Modern.az

Diplomlu işsizlər - Müəllimliyə bu qədər tələbə qəbulu kimlərə sərf edir?

Diplomlu işsizlər - Müəllimliyə bu qədər tələbə qəbulu kimlərə sərf edir?

Təhsil

3 İyul 2024, 11:08

Azərbaycanda işsiz müəllimlərin sayı həddindən çoxdur. Üstəlik bu say hər il ayrı-ayrı universitetlərdən müəllim diplomu alan məzunların hesabına bir qədər də artır.

Rəsmi məlumata görə, bu il məllimlərin işə qəbulu (MİQ) üzrə test imtahanlarına 61 mindən namizəd buraxılıb. Bəlkə də onun yarısı qədər də imtahanlardan kənarda qalıb.

Hər il MİQ imtahanlarında iştirak edən 60 mindən çox müəllimin cəmi 8 min nəfəri daimi işlə təmin oluna bilir.

Bir sözlə, ölkədə işsiz "diplomlu müəllimlər ordusu" formalaşıb .

Bəs ölkədə bu qədər müəllimə ehtiyac varmı? Müəllim ixtisasları üzrə tələbə qəbulu aparan Azərbaycan Dövlət Pedaqoji Universitet varsa, niyə digər ali təhsil ocaqları da bu işlə məşğuldur?

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Anar İsgəndərov Modern.az-a bildirib ki, ölkədə müəllimlərə tələbat var, xüsusilə də rayonlarda:
 

“Qəbul imtahanlarında yüksək bal toplayan tələbələr məzun olduqdan sonra işə qəbul olunmaq üçün imtahanlardan keçə bilmirlər. Bu, düşündürücüdür. Bu şəxs universitetə yüksək balla qəbul olunub, orada  yüksək nəticələrlə oxuyub, amma işə qəbulda imtahanı keçə bilmir. Bunların hər biri müzakirə olunmalı, yaranan çətinliyin səbəbləri araşdırılmalıdır”.
 

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, hazırda Azərbaycanın 25 ali təhsil müəssisəsində pedaqıoji kadr hazırlığı həyata keçirilir:
 

“Biz müəllimlərin işə qəbulu (MİQ) və sertifikasiya imtahanlarında gördük ki, ali təhsil müəssisələri məzunlarının çox hissəsinin nəticələri uğurlu deyil. Bu ondan irəli gəlir ki, ali təhsil müəssisələri müasir standartlara və əmək bazarının tələblərinə cavab verən kadr hazırlamır. Bəzi ali təhsil ocaqlarının məzunlarının uğursuz olduğunu görürük. Bu ona görə baş verir ki, ali təhsil müəssisələrinin əksəriyyəti yalnız binadan və partadan ibarətdir, onların idarə edilməsində qüsurlar var. Ali təhsil müəssisəsi mütləq şəkildə cəmiyyətdə baş verən hadisələrin iştirakçısı olmalıdır. Amma bu gün Azərbaycanda ali təhsil müəssisələrinin tədris proqramları, qiymətləndirmə standartları, tədrisin məzmunu demək olar ki, işəgötürənlərin maraqlarına uyğun deyil. Ona görə də işəgötürənlər daha çox xaricdə təhsil almış şəxsləri qəbul edirlər.

Biz pedaqoji kadrların nəticələrini sertifikasiya imtahanlarında, MİQ imtahanlarında gördük. Nəticələr heç də ürəkaçan deyil. Biz hər ali təhsil müəssisəsində pedoqoji kadr hazırlamasında maraqlı olmamalıyıq. Təhlillər aparılmalı, məzunları müvafiq imtahanlarda uğur qazanmayan ali təhsil müəssisələrində pedaqoji hazırlıq dayandırılmalıdır. Təhlillər aparılmalıdır ki, təhsil müəssisəsinin hazırladığı kadrlar əmək bazarına nə qədər uyğundur? Bu il keçiriləcək MİQ imtahanlarında 61 min nəfərdən çox şəxs iştirak edəcək. Keçənilki nəticələrdə gördük ki, imtahan verənlərin yarıya qədəri keçid balını toplaya bilmir. Ona görə də heç də bütü ali təhsil müəssisələrində pedaqoji kadr hazırlanmamalıdır. Pedaqoji kadr hazırlayan ali təhsil müəssisələrinin tədris proqramları, resursları analiz edilməli, standartlara, məzmuna uyğun olmayan təhsil müəssisələrində bu kadr hazırlığı dayandrılmalıdır”.
 

Rəşid Qarayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya qərar verdi: “Ərdoğan vasitəçi olmayacaq”