“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı Avropa İttifaqının “Gənclər Fəaliyyətdə” proqramının dəstəyi ilə "Bərabər iştirak üçün birgə qatıl!" adlı beynəlxalq seminarın açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimov, Milli Məclisin deputatları, Təhsil Nazirliyinin rəsmi şəxsləri, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirləri və beynəlxaq təşkilatların nümayəndələri iştirak edib.
Layihə barədə məlumat verən “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri, Milli Məclisin deputatı Fuad Muradov bildirib ki, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən bu layihənin məqsədi gənc miqrantlar, sığınacaq axtaranlar, qaçqın və məcburi köçkün gənclər arasında iştirakçılıq, bu sahədə fəaliyyət göstərən gənc liderlərin bilik və bacarıqlarını inkişaf etdirməklə innovativ fəaliyyətlərinə təkan verməkdən ibarətdir.
İndiyə qədər təşkilatın beş böyük beynəlxalq layihə həyata keçirdiyini deyən F. Muradov qeyd edib ki, müxtəlif ölkələrdən gələn gənclər Avropa İttifaqının “Gənclər Fəaliyyətdə” proqramı çərçivəsində iştirak etməklə Avropa dəyərlərini bölüşmə imkanları əldə edəcək. Eyni zamanda 10-da artıq ölkədən Bakıya gələn gənclər bu layihə çərçivəsində Azərbaycan reallıqları ilə tanış olmaq imkanı qazanacaqlar.
Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Avropa İttifaqının bu proqramı gənclər qarşısında yeni ünsiyyət platforması açır. “Azərbaycan Avropa strukturları ilə inteqrasiyaya böyük önəm verir. Ölkəmiz Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əməkdaşlıq edir. Azərbaycan bu seminarın müzakiurə edəcəyi mövzularla bağlı Avropaya öz töhfələrini verə bilər. Ölkəmizin tolerantlıq modeli Avropada nümünə kimi qiymətləndirilir”-deyə nazir qeyd edib.
Avropa İttifaqının Azərbaycanda nümayəndəsi Toralf Pilts çıxışnıda belə layihələrin həyata keçirlməsinin vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, son illərdə Avropa İttifaqının siyasətində gənclər məsələsi əsas yeri tutur. Səfir qeyd edib ki, Avropa İttifaqının bu layihəsi gənclər arasında tolerantlıq və əməkdaşlıq atmosferinin yaradılmasında mühüm rol oynayır.
Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev bildirib ki, layihə istər Azərbaycan, istərsə də əcnəbi gənclər üçün böyük əhəmiyyət kəsb edir və Gənclər Fondu bu cür əməkdaşlığı dəstəkləyir.
Milli Məclisin deputatı Cavanşir Feyziyev çıxışında qeyd edib ki, gənclərin Avropaya inteqrasiyası və Avropa ölkələri ilə əməkdaşlığı çox müsbət bir haldır. Belə əməkdaşlıq nəticəsində hər iki tərəf nəyisə öyrənir və nəticədə ölkələrin bir-birinə marağı artır.
Təhsil Nazirliyinin nümayəndəsi Elnur Əlizadə Azərbaycanın dünyanın qabaqcıl təhsil ölkələrindən biri olduğunu deyərək qeyd edib ki, ölkədə təhsil prioitet sahədir. O vurğulayıb ki, ölkə başçısı İlham Əliyev təhsilə böyük önəm verir. Məhz təhsil haqqında imzalanan sənədlər buna əyani sübutdur.




Ulduz İBRAHİMOVA