Modern.az

Kollec təhsillilər niyə müəllim işləyə bilməz? - Ekspertdən nazirin fikrinə REAKSİYA

Kollec təhsillilər niyə müəllim işləyə bilməz? - Ekspertdən nazirin fikrinə REAKSİYA

Təhsil

1 İyul 2024, 13:01

Azərbaycanda ali təhsilli müəllimlərlə yanaşı, orta ixtisas təhsilli müəllimlər də tədris prosesində iştirak edir.

150 min müəllimin bir hissəsi orta ixtisas təhsillidir. İnformatika və ingilis dili müəllimləri arasında orta ixtisas təhsili olanlar nisbətən daha çoxdur.

Bir neçə gün əvvəl sertifikasiya imtahanlarında kollec məzunlarının aşağı nəticə göstərməsi müzakirələrə səbəb olmuşdu. 

Elm və təhsil naziri Emin Əmrullayev də mövzu ilə bağlı çıxış etmişdi. 

Nazir xatırladıb ki, vaxtilə orta ixtisas təhsil müəssisələrində də müəllimlər hazırlanıb:

“Bu, müəllim çatışmazlığı dövründə sürətli müəllim hazırlanması üçün atılan addım olub. Hazırda isə ali təhsilin tələb edildiyi məktəblər var və bu qanunvericilik çərçivəsində olan tələbdir.
Artıq bilirsiniz ki, biz nazirlik olaraq nəinki ümumitəhsil, hətta məktəbəqədər təhsil səviyyəsində də müəllim hazırlığını orta ixtisas təhsil müəsisələrində saxlamışıq. Bundan sonra bunu etməyəcəyik”.

Emin Əmrullayev müəllimlin yalnız ali təhsilli olmasını vacib şərt hesab edib.
 

Mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Kamran Əsədov deyib ki, dünyanın bütün ölkələrində kollec təhsili var. 

Ekspert bildirib ki, bəzi insanların maddi vəziyyəti yaxşıdır və ali təhsil ala bilirlər. Amma maddi vəziyyəti zəif olan, yaxud yaşayış yerini tərk etməkdə çətinlik çəkən şəxslər ən yaxın ərazidə digər təhsil formalarına üz tuturlar:
 

"Çox təəssüf ki, Azərbaycanda orta ixtisas təhsili müəssisələrinin hazırladığı kadrlar əmək bazarının tələblərinə və müsair standartlara cavab vermir. Dünyanın ən nüfuzlu ölkələrindən olan İngiltərə, Almaniya və Fransada çalışanların 34%-i kollec məzunlarıdır. Hətta qeyd edilən ölkələrin kollec məzunları arasında nazirlər, vitse-prezidentlər də var. Amma Azərbaycanda 1990-cı illərdə ölkədə təhsil sahəsində sabitliyin olmaması səbəbindən kolleclərə kütləvi qəbul və məzun olma, həmçinin saxta diplom əldə edilmə halları baş verdi. Yekunda isə kimlərsə kollecin qapısını belə tanımadan diplom almış oldu. Onlar bu və ya digər yollarla işə qəbul olinublar. Sertifikasiya, müəllimlərin işə qəbulu imtahanlarının nəticələrində gördük ki, kollec məzunlarının çoxunun nəticələri yüksək deyil. Amma birmənalı şəkildə "kollec məzunları pisdir" demək də doğru deyil".
 

K.Əsədov qeyd edib ki, həmin insanlar dövlətin onlara verdiyi seçimdən yararlanıblar:
 

"Sadəcə olaraq hesab edirəm ki, kolleclərin tədris proqamı dəyişdirilməlidir. Elə insan var ki, Xaçmazda yaşayır, Bakıya gələ bilmir və Qubada olan kollecdə təhsilini davam etdirir. İnsanlar öz bilik və bacarıqlarına, ali vəziyyətlərinə uyğun olaraq ixtisas seçimində iştirak edir, kollec seçirlər".
 

Müsahibimiz sonda vurğulayıb ki, dövlət peşə təhsili müəssisələrinə də kifayət qədər pul ayırır:

"Gəlin baxaq, peşə təhsili müəssisənini bitirib işləyən nə qədər insan var? Ümumiyyətlə təhsil almadan əmək bazarında işləyən zərgərlər, dülgərlər, bənnalar daha çoxdur. Onlar adi usta  yanında daha çox öyrənirlər, nəinki peşə təhsili müəssisələrində. Hesab edirəm ki, biz hansısa təhsil alma formasını təhsilin keyfiyyətinin aşağı olduğu üçün tənqid etməliyik. Müəllim ali təhsilli olmalıdır, amma Azərbaycan hələ o səviyyədə deyil. Finlandiyada müəllim olmaq üçün bakalavr təhsili yetərli deyil. Magistratura pilləsini bitirməli, 80-dən yuxarı göstərici əldə etməlisiniz. Amma Azərbaycanda riyaziyyatdan 0 bal toplayan riyaziyyat müəllimi olur. Hesab edirəm ki, kollec təhsilini o qədər də pis təqdim etməməliyik. Hazırda orada 50 mindən çox insan təhsil alır. Ali təhsilli olmaq təbii ki, yaxşıdır. Amma birdən-birə kollec təhsilini tənqid etsək, bu haqsızlıqdır. Çünki kolleclər yalnız pedoqoji kadrlar buraxmır. Azərbaycanda ali təhsil müəssisəsi məzunlarının 42%-i çalışır, elə universitetlərimiz var ki, məzunlarının 1%-i işləyir. O zaman bu universitləri bağlayaq? Ali təhsil müəssisələrinin məzunu olan pedoqoji kadrların hamısının nəticələri yüksəkdirmi? Elə dövlət universiteti var ki, məzunlarının yalnız 12%-i MİQ imtahanından keçə bilir. Ona görə də biz təhsili keyfiyyətini yüksəltməkdə maraqlı olmalıyıq".
 

Rəşid Qarayev

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyə qarışdı: qızmış kütlə əsgərlərə HÜCUM ETDİ