“Məktəblərdə vakansiyaların gizlədilməsi halları mümkün ola bilər”.
Modern.az xəbər verir ki, bunu İnsan Resursları Mərkəzinin şöbə müdiri Muxtar Hacıyev qurumun feysbuk səhifəsində sualları cavablandıran zaman deyib.
O vətəndaşlara çağırış edərək qeyd edib ki, belə halla qarşılaşdıqları zaman agentliyə dəqiq məlumat versinlər: "Bəzən bizə müraciət edirlər ki, filan bölgədə vakansiya gizlədilir, gedin araşdırın. Yaxşı olar ki, vətəndaşlar vakansiyanın gizlədildiyi məktəb və hansı fənn olduğunu dəqiq şəkildə bizə çatdırsınlar. Yalnız bölgə adı çəkərək bizim araşdırmamızı tələb etmələri düzgün deyil. Əgər məktəb barədə ətraflı məlumat verilərsə, bu hall araşdırılır və qanun çərçivəsində müvafiq addımlar atılır”.
Şöbə müdiri bildirib ki, vakansiya seçimi mərhələsində 3 minə yaxın yer seçilməyib:
"İl boyunca 17- 18 minə qədər vakansiya da təqdim olunur. 3 minə qədər vakansiyanın seçilməməsinin səbəbi isə adətən məktəblərin mərkəzlərə uzaq yerlərdə yerləşməsi ilə əlaqələndirilir. Lakin bu məktəblərdə də ixtisas üzrə müəllimlərin təmin edilməsi üçün biz o, vakansiyaları təkrarən seçimə təqdim etməliyik".
"Bizim əsas vəzifəmiz məktəblərdə müəllim çatışmazlığının aradan qaldırılmasıdır. Əvvəl-axır o yerlər seçilməlidir. Lakin məsələ burasındadır ki, namizədlər həmin yerləri seçmirlər. Bu səbəbdən də həmin yerlər növbəti illərdə də vakansiyaya çıxarılır. Onu da qeyd edim ki, həmin vakant yerlər seçilmədiyi təqdirdə belə biz o məktəbləri müəllimsiz qoymuruq. Saat hesabı və ya müddətli müqavilə ilə həmin məktəblərə müəllimlər cəlb olunurlar", - o əlavə edib.
Xatırladaq ki, müsabiqənin vakansiya seçimi mərhələsi bu gün başa çatıb. Namizədlər 31 iyul saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq seçim edə bilirdilər.
Vakansiya seçimi 5 avqust saat 11:00-dək davam edib. Qeyd edək ki, test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılmışdılar.
Namizədlərə 8 vakant yer seçmək imkanı yaradılıb. Yaxın 2-3 gün ərzində vakansiya seçiminin nəticələrinin açıqlanacağı gözlənilir. Elm və Təhsil Nazirliyinin məlumatına görə, bu il MİQ-in vakansiya seçimi mərhələsində 10500 vakant yer təqdim edilib.