Latviyanın paytaxtı Riqada supermarket damının uçması ilə bağlı gecədən başlayan xilasetmə işləri nəticəsində dağıntılar altından 45 nəfərin cəsədi çıxarılıb.
BBS-nin xəbərinə görə, binada onlarla adam qalıb və qurbanların sayının artacağı güman edilir.
Ölənlərdən 3-ü damın növbəti uçqunu altında qalan xilasedici olub və onların öldüyü ilə bağlı xəbəri təsdiqləyən Latviya xilasetmə xidmətinin sözçüsü Viktorija Sembele 8 yanğınsöndürənin yaralandığını təsdiqləyib.
Rəsmilər bundan öncə, 35 nəfərin yaralandığını deyib.
Xilasetmə xidməti rəhbərinin müavini Normunds Plegermanis deyib ki, damın uçması davam etdiyindən "içəridə işləmək qorxuludur".
Ordu rəsmisi Twitter vasitəsilə xilasetmə işlərinə 60 əsgərin qoşulduğunu deyib.
2011-ci ildən fəaliyyət göstərən supermarket Maxima şəbəkəsinə aiddir.
Hadisə ilə bağlı cinayət işi açılıb, polis artıq araşdırmalara başlayıb,- hadisə yerinə gələn Baş nazir Valdis Dombrovskis bildirib.
Cinayət işi tikinti normalarının pozulması ilə bağlıdır. Bəzi məlumatlarda damın üstündə qış bağının salındığı deyilir.
“Aydındır ki, tikinti tələblərinin yerinə yetirilməsində problem olub”, daxili işlər naziri Rihards Kozlovskis Latviya TV-yə deyib.
Hadisə ötən gün Bakı vaxtilə saat axşam saat 8-də, qızğın alış-veriş zamanı baş verib.
Şahidlərdən biri divar və pəncərələrin bir anda yerə gələrək dağıntıya çevrildiyini deyib. 20 dəqiqə sonra isə damın başqa hissəsi xilasedicilərin üstünə uçub. Məlumata görə, hadisədə 500 kvadrat metr dam örtüyü çöküb.
Başqa bir şahid deyir ki, alıcılar damın uçması zamanı binanı tərk etmək istəsə də, mağazanın elektron qapıları bağlanıb.
Hadisə 1991-ci ldən bəri ən ağır qəza sayılır.
Modern.az