Modern.az

Bir vaxtlar polis, həkim, hərbçi olmaq istəyən uşaqlar indi fərqli düşünürlər - SƏBƏB

Bir vaxtlar polis, həkim, hərbçi olmaq istəyən uşaqlar indi fərqli düşünürlər - SƏBƏB

Təhsil

11 İyul 2024, 14:48

Keçmişdə uşaqlar "kim olmaq istəyirsən" sualına "polis, həkim, hərbçi" cavabını verirdilərsə, indi "yutuber, bloger" deyirlər. Bu nə ilə əlaqədardır?

Sosioloq Əhməd Qəşəmoğlunun Modern.az-a dediyinə görə, bu, elmi olaraq əsaslanmış bir məsələdir ki, insan cəmiyyətinin ən yaxşı halda 20%-i təhlil etməyə, düşünməyə, qərar verməyə meyilli olanda 80%-i yamsılamağa can atır:

“Buna 80/20 qanunu da deyirlər. Bu qanun sosial psixologiyada əsəslanmışdır. Hansı şeylərdən ki, insanlar fayda görürlər, 80 faiz həmin şeyləri etməyə can atır. Bu, cəmiyyətdəki qanunauyğunluqdur. Bir atalar sözü də var: “Qızı özbaşına qoysan ya halvaçıya gedər, ya zurnaçıya”. Vaxtilə cəmiyyətdə bir halvaçı çox məhşur idi, bir də zurnaçalan... Sonra isə polis, idmançılar, indi bloger. Ona görə cəmiyyətin qanunauyğunluğudur ki, insanların 80%-i yamsılamağa meyillidir. Ən yaxşı halda 20%-i özü düşünməyə, qərarlar qəbul etməyə, təhlil etməyə təlabat hiss edir. İndi hiss edirlər ki, blogerlər tanınırlar, hətta pul da qazanırlar. 
Amma insanların internetlə təması olmadığı bir yerdə - məsələn, hansısa rayonda “bloger nədir?”" soruşa bilərlər. Yəni dediyiniz internetlə əlaqədə olan sosial təbəqəsinin xüsusiyyətidir”.


Sosioloq bildirib ki, istənilən valideynin uşağa gözəl ad qoymasının vacibliyi Qurani-Kərimdə də qeyd edilib:


“Bu Qurani-Kərimin tövsiyəsidir. Mənim də bir sosioloq olaraq tövsiyəm bundan ibarətdir ki, hər bir valideyn daha çox çalışmalıdır. Hiss etsin ki, uşağının ən çox nəyə marağı var. Uşağını artıq 1-3 yaşında kəşf etməyə çalışsın. Həmin o qabiliyyəti inkişaf etdirməkdə ona kömək lazımdır. Bu tək valideynin işi deyil, həm də ictimai təşkilatların, hökümət qurumlarının, ümumiyyətlə, cəmiyyətin işidir. O cəmiyyət inkişaf edə bilər ki, orada valideyn də, dövlətin siyasəti də, uyğun qurumlar da çalışsın ki, hər kəsin qabiliyyətini kəşf edib, inkişafı üçün şərait yaratsın”.
 

Təhsil eksperti Nadir İsrafilov bildirib ki, əvvəl vəziyyət başqa olsa da, indi hər şey dəyişib:
 

“Bu gün virtual aləm daha çox insan həyatına nüfuz edib. Uşaqlar göz açandan yeni texnologiyaların şahidi olurlar. Virtuallıq insani münasibətlərin önünə keçib. İndiki şəraitdə uşaq gözünü açır müxtəlif sosial şəbəkələri görür. Uşaqlarda da psixoloji formalaşma dövrü getdiyinə görə, onlarda internetə meyil artır. Ona görə bu bilavasitə zəmanə ilə bağlıdır. Zəmanə də XXI əsr texnologiya əsridir. Gündə yeni texnologiya, hətta müəllim robotlar düzəldirlər, hər şey robotlaşdırılır. Texnologiya önə keçdiyi üçün uşaqlarda da, şübhəsiz ki, maraq bu yöndədir. Yüksək texnologiyaların müəyyən müsbət əhəmiyyəti olsa da, bir o qədər də mənfi zərəri var. TikTokun yaradıcısı Çin ölkəsi ondan imtina edir. Amerika Konqresi TikTokun bağlanması haqqında məsələ qaldırıb. Hazırda ekspertləri blogerlər əvəz edib, ona görə də bizim əsas vəzifəmiz uşaqları virtual asılılıqdan azad etməyə cəht göstərməkdir. Onların asudə vaxtını maraqlı keçirmələri üçün məktəbdənkənar tədbirlər, ekskursiyalar, dram və özfəaliyyət dərnəkləri olmalıdır. Uşaqların asudə vaxtı səmərəli təşkil olunsa, virtuallıqdan asılılıq da azalar. Bir zamanlar kompüter şəbəkələri məktəblərin ətrafında yaranırdı. Uşaqlar dərsdən qaçıb orada cürcəcür oyunlar oynamağa gedirdilər. Məsələn, “mavi balina” kimi oyunlar var idi ki, uşaqların psixologiyasını pozurdu. Uşaqlarda intihar, şiddət formalaşırdı. Sonra vəziyyətin qarşısını almaq üçün bəzi kompüter salonları bağlandı və s. Məktəbə telefon aparmaq məsələsi var, bu da hələ yarımçıq qalıb. Uşaqlar bütün gün əllərində telefon cürbəcür oyunlar oynayırlar. Yəni istəsək də, istəməsək də, müəyyən qadağalara getmək lazımdır ki, uşaqlar virtual asılılıqdan azad olsunlar. Bu uşaqların sağlamlığına, təlim-tərbiyəsinə təsir edir”.


Ekspertin sözlərinə görə, uşaqların peşə seçimi, gələcəkdə fəal mövqe tutması virtuallıqla, sosial şəbəkələrlə bağlı olan məsələdir:
 

“Yəni bu sosial şəbəkələr uşaqları dərslikdən ayırır, kitab oxumaqdan yayındırır. Əvvəl uşaq asudə vaxtını kitab oxumağa sərf edərdi, indi ali məktəbin qarşısından keçəndə hərəsinin əlində telefon, qulağında qulaqcıq baxmır maşın gəlir, svetoforda işıq yanır, ya yox. Son vaxtlar müəyyən tədbirlər keçirilir. Məsələn, inşa müsabiqəsi, kitab oxunuşu və s. Bu cür tədbirlər artmalıdır. Təhsil Nazirliyi düşünməlidir ki, ailə ilə məktəbin qarşılıqlı əlaqəsini təmin edib uşaqları bu virtual asılılıqdan azad etmək üçün nə etmək lazımdır. Yoxsa ildən-ilə bu məsələ bir az da həddini aşır. İfrat dərəcədə bağlılıq uşağın bütün mənəviyyatını, sağlamlığını, gələcəyini, peşə seçimini təhlükə altına alır”.
 

Gülarə Quliyeva

Whatsapp
Bizə yazın!
Keçid et
Ağadadaş Ağayevi döyən şəxs saxlanıldı