Modern.az

Sertifikasiya müəllimlərə yeni uğurlar əldə etmək üçün şans VERƏCƏK

Sertifikasiya müəllimlərə yeni uğurlar əldə etmək üçün şans VERƏCƏK

Təhsil

6 İyun 2024, 09:51

Azərbaycanda müəllimlərin sertifikatlaşdırma prosesi başlayır. 2024-cü il üçün təşkil olunacaq sertifikasiya imtahanlarında riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) fənlərini tədris edən, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak edəcəklər.

 

İlk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi 21, 22, 24 iyun tarixlərində, ötən il uğur qazana bilməyən müəllimlərin təkrar sertifikatlaşdırılması isə 8 iyun tarixində keçiriləcək. 

 

Ötən il sertifikasiya prosesinə 29 951 müəllim cəlb olunub. Sertifikatlaşdırmadan keçmiş 5 246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 914 təhsilverənə isə 10 faiz artım tətbiq edilib. Cari ildə isə 30 000-dən çox təhsilverən sertifikatlaşdırma prosesinə cəlb ediləcək. 2026-cı ilə qədər ölkədə 137 minə yaxın müəllimin sertifikasiyadan keçməsi planlaşdırılır.

 

Qeyd edək ki, sertifikatlaşdırma müəllimlərin peşəkarlıq səviyyələrinin yoxlanılması məqsədilə keçirilir. Sertifikatlaşdırma zamanı təhsilverənlərin peşə yararlılıqlarını yoxlamaq, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənmək üçün fürsət yaranır.


Modern.az mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadənin fikrini öyrənib.

 

Onun sözlərinə görə, dünyanın bütün ölkələrində müəllimlərin sertifikatlaşması həyata keçirilir:

 

“Keçən əsrdə yaşadığımız Sovetlər dönəmində sertifikatlaşma attestasiya formasında həyata keçirilib. Bu proses indi daha da müasirləşdirilib. Sertifikatlaşma müəllimin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi məqsədi ilə beş ildən bir həyata keçirilir. Sertifikatlaşma müəllimin öz pedaqoji fəaliyyətinə yenidən nəzər salmaq imkanı verir. Müəllimlik elə bir peşədir ki, onun sahibi öz üzərində daima işləməlidir. Hər il eyni müəllimin simasında yeni müəllim, yəni daha inkişaf etmiş şəxs sinfə daxil olmalıdır. Bu müəllimin müxtəlif ədəbiyyatlarla tanış olmaq vasitəsi ilə öz bilik səviyyəsinin yüksəltməsi və məktəb həyatında pedaqoji təcrübəsini ilbəil artırması ilə əlaqədardır. Bu gün internet resursları müəllimin özünütəhsil imkanlarını artırıb”.

 

Şura sədri bildirib ki, bu il üçüncü dəfədir ki, müəllimlərin sertifikatlaşması həyata keçirilir:


“Bu illər ərzində müəllimlərin mütləq əksəriyyətinin öz pedaqoji fəaliyyətinə münasibətində müsbət dəyişikliklər meydana gəlib. İndi dərsin keyfiyyətində də müsbət meyllər yaranıb. Bu tendensiyanın inkişaf etdirilməsi müəllimlərin keyfiyyət göstəricilərinin yaxşılaşmasına aparan əsas yollardan biridir. Hesab edirəm ki, bu  müsbət dəyişikliklər fonunda bütün fənlər üzrə sertifikatlaşmanın tezliklə həyata keçirilməsi yaxşı olardı. Sertifikatlaşmanın iki mərhələdə (test və müsahibə) təşkili ölkəmizdə yeni təcrübədir. Müəllimlərin bir qismində bununla bağlı ajiotaj yaradıb. Bu ajiotaj ilk sertifikatlaşma zamanı “kəsilmək” qorxusu ilə bağlı idi, indi yüksək nəticə göstərə bilməmək müəllimlərdə narahatçılıq yaradır. Amma sertifikatlaşmadan sonra yüksək bal toplayan müəllimlər verilən sualların çox da çətin olmadığını söyləyir və əldə etdikləri nəticənı qürur hissi ilə vurğulayırlar”.


H.Əlizadə sonda qeyd edib ki, sertifikatlaşmanın təşkili mexanizmini təhlil edəndə onun humanist prinsiplər müstəvisində həyata keçirildiyi məlum olur:


“Hamıya bəllidir ki, birinci dəfə sertifikatlaşmadan lazımi nəticə əldə etməyən müəllimlərə ikinci şans verilir. Yaxın günlərdə ilk dəfə uğursuz nəticəyə məruz qalan müəllimlərin növbəti sertifikatlaşması həyata keçiriləcək. Keçən müddət ərzində onlar bu sertifikatlaşmaya hazırlaşıblar. Düşünürəm ki, onların hamısı lazımi bal toplaya biləcəklər. Sertifikatlaşma müəllimlərin karyera yüksəlişində önəmli rol oynaya bilər. Bir neçə gün bundan əvvəl Elm və təhsil naziri cənab Emin Əmrullayev gələcəkdə məktəb direktoru və müavini seçimində, o cümlədən qeyri-maddi rəğbətləndirmə prosesində sertifikatlaşmada yüksək nəticə göstərən müəllimlərə üstünlük veriləcəyini bildirmişdi. Bu onu göstərir ki, sertifikatlaşma yeni yolun başlanğıcıdır. Bundan əlavə müəllimlərin sertifikatlaşmada topladığı baldan asılı olaraq onların maaşları 10 və 35 faiz artırılır. Azərbaycan müəllimi həmişə qabaqcıl olması ilə fərqlənibdir. Hələ Sovetlər dönəmində çoxlu sayda Azərbaycan müəllimi ölkənin tanınmış simaları sırasında özlərinə layiqli yer tutmuşdur. Hesab edirəm ki, sertifikatlaşma Azərbaycan müəlliminə yeni uğurlar əldə etmək üçün yeni şanslar verəcəkdir. Bu yolda müəllimlərə uğurlar arzu edirəm”.

 

Rəşid Qarayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi