“Maliyyə çatışmazlığı ilə əlaqədar 2010-cu il parlament seçkilərindən sonra “Müasir Müsavat” qəzeti bağlandı. Çünki qəzetin fəaliyyət bəzi radikal qüvvələrin xoşuna gəlmirdi və onlar ifşa olunurdu”.
Bunu Modern.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev qəzetin yenidən açılacağı barədə xəbərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, “Müasir Müsavat”ın fəaliyyəti bərpa edilə bilər.
H. Hacıyev bildirib ki, “Müasir Müsavat” qəzeti müəyyən ianələr, yardımlar hesabına yenidən işıq üzü görə bilər. Partiya sədri qəzetin fəaliyyətinin bərpası ilə əlaqədar hakimiyyətdən, məmurlardan hər hansı bir yardım gözləmədiyini də qeyd edib.
“Buna ehtiyac da yoxdur, biz müxalifət partiyası kimi həmişə öz fikirlərimizi demişik. Biz iqtidarla heç bir əlaqəmiz yoxdur. Mən yalnız prezident İlham Əliyevin siyasətini dəstəkləyirəm”, – deyən H. Hacıyev iş adamlarının, biznesmenlərin maliyyə yardımları edəcəyini isə istisna etməyib.
“Konkret kimlərə müraciət etməyimiz isə partiyanın kollegial qərarından sonra bəlli olacaq”.
Aqşin Kərimov