“Hazırda karikaturaçı rəssamların əsərləri yalnız “Biz və karikatura” jurnalında işıqlanır. Həmin jurnal Rəssamlıq İttifaqının nəzdində fəaliyyət göstərən Azərbaycan Karikaturaçı-Rəssamlar Birliyinin mətbu orqanıdır”. Bunu Modern.az-a rəssam Hafiz Nəsiroğlu deyib. “Yüzə yaxın üzvü olan birlik Dünya Karikatura Təşkilatları Federasiyasının da üzvüdür.
Hafiz Nəsiroğlunun sözlərinə görə, Azərbaycanda karikatura sənəti “Molla Nəsrəddin” jurnalının işıq üzü görməsi ilə inkişaf edib.
“30-cu illərdə boşluq yarandı və 1950-ci illərdə “Kirpi” jurnalı bu ənənəni yenidən bərpa etdi. Əksər karikaturaçılarımız o jurnalda öz sənətlərini nümayiş etdirib püxtələşiblər. Bu sənətin nümayəndələri içərisində ilk olaraq Əzim Əzimzadəni göstərmək olar. Daha sonra Qəzənfər Xalıqov, İsmayıl Axundov, Hüseyn Əliyev kimi karikaturaçı rəssamlar bu sənətin inkişafında böyük rol oynayıb. Milli karikatura sənətimizin inkişafında Tiflis Rəssamlıq Akademiyasının məzunu Xəlil Musayevin də rolu olub. Jurnal Tiflisdə nəşr olunduğu illərdə onun burada xeyli karikaturası çap edilib. Hazırda karikatura sənəti ilə məşğul olanlar çox azdır. Rəssamlığın bir qolu olsa da, bir çətin janr kimi öz onun öz xüsusiyyətləri var. Sənət çətin olduğuna görə bəzi hallarda rəssamlarımız bundan uzaqlaşırlar. Hər rəssam karikatura çəkə bilər. Ancaq karikaturada nə demək istədiyini çatdırmalıdır. Mən də azdan-çoxdan bu sənəti bilirəm. Amma razı qaldığım karikaturçular Seyran Cəfərli, Elman Mirzəyev və Bayram Hacızadədir”.
Elmin Nuri