Modern.az

Gəncə Dövlət Universitetində “Məzun Günü" - FOTO

Gəncə Dövlət Universitetində “Məzun Günü

Təhsil

30 İyun 2024, 12:39

Gəncə Dövlət Universitetində (GDU) “Məzun Günü” keçirilib.

   

Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi yad edilib.

   

Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Türkiyə Respublikasının Gəncədəki Baş Konsulu Recep Öztop, YAP Gəncə şəhər Təşkilatının sədri Bayram Aslanov, Vətən müharibəsi qaziləri, şəhid valideynləri, ali təhsil müəssisəsinin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

   

Universitetin rektoru Yusif Yusibov məzunları təbrik edərək onlara gələcək həyatlarında və karyeralarında uğurlar arzulayıb, GDU məzunlarının bacarıqlı mütəxəssis olacağına inandığını bildirib. Gənclərə vətəninə, millətinə layiqli vətəndaş olmağı və bu ali təhsil ocağının adını daim uca tutmağı tövsiyə edib.

       

Rektor Yusif Yusibov ölkəmizdə elm və təhsil sahəsinə göstərilən dövlət qayğısından, son illər ərzində universitetin daxili və beynəlxalq reytinqlərdə artan nüfuzundan, müasir dövrün tələblərinə cavab verən yüksək ixtisaslı kadr hazırlığından və tələbələr üçün yaradılan imkanlardan söhbət açıb. 2023/2024-cü tədris ilində universitetdən ümumilikdə 2000-ə yaxın tələbənin məzun olduğunu diqqətə çatdırıb. Rektor Gəncə Dövlət Universiteti ilə Dokuz Eylül Universiteti arasında icra olunan ikili diplom proqramı üzrə 1-ci kursu uğurla başa vuran GDU tələbələrini də təbrik edib.

   

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında məzunlara ən səmimi ürək sözlərini çatdırıb, 86 illik tarixə malik Gəncə Dövlət Universitetinin məzunları arasında Azərbaycanın ictimai-siyasi həyatına layiqli töhfələr verən şəxslərin olduğunu bildirib. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs edib. Gəncə şəhər Icra Hakimiyyətinin başçısı məzunların peşəkar mütəxəssis, cəmiyyətimiz və Vətənimiz üçün uğurlu insan olacağına əminliyini bildirib.

   

Türkiyə Respublikasının Gəncədəki Baş Konsulu Recep Öztop tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmlənməsində gənclərin rolunu vurğulayıb.

     

 YAP Gəncə şəhər Təşkilatının sədri Bayram Aslanov Gəncə Dövlət Universitetini bir dəyər kimi daim yüksək tutmağı, yiyələndikləri peşədən asılı olmayaraq, dövlətimizin müstəqilliyini, xalqımıza məxsus nəcib dəyərləri qorumağı, doğma Azərbaycanımızın daha da inkişaf etməsi və güclənməsi üçün əzmlə, ləyaqətlə, fədakarlıqla çalışmağı tövsiyə edib və onlara bu vacib, şərəfli yolda uğurlar diləyib.

       

44 günlük Vətən müharibəsinin şəhidi Amal Əhmədovun anası Mehriban Əhmədova çıxış edərək universitet məzunlarını təbrik edib, ali təhsil ocağında yüksək ixtisaslı kadr hazırlığı ilə yanaşı, gənclərin vətənpərvər ruhunda yetişdirilməsinə önəm verən, daim qazi və şəhid ailələrinin yanında olan univseritet rəhbərliyinə təşəkkür bildirib.

   

Fizika və texniki fənlər fakültəsinin məzunu Aysun Verdiyeva çıxış edərək GDU-nun məzunu olmaqdan qürur duyduğunu dilə gətirib, tələbələrə göstərilən yüksək diqqət və qayğıya görə universitetin rəhbərliyinə və müəllimlərə minnətdarlığını ifadə edib.

   

Tədbirdə təhsildə göstərdikləri yüksək nəticələrə və ictimai işlərdə fəal iştiraka görə bir qrup məzuna Fəxri fərman, həmçinin məzun valideynlərinə Təşəkkürnamə təqdim olunub.

   

“Məzun Günü” konsert proqramı ilə davam edib və tədbir möhtəşəm atəşfəşanlıqla başa çatıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə qarışdı: qızmış kütlə əsgərlərə HÜCUM ETDİ