Bu gün ölkədə sertifikasiya imtahanından uğurla keçən müəllimin orta aylıq əməkhaqqı 1300 manatdır.
Modern.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.
O bildirib ki, sertifikasiya prosesində nəticələrindən asılı olmayaraq, bütün müəllimlərin əməkhaqqı artırılıb:
"Təlim ehtiyacları müəyyən edilib. 2022-ci ildən başlayaraq artıq sertifikasiya nəticəsinə uyğun olaraq əməkhaqqı diferensial formada artırılır. Bu həftənin sonu 8 minə yaxın müəllimin iştirakı ilə təkrar sertifikasiya keçiriləcək. İnanırıq ki, müəllimlərimizin böyük əksəriyyəti bu prosesdən uğurlara keçəcək".
Direktor qeyd edib ki, sertifikasiyadan keçən müəllimlərin sayı səkkiz minə yaxındır. O qeyd edib ki, bu il keçiriləcək sertifikasiya imtahanı nəticələrinə görə yeni tədris ilində 20 mindən çox şəxsin müəllim sırasına qoşulması nəzərdə tutulur.
E.Bağırov xatırladıb ki, iyunun 8-də səkkiz minə yaxın müəllim təkrar sertifikasiya imtahanına cəlb olunacaq.
"Son 6 ay ərzində onlar üçün inkişafetdirici təlimlər keçirilib. Böyük əksəriyyətin uğur qazanacağına inanırıq", - o deyib.
Eşqi Bağırov əlavə edib ki, sertifikasiyada uğur qazana bilməyən 800-ə yaxın müəllim işdən kənarlaşdırılıb.