Modern.az

DİM I və IV qrupların imtahan cavablarını niyə gecikdirir? - AÇIQLAMA

DİM I və IV qrupların imtahan cavablarını niyə gecikdirir? - AÇIQLAMA

Təhsil

13 İyun 2024, 15:34

Ali məktəblərə qəbul imtahanlarının ikinci mərhələsinin birinci cəhdi yekunlaşıb. Çərşənbə axşamı II və III ixtisas qrupları üzrə imtahan vərən abituriyentlərin imtahan cavabları da açıqlanıb. 

 

Artıq imtahanın ikinci cəhdinə qeydiyyat prosesi də başlayıb. I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat 17 iyun saat 23:59-dəkdavam edəcək.

 

I və IV ixtisas qrupları üzrə imtahan verən abituriyentlərin nəticələri hələ də elan edilməyib. Dövlət İmtahan Mərkəzində (DİM) iyunun 3-dən etibarən imtahan protokolları və materialların emalı başlanıb. Bildirilib ki, imtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin imtahandan sonrakı 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

 

I və IV ixtisas qrupları üzrə imtahan verən bir çox abituriyent isə narahatdır. Nəticələr açıqlanmadığından abituriyentlər qəbul imtahanının ikinci mərhələsinin 2-ci cəhdində iştirak edib-etməmək mövzusunda qərar verməkdə çətinlik çəkirlər.

Qeyd edək ki, II və III qrupların imtahan nəticələri imtahan günündən 15 gün sonra açıqlanıb.

 

Bəs I və IV ixtisas qruplarının imtahan nəticələri nə vaxt açıqlanacaq? Onların 2-ci cəhddə iştirak etmək üçün qərar verməyə vaxtları olacaqmı?


Modern.az mövzu ilə bağlı Dövlət İmtahan Mərkəzi (DİM) ilə əlaqə saxlayıb.


Qurumdan bildirilib ki, qeyd olunan məsələ nəzərə alınıb:


“İstənilən halda qeydiyyat prosesi nəticələr elan olunandan sonra başa çatacaq. Abituriyentlərin nəticələrini öyrəndikdən sonra imtahanların 2-ci cəhdinə yazılmaq üçün kifayət qədər imkanları olacaq”.

 

Nəticələrin dəqiq nə vaxt açıqlanacağı ilə bağlı sualımıza cavab olaraq bildirib ki, bunu əvvəlcədən dəqiq proqnozlaşdırmaq olmur.

"Emal prosesi başa çatan kimi nəticələr elan olunur", - DİM-in açıqlamasında deyilir.

 

Rəşid Qarayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var