir milliyyət vücuduna çalışmaq istərsək ki, zaman bunu tələb ediyor - mütləqə üç əsasa sarılmalıyız: Türkləşmək, islamlaşmaq və müasirləşmək. İştə millətimizin ictimai həyatının islahı üçün üzərinə dayandığımız üç payeyi-mədəniyyət!»

Bu «üçlü» düstura əsaslanaraq Azərbaycan türk muxtariyyətini, eləcə də Rusiya daxilindəki digər türk ellərinin avtonomiyası uğrunda mübarizəni Rəsulzadə 1917-ci il fevral burjua inqilabından sonra rəsmən irəli sürmüş və müdafiə etmişdi. Bununla da o, türkçülükdən Azərbaycan türkçülük ideyasına doğru önəmli bir addım atmış və azərbaycançılığın əsasını qoymuşdur. Azərbaycan türkçülüyü ideyası­nın yaxın hədəfi Azərbaycan muxtariyyəti, uzaq hədəfi Azərbaycan istiqlalı idi.

Bu isə, 1918-ci ilin mayın 28-də gerçəkləşdi.

Rəsulzadə müstəqil Azərbaycan Cümhuriyyətinin birinci ildönüumü ilə bağlı yazırdı: «Azərbaycan türkləri bu gün ilk dəfə olaraq böyük bir bayram saxlayırlar: İstiqlal bayramı! Əvət, Zaqafqaziya millətləri bilməcburiyyə elani-istiqlal etmişlərdi. Bilməcburiyyə elani-istiqlal! İstiqlalımıza düşmən olanlar bu iki "məcburiyyət" və "istiqlal" sözlərinin bir araya toplanmasını "ictimai ziddin" qəbilindən ədd etməklə, Zaqafqaziya cümhuriyyətlərinin qeyri-təbii olduqlarını isbat etmək istəyirlər. Fəqət, bu mülahizə zahirdə doğru görünsə də, batində elə deyildir. Bir növzadın məsəmməyi-madərdən xilas olub da, dünyaya gəlməsi heç şübhəsiz, bir vaqieyi-istiqlaldır. Qadının vəzi-həmlinə digər təbirlə bizdə "azad olmaq" deyirlər. Halbuki bu "azadlıq" eyni zamanda bir zərurəti-təbiiyyə, bir məcburiyyətdir".

M.Ə.Rəsulzadə parlamentin açılışında çıxışında demişdir: «İştə qoy bu günkü gün, milli bayraqlara boyanmış Azərbaycan paytaxtı, o kimi bədbinlərin qəlbini təsfiyə etsin! Bir sənəlik həyat həqiqətən də göstərdi ki, bir kərə açılmış Ləvai-hürriyyət bir daha bükülməz!».

M.Ə.Rəsulzadə bəyan edirdi ki, yeni cümhuriyyət yalnız milli olmaqla kifayətlənmir, eyni zamanda müasir dövrün bütün müsbət tələblərinə cavab verən dövlət kimi fəaliyyət göstərir: «Azərbaycan müsəlman aləmində ilk cümhuriyyət və türk aləmində ilk dövlətdir. Mənim ilk baxışda qəribə görünən bəyanatımın ikinci hissəsi ola bilsin, sizi təəccübləndirir. Lakin əslində elə də var. Türk mənşəli bütün digər dövlətlər başlıca olaraq dini təməl üzərində qərar tutduqları halda Azərbaycan Respublikası müasir milli-mədəni müstəqillik təməlinə, türk milli-demokratik dövlət qurumu zəmininə əsaslanır və bu baxımdan bizim respublikamız ilk türk dövlətidir»…

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır