Modern.az

İxtisas seçimi gələn həftə başlayır: Keçid balları artacaq - AÇIQLAMA

İxtisas seçimi gələn həftə başlayır: Keçid balları artacaq - AÇIQLAMA

Təhsil

29 İyul 2024, 13:40

Azərbaycanda artıq qəbul imtahanlarının bütün mərhələləri başa çatıb. Yekun nəticələrə görə, 2 nəfər maksimum - 700 bal toplayıb. Avqustun 9-da ixtisas seçimi başlayacaq.

 

Əvvəlki illə müqayisədə bu il plan yerlərinin sayı artırılıb. Bu il 60 mindən artıq abituyentin tələbə adını qazanacağı ehtimal edilir. Plan yerlərinin sayı artsa da, ekspertlər rəqabətin daha güclü olacağını düşünür.

 

Modern.az qəbul imtahanlarının yekunu ilə bağlı təhsil ekspertlərinin rəylərini öyrənib.

 

"III ixtisas qrupunda rəqabət daha gərgin olacaq"

 

Elçin Əfəndi bildirib ki, 9-19 avqustda həyata keçəcək ixtisas seçimi prosesində abituriyentlər daha diqqətli olmalıdırlar.

 

"Onlar kortəbii formada seçim etməməlidir, əmək bazarında ehtiyac yaranan ixtisaslar üzrə təhsil almaqları məqsədəuyğundur. Bu, onların gələcəkdə öz kariyeralarını qurub əmək fəaliyyətlərini inkişaf etdirmələri üçün vacibdir. Eyni zamanda ixtisaslaşma dövründə yaxşı olar ki, ailə büdcəsi imkan verdiyi halda ödənişli əsaslarla təhsilə üz tutsunlar. Bu il təxminən 60 minə yaxın plan yeri ayrılıb. Bu yerlərin təqribən 28 minə qədəri dövlət sifarişli yerlərdir. Demək olar ki, ayrılan yerlərin yarısı dövlət sifarişlidir. Bu da o deməkdir ki, abituriyentlərin dövlət sifarişli yerlərə qəbul olmaq şansı daha yüksəkdir”.

 

Ekspert qeyd edib ki, ən gərgin vəziyyət III ixtisas qrupundadır:

 

“Burada öncəki illərdə 450 baldan yuxarı formalaşan keçid ballarında kifayət qədər artım olacaq. O cümlədən I ixtisas qrupunun RK alt qrupunda da vəziyyət o qədər də yaxşı deyil. IV ixtisas qrupunda da 500 baldan yuxarı ixtisaslarda keçid ballarının artımını müşahidə edəcəyik. V ixtisas qrupunda da buraxılış imtahanlarının nəticələrinə əsasən deyə bilərik ki, bəzi ixtisaslarda maksimum 6-7 bala qədər artım olacaq. Ən yaxşı vəziyyət II ixtisas qrupunda olacaq. Burada 450 bala qədər vəziyyət yaxşıdır. Daha yuxarı ballı ixtisaslarda isə rəqabət mühiti gərgindir. Nəzərə alsaq ki, 4 ixtisas qrupu üzrə təxminən 85 min, V ixtisas qrupu üzrə isə 10 mindən artıq abituriyent var, birinci turda plan yerləri 52 min həddində dola bilər. Qalan plan yerləri isə ikinci turda yenidən müsabiqəyə çıxarılacaq. Bu proses də yəqin ki, avqustun sonuna təsadüf edəcək”.

"İdman və dizayn yönümlü ixtisaslarda balların artacağı gözlənilir"

 

Ekspert Rizvan Fikrətoğlu qeyd edib ki, növbəti mərhələ üçün abituriyentlərə “Abituriyent-4” jurnalı və statistika jurnalı lazım olacaq:

 

“Statistika dediyimiz jurnal müəyyən bal aralığında olan abituriyentlərin sayını göstərir. Məsələn III ixtisas qrupunda 500-550 arası bal toplayan abituriyentlərin sayını göstərir. "Abituriyent-4" jurnalında isə plan yerləri qeyd ediləcək. Burada dövlət sifarişli və ödənişli plan yerləri göstəriləcək. Həmçinin universitetlərin təhsil haqqı da burada qeyd olunacaq. Məlum məsələdir ki, bir çox universitetlərdə təhsil haqqı artırılıb. Bununla yanaşı ixtisas kodları da bu jurnalda yer alacaq. İxtisas kodu seçim zamanı daxil etdiyimiz kodlardır. Ümumiyyətlə bilirik ki, III ixtisas qrupunda və V ixtisas qrupunda nəticələr yüksəkdir. İdman və dizayn yönümlü ixtisaslarda balların artacağı gözlənilir. Hələ ki, statistika jurnalını görmədiyimiz üçün tam olaraq balların hansı istiqamətdə formalaşacağını dəqiq demək mümkün deyil. Dediyim kimi I, III və V ixtisas qrupunda, eyni zamanda IV ixtisas qrupunda tibb ixtisasında balların artacağı gözlənilir”.

 

O bildirib ki, ötən illə müqayisədə bu ilin nəticələri daha yaxşıdır: “Buraxılış və qəbul imtahanlarında da yüksək nəticələr əldə edildi. Amma yüksək nəticələrin olması o demək deyil ki, birmənalı şəkildə keçid balları artmalıdır. Balların artması təkcə nəticənin yüksək olmasına görə deyil, plan yerinə görə də müəyyən olunur. Bu il plan yeri də artırılıb. Bu da balların çox da artmayacağını göstərir. Ballarda gözlənilməz tempdə artım müşahidə etməyəcəyik. Seçim zamanı abituriyentlər öz istədikləri ixtisasları yazmağa başlasınlar. Çünki DİM ali məktəblərə qəbul zamanı kodlaşma zamanı 15 yer verir. Biz birinci yerə nə yazırıqsa o yoxlanır, uyğun gəliriksə qəbul oluruq. Sonra növbəti yerlər yoxlanır. Bu yerləri 3 hissəyə ayırmaq olar. İlk 5 yerə balınızdan yüksək olan, ikinci 5 yerdə balımıza yaxın, son 5 yerdə isə balımızdan aşağı yerləri kodlaşdıraraq qəbul olmaq şansını əldə edirik. Bu 15 yerin heç birində istəmədiyimiz ixtisası yazmamalıyıq. Çünki bu bizə uğur gətirməyəcək. Biz o ixtisası oxuyanda problemlə qarşılaşacağıq. Ona görə də bu yerlərin hər birində mütləq şəkildə istədiyimiz ixtisaslar yer almalıdır”.

"Rəqabət daha çox III və IV qruplarda gərgin keçəcək"

 

Ekspert Elçin Muradın sözlərinə görə, ikinci cəhd imtahanlarının nəticələri həm II və III, həm də I və IV ixtisas qruplarında birincidən daha zəif oldu:

 

“Buraxılış imtahanlarında sualların bu qədər asan olması yaxud yüksək bal toplayan abituriyentlərin çoxluq təşkil etməsi blok imtahanlarına istər-istəməz mənfi təsir edəcəkdi. Blok imtahanlarını buraxılış imtahanları yaxud ötən illərdə olduğu kimi salsaydılar, bu gün nəticələr əsasında böyük rəqabət başlayacaqdı. Ona görə də blok imtahanlarını nisbətən çətinləşdirdilər ki, balans nisbətən qoruna bilsin. Hər kəs ümidini ikinci cəhd imtahanına bağlamışdı. Amma əksinə olaraq iyulda verilən ikinci cəhd imtahanları mayda verilən birinci cəhddən daha çətin oldu. Ona görə də 30-40% abituriyet ümumi nəticənin 100 ballıq şkalanı keçə bilmədi. Bu səbəbdən imtahan nəticələrinə əsasən proqnozlaşdırmaq olar ki, abituriyentlərin əksəriyyəti buraxılışdan yüksək bal topladıqları üçün V ixtisas qrupunda güclü rəqabət olacaq”.

 

O vurğulayıb ki, kollleclərin seçimində də güclü rəqabət olacağı gözlənilir:

 

“Xüsusilə də 400-dən yuxarı bal toplayan şagirdlər arasında rəqabət gözlənilir. Rəqabət daha çox III və IV qruplarda gərgin keçəcək. Yəni 200-300 ballıq ixtisaslarda rəqabət ötən illərdəki kimi olacaq. Bu dediklərimiz hazırda özünü tam əks etdirmir. Çünki Dövlət İmtahan Mərkəzinin (DİM) dəfələrlə vurğuladığı kimi statistika jurnalı nəşr olunmadan balların hansı templə artıb azalacağını dəqiq demək mümkün deyil. Məsələn ötən il 350-360 bal toplayan 2000 nəfər olubsa və bu il həmin say 2500-ə yüksəlibsə, bu o deməkdir ki, ballar artacaq. Yaxud say artmayıbsa deməli ballarda artım olmayacaq. Keçən il 2000 nəfər, bu il 1800 nəfər olubsa deməli ballar enəcək. Bunların hamısı statistika jurnalı və “Abituriyent-4” jurnalında əks olunan plan yerləri əsasında məlum olacaq. Ümumi olaraq ortaya belə bir məsələ qoyuruq ki, bu il ötən ilə nisbətən buraxılış imtahanlarında göstərilən yüksək nəticəyə görə istənilən qrupda rəqabət daha güclü olacaq. Bu il aşağı bal toplayan abituriyentlərin çox hissəsi kəsiləcək”

Twitter
Sizə yeni tvit var
Keçid et
Komandolar 30 dəqiqəyə düşməni darmadağın edib - ŞOK FAKTLAR