“Azərbaycan” nəşriyyatı “Azadlıq” qəzetinə güzəştə gedəcək. Azərbaycan Nəşriyyatın baş direktorunun müavini Bəsti İsmayılova Modern.az-a bildirib ki, “Azadlıq” qəzeti yığılan məbləğin bir hissəsini ödəsə, qəzetə güzəşt oluna bilər.
“Bu qədər məbləğin yığılıb qalmasının özü də güzəştdir. Məbləğin bir hissəsini ödəsələr, onlara müəyyən şərait yaradacağıq. Biz də təsərrüfat hesablı olduğumuzdan nə qazanırıqsa, ondan da xərcləyirik. Təbii ki, bu da zəncirvari reaksiya effekti yaradır. Odur ki, biz fəhləmizin maaşından kəsirik, onlara maaş verə bilmirik. Bu səbəbdən də belə bir addım atdıq. Amma məbləğin müəyyən bir hissəsi ödənilsə, qəzetə güzəştə getməyə hazırıq”.
Qeyd edək ki, “Azərbaycan” nəşriyyatı ilə “Azadlıq” qəzeti arasında bağlanmış müqavilələrə əsasən, 7 noyabr 2013-cü ilədək çap xərclərinə görə 21 410 manat, kommunal xərclərinə görə 2688 manat, cəmi 24 098 manat debitor borcu yarandığından “Azərbaycan” nəşriyyatı çətin maliyyə durumuna düşüb. Nəşriyyat qəzetə borcunu ödəmək üçün 5 gün vaxt verib.
Gültəkin ƏLƏSGƏR