Modern.az

Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil

Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil

Təhsil

27 İyun 2024, 22:44

İyunun 27-də ADA Universitetində “Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil” mövzusunda tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə sertifikatlaşdırma prosesində yüksək nəticə göstərən müəllimlər və digər qonaqlar iştirak ediblər.

 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli sertifikatlaşdırma prosesinin mahiyyəti və keçirilmə qaydaları barədə məlumat verib.

 

Daha sonra elm və təhsil naziri Emin Əmrullayev sertifikatlaşdırma prosesinə dair geniş təqdimatla çıxış edib.

 

Sertifikatlaşdırmanın məqsədinə toxunan Emin Əmrullayev bildirib ki, 2022-2024-cü illərdə təhsilverənlərin sertifikatlaşdırılması prosesində 64 mindən çox müəllim iştirak edib.

 

Nazir qeyd edib ki, prosesin nəticəsi olaraq təxminən 35 faiz müəllim 2024-2025-ci tədris ilində 1000 manat və daha yuxarı əməkhaqqı alacaq. Təhsilverənlərin sertifikatlaşdırılması nəticəsində 55 mindən çox müəllimin əməkhaqqına əlavə alacağı proqnozlaşdırılır. Əməkhaqqına 35 faiz əlavə alacaq müəllimlərin sayının isə təxminən 17,5 min nəfərə yüksələcəyi gözlənilir.

 

Əvvəlki dövrdə müəllimlərin işə qəbulu (MİQ) və yerdəyişmə imtahanlarında iştirak edərək 30 və daha çox bal toplayanların sertifikatlaşdırma nəticələrinin əhəmiyyətli dərəcədə yüksək olduğunu diqqətə çatdıran Emin Əmrullayev bildirib ki, MİQ imtahanlarından keçənlərin orta sertifikatlaşdırma balı 52-dir.

 

Çıxışında sertifikatlaşdırma prosesinin nəticələrinə dair bəzi statistik məlumatları da diqqətə çatdıran Emin Əmrullayev sonda müəllimlərə müraciət edərək bildirib ki, müəllim gördüyü işin nəticəsinin şagirdinin təlim nəticəsi olduğunu unutmamalıdır. Görülən işlərin hər biri də bu istiqamətin yaxşılaşdırılmasına yönəlib.

 

ADA Universitetinin rektoru Hafiz Paşayev müəllimlərin sertifikatlaşdırılması prosesinin əhəmiyyətini vurğulayıb və prosesdən uğurla keçən müəllimləri təbrik edib, onlara uğurlar arzulayıb.

 

Tədbir çərçivəsində çıxış edən Şəmkir rayon Zəyəm qəsəbə 2 nömrəli tam orta məktəbin ingilis dili müəllimi, Vətən müharibəsi iştirakçısı Hüseyn Şamilli, Bakı şəhəri 133 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Şahnaz Sariyeva sertifikatlaşdırma imtahanının təkcə bilikləri ölçmədiyini, həm də müəllimlərin peşə biliklərinin artırılması, öz üzərlərində çalışmaları baxımdan faydalı olduğunu dilə gətiriblər.

 

Tədbir çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?