Gənc nəsil hansı qayğılarla yaşayır? Əsas problemləri nədir?
Modern.az bu suallarla bu dəfə gəncliyin güclü cins nümayəndələrini danışdırıb.
“5 Media” şirkətinin rəhbəri Mirhacib Məcid üçün gənclərin əsas problemi kitaba olan maraqlarının az olmasıdır. “Gənc
olmaq, xüsusilə Azərbaycan kimi inkişaf edən bir ölkənin gənci olmaq, məsuliyyət tələb edir. Biz bu məsuliyyəti dərk etməli və ona uyğun addım atmalıyıq. Doğrudur, bunun üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Ancaq bununla yanaşı, bəzi problemlərimiz diqqətdən kənarda qalmır. Hesab edirəm ki, Azərbaycan gəncliyinin böyük problemlərindən biri kitab oxumaqla bağlıdır. Düzdür, bir neçə illə müqayisədə, indi kitaba maraq nəzər çarpır. Bunda keçirilən sərgilərin də böyük rolu var. Kitab oxumaq gənclərdə dəb halını alıb. Əlbəttə ki, bu sevindirici haldır. Gün ərzində bir çox işləri gördüyümüz halda, kitab oxumağa vaxt tapmırıq. Mən özüm də uzun müddətdir ki, bədii ədəbiyyata vaxt ayıra bilmirəm. Hesab edirəm ki, bu olduqca pis vərdişdir. Bundan qurtulmaq lazımdır. Bunun çıxış yolunu da, yenə özümüz tapmalıyıq”.
Modern.az saytının əməkdaşı Elmin Nuri: “Cəmiyyətdaxili bütün sosial və mənəvi problemlərin kökündə öncə düşüncənin
darlığı və ümumiyyətlə, formalaşmaması yer alır. Kütləni narahat edən problemlər həmin kütlənin şüurundan qidalanır, yetişir, boya atır. Realist maarifçilik məktəbinin nümayəndələri də həmişə bu məqamı qabardıblar. Axundovdan başlayan bu istiqamət Zərdabi və Mirzə Cəlillə özünün ən güclü inkişaf nöqtəsinə sahibləndi. Bu gün də həmin problemlər yaşanır. Bir gənc kimi cəmiyyətimizdə baş verən problemlərin əsas səbəbini düşüncə tərzimizdə görürəm. Hər bir cəmiyyət həyata, dünyaya və dünyada baş verən proseslərə öz təfəkkür pəncərəsindən baxır. Nəyinsə gözəl görünməsi üçün öncə bu “pəncərə” təmizlənməli, aydınlanmalıdır. Bundan ötrü isə elmin inkişafı zəruridir. 21-ci əsr öz gedişatı ilə göstərir ki, ən böyük qüvvə məhz elm olacaq. İstərdim ki, ölkəmizdə Elmi Araşdırma mərkəzləri, bu istiqamətdə olan QHT-lər, elmi-mədəniyyətlərarası dialoqlar təşkil olunsun. Qərb və Şərq təfəkkürünün ortaq nöqtəsində yerləşən Azərbaycan həm rasional, həm də irrasional, yəni məntiqi və metafizik düşüncə tərzinə yenidən qayıtmalıdır. O zaman cəmiyyətimiz və dövlətimiz inkişaf edər. Bir gənc kimi mənim istəyim budur. Professor Əhməd Qəşəmoğlu ilə də bu düşüncələri gələcəkdə tətbiq etmək diləyindəyik”.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının əməkdaşı Hafiz Bayramov:
“Gənclərin problemləri çoxdur. Ancaq bu problemlərin həll olunması üçün gənclər özü heç nə etmir. Buna misal olaraq tələbələrin, gənclərin bir çox hissəsi təşkilatlarda, birliklərdə fəaliyyət göstərməkdənsə enerjilərini çayxanalara sərf edirlər.
Gənc xanımlarda isə erkən nikaha meyillik var. Bundan başqa təhsil, iş və karyera problemləri var. Bu problemlər də insanların özündən qaynaqlanan problemlərdir. Gənclərimiz təhsilə can yandırmırlar, sadəcə diplom üçün oxuyurlar və nəticədə iş tapa bilmirlər və karyeralarını qura bilmirlər”.
Uşu-Sanda üzrə dünya çempionuQurban Hüseynli gənclərin problemlərinin çoxluğundan danışdı: “Bəzən düşünürlər ki, axı
gənclərin nə problemi var? Əslində isə elə deyil. Müasir gənclik ötən əsrin gənclərinə baxanda, nə qədər sərbəst, qayğısız görünsə də, problemləri az deyil. Ən başlıca problem ali və orta təhsilli gənclərin öz ixtisaslarına uyğun münasib iş yapa bilməmələridir. Məncə, yetişməkdə olan bir gənc nəslin bundan böyük problemi ola bilməz. Ən dəhşətlisi isə odur ki, gənclərimizin bir çoxu ölkəni tərk edir. Bir tərəfdən də normal maaşın olmaması yüksək ixtisaslı gənclərin öz ixtisaslarından imtina etməsinə səbəb olur. Bu da kadr azlığı yaradır. Bundan başqa, müəllimlərin aldığı əmək haqları az olduğu üçün onların savadlı nəsil yetişdirmək istəyi də az olur. Ona görə, başlıca olaraq, müəllimlərin problemləri həll olmalıdır ki, biz gənclər də keyfiyyətli təhsil alaq. Çünki ölkəmizdə savadlı kadrlara ehtiyac böyükdür. Bir tələbəyə 100-150 min xərc çəkib ABŞ-da və ya başqa bir ölkədə oxumaqdansa, o xərci müəllimlərə çəkib daha çox tələbənin təhsil almasına köməklik etmək olar. Əgər düşünülsə ki, bizdə bu savadı verə biləcək müəllimlər yoxdur, o zaman bu qədər universitet açıb gənclərin 4 ilini itirmələrinə nə ehtiyac var? Regionlarda da bu problemlə üzləşirik. Bizim bölgələrin bir çoxunda gənclər təhsil almaq əvəzinə, uşaq yaşlarından fəhlə kimi işləməyə başlayırlar. Belə olduqda, onların gələcəyindən nə gözləmək olar? Düşünürəm ki, bizim ölkədə hər gəncə eyni səviyyədə yanaşmaq, onların təhsil almaları üçün şərait yaratmaq lazımdır“.
Tələbə Fariz Əlizadə problemin düşüncə tərzindən qaynaqlandığını bildirir: “Məncə Azərbaycan gəncinin əsas problemi
düşüncə tərzidir. Azərbaycanda savadlı gənclər üçün olduqca çox iş yerləri var. Sadəcə axtarıb tapmaq lazımdır. Hər gün yüzlərlə xarici şirkətlər tərəfindən özəl banklar, firmalar bir çox sahədə iş yerləri açılır. Əgər gənclər iş yerləri axtarmırsa, o aman günahı dövlətimizdə deyil, özümüzdə axtarmalıyıq. Gənc bir tələbə oxumaq, kursa gedib xarici dil biliyini inkişaf etdirmək əvəzinə, vaxtını gəzməklə keçirirsə, bunda günahkar elə onun özüdür. Hər zaman nəyisə dövlətin üzərinə yıxmaq asan olur. Azərbaycanda 4 il universitetdə hər hansı bir ixtisasda oxuyan, ancaq oxuduqları ixtisasın nə mahiyyət daşıdığını bilməyən onlarla tələbə var. Qaldı ki xaricə çıxışdan şikayət edən tələbələr, mən çox əminliklə deyə bilərəm ki, tələbələrin 99 faizi beynəlxalq əlaqələr şöbəsinin harada yerləşdiyindən xəbərləri yoxdur. Xaricdə təhsil almaq üçün müəyyən qədər dil biliyinin olması kifayət edir. Gənclik böyük qüvvədir. Çalışaq, bu illərdən düzgün və səmərəli istifadə edək”.
Ulduz İBRAHİMOVA