Modern.az

Müxalifətdən Rəsulzadəylə bağlı sərəncama RƏY: “AzTV bu xəbəri niyə vermədi?”

Müxalifətdən Rəsulzadəylə bağlı sərəncama RƏY: “AzTV bu xəbəri niyə vermədi?”

23 Noyabr 2013, 11:59


Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncamına AXCP və Müsavat Partiyası da münasibət bildirib.

Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyli Modern.az-a açıqlamasında deyib ki, belə bir sərəncamın verilməsini müsbət qiymətləndirir:

“Bu tarixdir və bunu yaşatmaq lazımdır. Tarixi yaşatmaq bir nəfərin işi deyil. Bu, Azərbaycanın ümumi tarixidir, bunu dövlət yaşatmalıdır. Müsavat Partiyasının 100 illiyi ilə bağlı yubiley tədbirlərini partiyamız il ərzində silsilə tədbirlərlə qeyd etmişdi. Gələn il də partiyamız Rəsulzadənin yubileyinin keçirilməsi ilə bağlı tədbirlər planlaşdırır. Belə bir məqamda dövlət başçısının bu cür sərəncam verməsi müsbət haldır. Ümid edirik ki, bu sərəncam kağız üzərində qalmayacaq, icrasına başlanılacaq”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı deyib ki, Azərbaycan hakimiyyətinin cümhuriyyətin qurucularına, o cümlədən cümhuriyyətin qurucusu Məhəmməd Əmin Rəsulzadəyə münasibət aydındır: “İndiyə qədər Rəsulzadənin Bakı şəhərində heykəlinin qoyulmaması ona olan münasibətin göstəricisidir. “Azadlıq” qəzeti belə bir informasiya yayıb ki, Dövlət Televiziyası dünənki sərəncamı ifadə etməyi özünə layiq bilməyib. Təəssüflər... Rəsulzadənin yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi daha əvvəldən olmalı idi. Sərəncamın həyata keçirilməsindən sonra biləcəyik ki, bu, imitasiya siyasətidir, yoxsa doğrudan da səmimidirlər”.

İlkin PİRƏLİ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU