Modern.az

"Müəllimlərin sertifikasiyasını cəmiyyətin hər bir kəsimi dəstəkləyir"

Təhsil

10 İyun 2024, 11:30

Bu ay Azərbaycanda müəllimlərin sertifikatlaşdırma prosesi başlayır. 2024-cü il üçün təşkil olunacaq sertifikasiya imtahanlarında riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) fənlərini tədris edən, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak edəcəklər.

 

İlk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi 21, 22, 24 iyun tarixlərində keçiriləcək. Ötən il uğur qazana bilməyən müəllimlərin təkrar sertifikatlaşdırılması isə 8 iyun tarixində baş tutub.

 

Qeyd edək ki, ötən il sertifikasiya prosesinə 29 951 müəllim cəlb olunub. Sertifikatlaşdırmadan keçmiş 5 246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 914 təhsilverənə isə 10 faiz artım tətbiq edilib. Cari ildə isə 30 000-dən çox təhsilverən sertifikatlaşdırma prosesinə cəlb ediləcək. 2026-cı ilə qədər ölkədə 137 minə yaxın müəllimin sertifikasiyadan keçməsi planlaşdırılır.

 

Sertifikatlaşdırma müəllimlərin peşəkarlıq səviyyələrinin yoxlanılması məqsədilə keçirilir. Sertifikatlaşdırma zamanı təhsilverənlərin peşə yararlılıqlarını yoxlamaq, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənmək üçün fürsət yaranır.

 

Modern.az davamlı olaraq sertifikasiya ilə bağlı ictimaiyyətin müxtəlif kəsimlərində təmsil olunan şəxslərin rəylərini öyrənir.

 

"Sertifikasiya təhsil keyfiyyətini artırmağa imkan verəcək"


Millət vəkili Aydın Mirzəzadə bildirib ki, sertifikasiya dünyada qəbul edilmiş praktikadır və Azərbaycanda tətbiqi də uğurla həyata keçirilir:

 

"Digər tərəfdən də bu imtahanlar müəllimləri daim öz üzərində işləməyə, təhsil sahəsində yenilikləri öyrənməyə məcbur edir. Azərbaycan müəllimləri həmişə bilik, pedoqogika sahəsində yaxşı nümunələr göstərirlər. Təəccüblü deyil ki, sertifikasiya imtahanında iştirak edənlərin əksəriyyəti birinci cəhddən müsbət nəticə əldə edə bilirlər. Sertifikasiya və təhsil sahəsindəki yeniliklər təhsilimizin keyfiyyətini yüksəltməyə, aparıcı dövlətlərin səviyyəsinə yaxınlaşdırmağa, orta və ali məktəblərin təhsil keyfiyyətini artırmağa imkan verəcək. Görünən ondan ibarətdir ki, bu imtahanlar Azərbaycan cəmiyyətində artıq qəbul edilib və insanlar buna çox ciddi hazırlaşırlar. İmtahanda iştirak edən müəllimlərə uğurlar arzu edirəm. Onlar bizim cəmiyyətimizin ən hörmətli, nüfuzlu şəxsləridirlər. Bu ad Azərbaycanda həmişə hörmətlə qarşılanır".

"Fənnini zəif tədris edən müəllmlər də sertifikasiyadan sonra öz üzərində işləməyə başladı"


Təhsil eksperti Elçin Süleymanovun sözlərinə görə, sertifikasiya təhsildə keyfiyyətin artmasına müsbət təsir edən faktorlardan biridir:

 

"Çünki burada həm müəllimlərin bilik və bavarıqları yoxlanılır, həm də bu prosesdə müəlllimlərin əməkhaqqı da artır. Sertifikasiyadan keçən müəllimlərin əməkhaqqı ortalama 1300 manatdan çoxdur. Dolayısıyla bu keyfiyyət və rəqabətə xidmət edir. Ona görə də mən sertifikasiyanı müsbət qiymətləndirirəm. Eyni zamanda bildiyimiz kimi müəyyən qədər saxta diplomu olan müəllimlər də var idi. Onların diplomunun saxta olması ortaya çıxdı. Bununla yanaşı müəllimlər arasında fənnini zəif tədris edən müəllmlər də sertifikasiyadan sonra artıq öz üzərində işləməyə başladı. Sertifikasiya imtahanından yüksək nəticə əldə edən insanlar mediada işıqlandırıldı, cəmiyyətə tanıdıldı. Düzdür bütün müəllimlərin sertifikasiyadan keçməsi uzun vaxt və resurs tələb edir. Amma xidmət təqdim edilərkən onun keyfiyyətin də əmin olmalıdır. Düşünürəm ki, Elm və Təhsil Nazirliyinin bu addımı mütərəqqi addımdır. Eyni zamanda paralel olaraq diektorların seçiminin imtahanla olması, “Məktəblinin dostu” layihəsinin icrasını nəzərə aldıqda bunlar təhsilin keyfiyyətini artırır. Bu göstəricilərdə də özünü göstərir".

 

"Sertifikasiyanı hamımız dəstəkləməli, birlik olaraq bu prosesi başa vurmalıyıq".

 

Jurnalist Rizvan Fikrətoğlu isə bildirib ki, sertifikasiya müəllimlərin stimullaşdırılması, maaşların artırılması, vəzifə yüksəlişi baxımından önəmli addımdır:


“Sertifikasiya imtahanı 60 sualdan ibarətdir. Nəticəsi 30-50 olan müəllimlərin maaşı 10%, 51-60 olan müəllimlərin maaşı 35% artırılıb. Bu maddi stimullaşdırma üçün addımdır. Heç kim savadı, göstəricisi zəif olan müəllimin övladına dərs deməyini istəməz. Sertifikasiyada həm müəllim, həm valideyn, həm də şagirdlər qazanır. Biz tədqiqat apardıqda görürük ki, sertifikasiyası yüksək olan müəllimlərin şagirdlərinin də buraxılış nəticələri də yaxşı olur. Digər tərəfdən keçən il sertifikasiyadan uğur qazana bilməyən 743 müəllimin işinə xitam verildi. Bu müəllimlərin 200-ə yaxını vakansiyaya çıxarıldı, qalan müəllimlərin dərs yükü digər müəllimlər arasında bölüşdürüldü. Bu addımı da xüsusilə qeyd etmək lazımdır. Burada nazirliyin marağı savadlı müəllimlərin olmasıdır, məqsəd kimisə işindən etmək istəmir. İşinə xitam verilənlər arasında sosial qruplara daxil olan, şəhid ailəsi üzvlərinə məktəbdə digər işlərlə təmin edilib”. 


Onun sözlərinə görə, sovet basqısından azad edildikdən sonra Azərabycanda bir növ keçid dövrü yaşandı:

 

“O vaxt imtahan yox idi, müəllimlərin bir qismi korrupsiya ilə işə gəldisə, digər qismi də sosial qayğının nəticəsi ilə gəldi. Torpaqlarımız işğal ediləndən sonra həmin ərazilərdən gələn müəllimlərin savad göstəricisinə baxmadan işlə təmin edirdilər. Şəhid ailə üzvləri olan müəllimlər birbaşa məktəbdə işə götürülürdü. Amma indi istər sosial qayğının, istərsə də korrupsiyanın nəticəsi təmizlənir. Sertifikasiya bütün bunları aradan qaldırmaq üçün mexanizmdir. Burada mənfi nəsə axtarmaq ədalətli deyil. Sertifikasiyanı hamımız dəstəkləməli, birlik olaraq bu prosesi başa vurmalıyıq. Keçən il kəsilə 8 min müəllim təkrar sertifikasiya olunacaq, bu il kəsilənlərin sayı daha çox olacaq. Biz bu prosesə dəstək verməli, nazirliyin yanında olmalıyıq. Çünki bu gələcəyimiz, sağlam təhsil üçün sertifikasiya vacib addım hesab olunmalıdır”.

 

Rəşid Qarayev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi