Modern.az

Sertifikasiya ilə bağlı iddia: Azərbaycan dilinin sualları çətin, riyaziyyatınkı asan olub?..

Sertifikasiya ilə bağlı iddia: Azərbaycan dilinin sualları çətin, riyaziyyatınkı asan olub?..

Təhsil

24 İyun 2024, 13:40

Bu günlərdə ölkənin təhsil ictimaiyyətinin diqqəti müəllimlərin sertifikatlaşdırma imtahanlarına yönəlib.

Bir müddət öncə - iyunun 8-də Azərbaycan dili, ədəbiyyat, ibtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanı keçirlib. Nəticələr çox aşağıdır: 7296 müəllimdən 3424 ibtidai sinif, 485 Azərbaycan dili və ədəbiyyat müəllimi təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsindən kəslib, onlar müvafiq keçid balını (30 bal) toplaya bilməyiblər.

Daha sonra riyaziyyat müəllimləri sertifikasiya imtahanları verdilər. Prosesə cəlb olunan 8580 riyaziyyat müəlliminin nəticələri fərqli oldu. Təkcə 38 nəfər maksimum - 60 bal topladı. 50 balı keçənlər də çoxluq təşkil edir.

Bəzi iddialar var ki, Azərbaycan dili ədəbiyyat və ibtidai sinif müəllimlərinin sualları çətin, riyaziyyat müəllimlərinin sualları isə asan olub.
 

Mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Elçin Əfəndi də bildirib ki, sertifikasiya imtahanlarında riyaziyyat fənn müəllimlərinin göstəriciləri Azərbaycan dili, ədəbiyyat və ibtidai sinif müəllimləri ilə müqayisədə daha yaxşıdır:
 

“Amma bu o demək deyil ki, riyaziyyat fənnindən suallar daha asan olub. Riyaziyyat dəqiq elmdir, bunun üçün də fənni tədris edən şəxslər suallarla daha rahat işləyə biliblər. Humanitar sahələrdə bir neçə versiya olur və onlar üzərindən bu dəqiqləşmələr aparılırsa, riyaziyyatda bu belə deyil. Riyaziyyat dəqiq elm olduğu üçün dəqiq də nəticəni istəyir. Bunu da hesablama etdikdən sonra müəyyənləşdirmək bir o qədər çətin deyil”.
 

Ekspertin sözlərinə görə, Azərbaycan dili, ədəbiyyat fənninə baxdıqda da yüksək nəticələr əldə edən müəllimlər görünür:
 

“Ötən il bu fənlər üzrə maksimum bal və yüksək nəticə əldə edən kifayət qədər müəllim var idi. İbtidai sinif üzrə isə həm riyaziyyat, həm də Azərbaycan dili fənnindən suallar var idi. Ona görə də ibtidai sinif müəllimləri müəyyən səhvlərə yol verirdilər. Bu da onu tələb edir ki, ibtidai sinif müəllimləri müəyyən bilik və bacarıqları özlərində formalaşdırsınlar. Proqramı əhatə edən suallar ibtidai sinif müəllimlərinin cavablandıra biləcəyi səviyyədə idi. Düşünürük ki, gələcək dövr üçün kimya, fizika, biologiya, informatika, tarix, coğrafiya kimi ixtisaslarda da müəllimlərin göstəriciləri daha yaxşı olacaq”.
 

Rəşid Qarayev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda seçki başladı- Azərbaycanlı prezident olacaq?