Modern.az

İran səfiri: Sabahdan sərhəd-keçid məntəqələri tamamilə açılacaq

İran səfiri: Sabahdan sərhəd-keçid məntəqələri tamamilə açılacaq

15 Noyabr 2013, 19:46

Sabahdan etibarən Biləsuvar sərhəd-keçid məntəqəsində həm İran, həm də Azərbaycan tərəfdən piyadalarla yanaşı, minik və yük avtomobillərinin də gediş-gəlişinə icazə veriləcək. Bunu Trend-ə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

M.Pakayin qeyd edib: "Son üç gün ərzində mən və iki ölkənin sərhədçiləri arasında müzakirələr aparıldı və razılıq əldə olundu ki, sabahdan həm Culfa, həm də Biləsuvar sərhəd-keçid məntəqələri fəaliyyətini tam bərpa etsin və piyadalarla yanaşı, minik və yük avtomobillərinin də gediş-gəlişi həyata keçirilsin.

O bildirib ki, Biləsuvar sərhəd-keçid məntəqəsində artıq bu gündən maşınların buraxılmasına başlanılıb:

"İranda bu gün istirahət günü olduğu üçün hər iki keçid məntəqəsi sabahdan tam şəkildə fəaliyyət göstərəcək".

Xatırladaq ki, İran Culfa və Biləsuvar sərhəd-keçid məntəqələrini noyabrın 7-dən etibarən bağlamışdı. İki gün əvvəl isə sərhəd-keçid məntəqəsində piyadaların gediş-gəlişinə icazə verilmişdi.

İran tərəfi bu addımın Azərbaycanın Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsini bağlamasına cavab olaraq atıldığını bildirirdi.

Qeyd edək ki, noyabrın 5-də saat 18:15 radələrində Naxçıvan Muxtar Respublikasının (MR) Şərur rayonunun Dəmirçi kəndi yaxınlığında Araz çayında sahilbərkitmə işləri aparan traktora İran İslam Respublikası ərazisindən 2 nəfər hərbi geyimli şəxs atəş açıb. Həmin vaxt sürücü atəşdən yayınmaq məqsədilə özünü traktordan ataraq dambanın arxasına keçib. Ərazidə xidmət aparan sərhədçilər atəş səslərini eşidib hadisə yerinə gəliblər. Hadisə yerinə baxış keçirilib və aidiyyəti üzrə məlumat verilib. İran rəsmiləri bildirir ki, bundan sonra Azərbaycan tərəfi Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsini bağlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU