Azərbaycanda məktəblərin açılmasına 1 aya yaxın vaxt qalıb. Bu gün Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məktəbli formalarının satış ünvanlarını açıqlayıb. 130-dan artıq ünvanda valideynlər bu formalardan ala bilər.
Hazırda Bakıda forma istehsalı ilə məşğul olan bir neçə fabrik olsa da, saxta formaların çoxluğu vətəndaşlarda çaşqınlıq yaradır. Valideynlər bir çox hallarda saxta formanı orjinaldan ayırd etməkdə çətinlik çəkir. Həmçinin formaların qiymətləri də ictimaiyyəti düşündürən əsas məsələlərdən biridir.
Modern.az mövzu ilə bağlı Bakı Tikiş Evinin şöbə müdiri Etibar Əzimovla həmsöhbət olub.
Onun sözlərinə görə, bu günə qədər ölkədə 140 mindən çox məktəbli forması tikilib:
“Lazım olsa bir o qədər də tikməyə hazırıq. Tikişlər sifarişlə həyata keçirilir. Mövsümün sonunda nə qədər formanın çatışıb-çatışmadığı bilinəcək. Bizimlə birlikdə 4 fabrik də məktəbli forması tikişi ilə məşğul olur. Onlar da lazımi sayda istehsal edir".
Etibar Əzimov bazardalarda saxta formaların olduğunu bildirib. "Sədərək və Binə ticarət mərkəzlərində Azərbaycanı 10 il forma ilə təmin edəcək saxta forma var. Rayonlara da bu saxta formalar göndərilir. Biz rayonlarda mağaza açsaq da, maraq göstərən olmur. Valideynlər ancaq ucuz mal istəyir ona görə də saxta formalara üz tuturlar”.
Məktəbli formalarının qiymətlərinə toxunan direktor bu il 20% ucuzlaşma olduğunu vurğulayıb:
“Şalvar və ətəklərin qiyməti 25 manatdan 20 manata endirilib. Bunun səbəbi saxta formaların bazarda çox olmasıdır. Saxta formalar 17-18 manata təklif edilir. Biz də vətəndaşların keyfiyyətli forma ala bilməsi üçün qiymətlərdə endirim etdik. Bizim istehsal etdiyimiz formanın parçası 10 dollardır, bu da 17 manat edir. Digər xərcləri də əlavə etdikdə ətək yaxud şalvar bizə 18.5-19 manata başa gəlir. Polo köynəklərin qiyməti isə 15 manatdır”.
O, satışda 26-54 ölçü aralığında məktəbli formalarının olduğunu vurğulayıb. E.Əzimov vurğulayıb ki, saxta formalarla bağlı əvvəllər İqtisadiyyat Nazirliyinə, prokurorluq orqanlarına, Daxili İşlər Nazirliyinə müraciət edilib.
“Burada iş valideynlərə qalır. Valideynlər baxan kimi formanın saxta olmadığını anlaya bilər. Burada hansısa analizə ehtiyac yoxdur. Məhsulu əlinə alıb materialına baxan kimi anlamaq olur. Təbii ki, zirzəmidə istehsal olunan məhsulla fabrikdə istehsal olunan məhsul fərq edir. Bizdə məktəbli köynəyi 15 manatdır, saxta formalar isə 11-12 manatdan satılır. Həmin formalar bir dəfə yuyulduqdan sonra yararsız hala düşür. Valideynlərə səslənərik ki, təsadüfi yerlərdən forma almasınlar. Ancaq fabrik istehsalı olan formaları əldə etsinlər. Bizim satış mərkəzlərimizin hamısının siyahısı sosial şəbəkə hesablarımızda və veb saytımızda mövcuddur. Ən uzaq yerlərdə satış məntəqələrimiz var. Qaradağda, Maştağada, Sumqayıtda, Mərdəkanda, Şüvəlanda da məhsullarımız satılır. Məhsullarımıza 1 il zəmanət veririk. Əgər bir il ərzində parçada kənar müdaxilə (cırılma, yanma, sökülmə, deşilmə) olmadan materialda bir problem (rəngin solması, tiftiklənmə olması) yaranarsa məhsulu dəyişirik. Ancaq bu günə qədər belə bir hal baş verməyib”.