“Mənim seçildiyim rayonu əhatə edən Maştağa, Nardaran, Bilgəh, Zabrat qəsəbələrində son illər böyük sosial obyektlərin tikilməsi, təmir, asfalt yolların çəkilməsi üçün böyük işlər görülüb, yeni qəsəbələr salınıb”. Modern.az-ın məlumatına görə, bunu Milli məclisin bu gün keçirilən iclasında büdcə layihəsinin müzakirəsi zamanı çıxış edəm millət vəkili Eldar Quliyev deyib.
“Mən bu köməyə görə maliyyə, mədəniyyət və turizm, səhiyyə, nəqliyyat və təhsil nazirliklərinə öz təşəkkürümü bildirirəm. Bu qəsəbələrdə tarixi abidələr mövcuddur. Amma bunlarda təmir və bərpa işləri aparılmadığı üçün onlar yaxın vaxtlarda məhv olacaq. Qəsəbələrdə mədəniyyət evləri uzun müddətdir ki, bağlıdır, istifadəsi mümkünsüzdür. Bunların bir çoxu üçün maliyyə ayrılsa da, hələ də təmir olunmayıb. Ona görə də Mədəniyyət və Turizm Nazirliyindən xahiş edirəm ki, bu mədəniyyət evlərinin təmiri məsələsini də gündəliyə salsınlar”. Deputat tənqidi qeydləri ilə bərabər, işindən razı qaldığı məmurları da tərifləyib: “Dünən səhiyyə naziri Oqtay Şirəliyevlə söhbət zamanı 7 nömrəli xəstəxananın təmiri xəbərini aldım. Bu bizi çox sevindirdi. Mən nazirə təşəkkürümü bildirəm. Başqa bir məsələ isə odur ki, soyuqların düşməsi ilə qəsəbələrdə təbii qazın təzyiqi aşağı düşüb. Xahiş edirəm ki, hökumət nümayəndələri müvafiq qurumlara qazın təzyiqini artırılması ilə bağlı müəyyən göstərişlər versin”.
Modern.az