Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, general-mayor Məhəmməd Abbasquliyev bu gün II Fəxri Xiyabanda dəfn olunub.
Mərasimdə Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev və digər yüksək rütbəli hərbçiləır iştirak ediblər.
Dövlət Sərhəd Xidməti rəisinin şəxsi heyət üzrə müavini – Şəxsi Heyət Üzrə Baş İdarənin rəisi general-mayor Abbasquliyev Məhəmməd Abbasqulu oğlu 2013-cü il noyabr ayının 22-də 48 yaşında vəfat edib.
Məhəmməd Abbasquliyev 14 fevral 1965-ci ildə Babək rayonu, Kəlboruc Dizə kəndində anadan olub. O, 1982-ci ildə Qara-qala kənd orta məktəbini bitirdikdən sonra Donetsk Ali Hərbi-Siyasi Mühəndis və Rabitə Qoşunları Məktəbinə daxil olub, 1986-cı ildə həmin məktəbi bitirdikdən sonra 1993-cü ilədək Sovet Ordusu sıralarında müxtəlif zabit vəzifələrində xidmət edib.
1994-cü ildən 2001-ci ilədək Azərbaycan Respublikası Sərhəd Qoşunlarının Naxçıvan sərhəd dəstəsində zabit vəzifələrdə çalışıb, 2001-2004-cü illərdə Naxçıvan sərhəd dəstəsinin rəisi olub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə 06.04.2004-cü il tarixdə DSX-nın Naxçıvan sərhəd diviziyasının komandiri vəzifəsinə, 16.01.2008-ci il tarixdə Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini vəzifəsinə, 18.08.2008-ci il tarixdə Dövlət Sərhəd Xidməti rəisinin şəxsi heyət üzrə müavini – Şəxsi Heyət Üzrə Baş İdarənin rəisi vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 30 iyul 2004-cü il tarixli Sərəncamı ilə Məhəmməd Abbasquliyevə general-mayor hərbi rütbəsi verilib.
General-mayor Məhəmməd Abbasquliyev tutduğu vəzifələrdən asılı olmayaraq özünü daim səriştəli və bacarıqlı hərbiçi, yüksək peşəkarlığa və təşkilatçılıq qabiliyyətinə malik təcrübəli komandir kimi tanıdıb. Azərbaycan Sərhəd Mühafizəsinin inkişafında, Dövlət Sərhəd Xidmətində aparılan islahatların həyata keçirilməsində, şəxsi heyətin milli dövlətçiliyə sədaqət və vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük xidmətləri olub.
General-mayor Məhəmməd Abbasquliyevin Vətən qarşısında xidmətləri yüksək qiymətləndirilib. O, xidməti fəaliyyətində əldə etdiyi nailiyyətlərə görə “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordenlər, Azərbaycan Respublikasının və xarici dövlətlərin 12 medalı ilə təltif edilib.
Allah rəhmət eləsin!
Modern.az