Modern.az

Nurəddin Zülfüqarlının vəkilindən təkzib gəldi

Nurəddin Zülfüqarlının vəkilindən təkzib gəldi

19 Noyabr 2013, 12:04

Noyabrın 5-də Modern.az-da Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) istefa vermiş Asəf Quliyevin yaradacağı hərəkatla bağlı yazı dərc olunmuşdu. Həmin yazıda A.Quliyevin hərəkatının strukturu ilə bağlı qeydlər yer almışdı. Bu barədə məlumatı Modern.az-a verən mənbənin dediyinə görə, hərəkatın maliyyə yükünü iş adamı Nurəddin Zülfuqarlı öz üzərinə götürüb.
Sonradan N.Zülfüqarlının hərəkata maliyyə ötürməsi məsələsini araşdıran əməkdaşımıza məlumatın təsdiqlənmədiyi bəlli olanda, sayta yerləşdirilmiş xəbərin iş adamı ilə bağlı hissəsi  çıxarıldı. Amma müsavat.com və digər saytlar yazını köhnə variantda dərc etdilər və mətnə sonrakı düzəlişlərə əhəmiyyət verilmədi.

Modern.az-la əlaqə saxlayan Nurəddin Zülfüqarlının vəkili Aslan İsmayılov bildirib ki, yazıda müvəkkilinin adının hallanması doğru deyil:
“Yazmısınız ki, yaradılacaq hərəkata Nürəddin Zülfüqarlı maliyyə dəstəyi verəcək. Bu məlumat həqiqətə uyğun deyil. Yazıya görə iş adamına problemlər yaradılıb. Siz yazıda həmin hissəni çıxarsanız da, musavat.com-da qalıb”.
Peşə etikası prinsipinə hər zaman riayət edən Modern.az yanlışlığı nəzərə alaraq N.Zülfüqarlıya öz üzrxahlığını bildirir.

Modern.az

Sizə yeni x var
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU